Hər bir cəmiyyətin xoşbəxt sabahı onun qadınlarından asılıdır

 

Tarix : 2018/09/29 12:18     Kateqoriya : SOSİAL    


	Hər bir cəmiyyətin xoşbəxt sabahı onun qadınlarından asılıdır

	 

Azərbaycan qadını dövlətin dayaq sütunu, cəmiyyətin bəzəyi, tərəqqinin əsas stimulverici qüvvəsi ailənin döyünən ürəyidir

Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, həyat ola bilməz. Azərbaycanda qadınlar da öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə dünya qadınları içərisində özünəməxsus yer tuturlar. Ona görə biz qadınlarımızla fəxr edirik”.

Ümummilli Lider Heydər Əliyev

Adətən qadınlar dünya sivilizasiyasının əsasının qoyucusu, idaretmə ocağının özülü olan evin, ailənin yaradıcısı hesab edilir. Bu baxımdan ta qədimlərdən Azərbaycan qadınları dövlətçilik tarixində, dövlətin hərtərəfli inkişafında, ictimai-siyasi mühitin formalaşmasında, bütün dünyaya örnək olan ailə mədəniyyətinin, xüsusi ailə adət-ənənələrinin qorunub saxlanılmasında, yaşadılmasında və bu günlərə gəlib çatmasında xüsusi və əhəmiyyətli rol oynayıblar. Uzun illərdir ki, Azərbaycanda demokratik cəmiyyətin qurulmasında, maarifçiliyin geniş yayılmasında, əhalinin maarifləndirilməsində, vətəndaş cəmiyyətinin inkişafında və ölkəmizin qazandığı çoxsaylı uğurlarda qadınların xüsusi yeri var. Milli dövlətçilik anlayışının keşiyində duran qadınlarımız həmişə dövlətə, dövlətçiliyə, milli məfkurəyə bağlı olub, onun üçün mücadilələr veriblər. Bu gün də qadınlarımız sözügedən ənənəni davam etdirirlər. Dövlətimizə, dövlətçiliyə bağlılıq, dövlət quruculuğunda iştirak etmək ənənəsini, missiyasını müasir qadınlar çox uğurla daşıyır.

Aslanın erkəyi, dişisi olmaz

Vurğulamaq yerinə düşər ki, Azərbaycan tarixi təkcə mərd ərənlərimizin, igid oğullarımızın deyil, həm də qəhrəman qadınlarımızın çoxsaylı şücaətləri ilə də zəngindir. Çünki tarixi faktlardan bəllidir ki, qadınlarımız arasında hökmdarlar, diplomatlar, ictimai-siyasi xadimlər, hətta sərkərdələr və döyüşçülər də olub. Tədqiqatçılar yazırlar ki, Azərbaycanda qadın fəallığı ənənələrinin tarixi kifayət qədər rəngarəngdir. Azərbaycanın zəngin tarixi qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material verib. Belə ki, orta əsrlər Azərbaycan qadını gözəl ana olmaqla yanaşı, klassik poeziyanın ən gözəl nümunələrini yaradıb, at belində qılınc çalıb, dövlət idarəçiliyində öz sözünü deyib. Qədim yazılı abidəmiz olan “Kitabi-Dədə Qorqud”da Burla Xatun, Banu Çiçək, Selcan Xatun kimi kişilərlə qoşa yay çəkən, qurşaq tutub güləşən, cıdırda öndə gedən qəhrəman qadınlarımız haqqında məlumat verilib. Tarixi faktlara görə, Massaget hökmdarı Tomris İran şahı Kirin Azərbaycana hücumunun qarşısını alıb, böyük hünər, ağıl və mətanət göstərib.

Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində qeyd olunub ki, Bərdə hökmdarı Nüşabə böyük fateh makedoniyalı İsgəndərlə görüşüb, öz müdrikliyi və dərin ağlı ilə onu sülhə çağırıb, dünya malı üçün qan tökməkdən çəkindirib.

