Biləcəri Bələdiyyəsində Milli Mətbuat Günü qeyd edilib

Tarix : 2018/07/21 13:06     Kateqoriya : SOSİAL    


	Biləcəri Bələdiyyəsində Milli Mətbuat Günü qeyd edilib

Binəqədi rayon Biləcəri Bələdiyyəsində 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib.

«Fakt-Araşdırma»-nın məlumatına görə, görüşdə Binəqədi rayon icra hakimiyyətinin nümayəndəsi, ictimaiyyət və mətbuat təmsilçiləri iştirak ediblər.

Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev əlamətdar gün münasibətilə media nümayəndələrini təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

H. Quliyev bildirib ki, böyük ziyalı Həsən bəy Zərdabinin redaktorluğu ilə 1875-ci il iyulun 22-də nəşrə başlayan “Əkinçi” qəzeti ilə milli mətbuatımızın əsası qoyulub. Bu qəzet vasitəsilə Həsən bəy Zərdabi əqidə dostları Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Əsgərağa Gorani, Seyid Əzim Şirvani və başqa şəxslərlə cəhalətə qarşı mübarizə aparıb, millətin savadlanması, qadınların hüquqlarının qorunması istiqamətində yazılarla çıxış edib. Qeyd olunub ki, sonrakı dövrlərdə də milli mətbuatımız həm tərəqqi, həm də tənəzzül dövrləri yaşayıb, müxtəlif siyasi quruluşlarda dövlətə, xalqa xidmət etməyin nümunələrini göstərib.

H. Quliyev ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin milli mətbuatımızın yüksəlişi və tərəqqisi uğrunda gördükləri işləri faktlarla mərasim iştirakçılarının diqqətinə çatdırıb.

H.Quliyev Binəqədidə aparılan quruculuq işlərindən, bələdiyyələrin hazırkı vəziyyətindən və bu sahənin inkişafı istiqamətində qarşıda olan prioritet vəzifələrdən söz açıb.

Tədbirin sonunda jurnalistlərə Biləcəri bələdiyyəsi “Fəxri Fərman”ları təqdim edilib, xatirə şəkli çəkilib.

Xəyalə Süleymanqızı