İlin birinci yarısında 1,6 min nəfərə yaxın gənc peşə hazırlığına cəlb edilib

Tarix : 2018/07/06 22:23     Kateqoriya : SOSİAL    


	İlin birinci yarısında 1,6 min nəfərə yaxın gənc peşə hazırlığına cəlb edilib

Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1587 nəfəri əmək bazarında rəqabətqabiliyyətli peşələr üzrə hazırlıq və əlavə təhsil kurslarına cəlb edib. Onlardan 1501 nəfər üçün nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, kurslarda modul tədris proqramlarından istifadə olunmaqla dülgər-xarrat, əməliyyatçı mühasib, elektrik-qaz qaynaqçısı, kompüter istifadəçisi, avtomobil təmiri üzrə çilingər, qənnadçı, dərzi, bərbər, xalçaçı, ofisiant, toxucu, tornaçı, mebel quraşdırıcısı və s. peşələr öyrədilib.

İlin birinci yarısında 86 gənc nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub. Mərkəzdə həmin gənclər müxtəlif peşələr üzrə bilik və bacarıqlara yiyələnməklə yanaşı, peşə təlimi müddətində onların sosial reabilitasiya yönümlü müxtəlif tədbirlərə cəlb olunması, tətbiqi sənətlə məşğul olanların əl işlərindən ibarət sərgilərin təşkili və s. işləri də aparılır.

Gənclərin əmək bazarının tələblərinə uyğun peşə və ixtisas seçiminə dəstək məqsədilə Dövlət Məşğulluq Xidməti bu ilin yanvar-iyun aylarında keçirilən peşəyönümü tədbirlərinə əksəriyyəti yuxarı sinif şagirdləri olan 69,2 min nəfər gənc cəlb edib. Onlara əmək bazarında peşə və ixtisaslara olan tələbat, məşğulluq xidmətləri barədə məlumatlar və peşəyönümü məsləhətləri verilib.