XIII əsrin əvvəllərində Xarəzmşah Cəlaləddinin Azərbaycana təcavüzü zamanı Atabəylər dövlətinin sonuncu hökmdarı Müzəffərəddin Özbək Əlincə qalasına qaçıb. Onun Təbrizdə qalan arvadı Mehrican Xatun 1225-ci ildə təbrizli Şəmsəddinlə birlikdə Təbriz, Xoy, Naxçıvanın işğaldan azad olunmasında igidliklə vuruşub, böyük hünər göstərib.

Atabəy Şəmsəddin Eldəgizin xanımı, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın anası Möminə Xatun ərinin və oğlanlarının hakimiyyətləri dövründə böyük siyasi nüfuza malik olub və vəfatından sonra onun şərəfinə türbə ucaldılıb.

1776-cı ildə Dərbənd şəhərini idarə etmək Quba xanı Fətəli xanın arvadı Tuti Bikəyə tapşırılıb. O, ərinin döyüşdə öldürülməsi barədə şayiələrə inanmayaraq şəhəri sonadək müdafiə edib, 9 ay düşməni Dərbəndə yaxın buraxmayıb.

Bu cür tarixi faktları, tarixi həqiqətləri sadalamaqla bitməz.

Azərbaycanda qadınlara 100 il əvvəl seçki hüququnun verilməsi mühüm tarixi hadisədir

Hər birimizə məlumdur ki, Azərbaycan qadınının 100 illik seçmək təcrübəsi var, onlar uzun illərdir namizəd kimi də fəallıq göstərir, seçkili orqanlara seçilirlər. O da bəllidir ki, Şərqdə ilk dəfə Azərbaycan qadınları səs vermək hüququ əldə edib. Azərbaycan qadınları cəmiyyətimizin tamhüquqlu üzvləridir, ölkənin hər sahəsində fəal iştirak edirlər, istər ailədə, istər cəmiyyətdə, istərsə də dövlət həyatında rolları böyükdür. Azərbaycan dövlətinin həyata keçirdiyi qadın siyasəti öz uğurlu bəhrəsini verir.

Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilarə Seyidzadə jurnalistlərə açıqlamasında bildirib ki, müsəlman Şərqində qadınlara seçki hüququ ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 100 il əvvəl verilib. Bunun mühüm tarixi hadisə olduğunu qeyd edən Dilarə Seyidzadə xatırladıb ki, hələ 1907-ci ildə Dövlət Dumasında iştirak edən azərbaycanlı nümayəndələr qadınlara seçki hüququnun verilməsi ilə bağlı məsələ qaldırmışdılar: «Təsadüfü deyildi ki, Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin ilk addımlarından biri də qadınlara seçki hüququnun verilməsi olub».

Azərbaycan qadınlarının cəmiyyətimizin həyatında rolu yüksəkdir

 YAP Qadınlar Şurasının sədr müavini, Milli Məclisin deputatı Sevinc Hüseynova müsahibələrindən birində vurğulayıb ki, qadınlar tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynayıblar. Azərbaycan qadını həmişə öz iradəsi və mərdliyi, sədaqəti, ailəyə, milli mənəvi dəyərlərimizə bağlılığı ilə cəmiyyətimizin həyatında, Azərbaycan dövlətçiliyinin güclənməsində, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayıb: «Tarixin bütün dövrlərində qadınlarımız həm sədaqətli, ləyaqətli həyat yoldaşı, həm görkəmli ictimai xadim, həm də təmsil olunduğu sahədə özünü peşəkar mütəxəssis kimi təsdiq edib, kişilərlə çiyin-çiyinə mübarizə aparıb».

Deputat vurğulayıb ki, Ümummilli lider Heydər Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamaqla qadınların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına çalışıb. Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması üzrə çox mühüm addımlar atılıb, müvafiq qərarlar qəbul olunub: «Bu qərarların müəllifi də Ulu öndər Heydər Əliyev olub. İlk olaraq, Azərbaycan bütün mühüm beynəlxalq sənədlərə, o cümlədən 1995-ci ildə «Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması» üzrə Konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulub. Məhz Ulu öndərin Sərəncamı ilə 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. 1998-ci ildə həmçinin, «Azərbaycanda qadınların rolunun artırılması haqqında» Sərəncam imzalanıb.

Ulu öndərin 6 mart 2000-ci il tarixdə «Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında» Fərmanı isə respublika qadınlarına 8 Mart bayramı qabağı önəmli hədiyyə oldu. Fərmanda respublikanın  bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması, Dövlət Statistika Komitəsinə Qadın Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə standartlara cavab verən statistik məlumatın hazırlanması, Nazirlər Kabinetinə ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərini rəhbər tutaraq qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılması, qaçqın və məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi məqsədi ilə onların münasib işlə təmin edilməsi proqramının hazırlanıb həyata keçirilməsi, qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər və əlavələr edilməsi üçün təkliflər verilməsi haqqında tapşırıqlar verilməsi Ulu öndərin qadınlara böyük diqqəti idi. Eləcə də, «Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı» və digər sənədlər dövlət qadın siyasətinin uğurla həyata keçirilməsi prosesində mühüm amil olub».

Onun dediyinə görə, Ümummilli liderimizin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizdə qadın siyasətinin həyata keçirilməsində də mütərəqqi nailiyyətlər əldə olunub. Azərbaycanda məqsədyönlü gender siyasəti həyata keçirilir və bu sahəyə aid xüsusi dövlət proqramı qəbul olunub. Bu isə bir daha onu göstərir ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev bu sahəyə böyük diqqət  və qayğı göstərir: «Bu gün cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasət uğurla həyata keçirilir. Ölkəmizin iştirakçısı olduğu BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının müddəalarının milli qanunvericiliyə şamil olunması və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi istiqamətində mühüm işlər görülməkdədir. Bunun üçün mükəmməl və zəruri normativ-hüquqi baza yaradılıb, müvafiq təsisatlar fəaliyyətə başlayıb».

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin qərarı  ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Dövlət Komitəsi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır və bu yöndə böyük uğurlara imza atır:  «Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində həyata keçirilən davamlı tədbirləri yüksək dəyərləndirilməlidir. Görülən  bu  işlər dövlətimizin siyasi iradəsinin təzahürüdür. Həyata keçirilən səmərəli gender siyasətinin Azərbaycanda qadınların ictimai-siyasi fəallığının daha da artmasına, onlara həyatın bütün sahələrində tam bərabər imkanlar açmasına möhkəm zəmin yaradır. Bu gün Azərbaycan qadını ölkəmizin milli maraqlarının qorunması, xalqımızın adət-ənənələrinin, dəyərlərimizin dünyada təbliğ olunması istiqamətində ciddi iş aparırlar. Bu baxımdan, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti, gördüyü işlər hər birimiz üçün örnək təşkil edir. Tam məsuliyyətlə söyləyə bilərik ki, bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Statistik rəqəmlər də bu fikri özündə ehtiva edir. Belə ki, Azərbaycanda qadınların üstünlük təşkil etdiyi sahələr içərisində səhiyyə, təhsil və mədəniyyət ön sıralardadır. Eləcə də, dövlət idarəetmə strukturlarında, seçkili orqanlarda, yerli özünüidarəetmə qurumlarında da qadınların təmsilçiliyi artmaqdadır.  Bu məqamlar Azərbaycan qadınlarının cəmiyyətdə fəallığının artırılması və ümumiyyətlə, onların vəziyyətinin yaxşılaşdırılması məsələlərinə göstərilən yüksək qayğının əyani təzahürüdür».

Qazandığımız uğurlarda Azərbaycan qadınının rolu əvəzsizdir

Milli Məclisin deputatı Rafael Cəbrayılov KİV-də dərc etdirdiyi məqaləsində qeyd edib ki, Azərbaycanda qadın fəallığı ənənələrinin tarixi kifayət qədər rəngarəngdir: massagetlərin məğrur hökmdarı Tomris, qəhrəman qadın hökmdar Nüşabə, Şirvana hücum edən Krım xanının qoşunlarını məğlub etmiş Heyran Nisə Bəyim, orta əsrlər tariximizdən Qızıl Arslanın xanımı Qətibə xanım, orta əsrlər dövründə qadının həyat yoldaşı seçimində azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gəncəvi, qoca Şərqin ilk diplomat qadını Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu, mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradıcısı Fətəli xanın həyat yoldaşı Tuti Bikə, Şuşada ilk ədəbi məclis yaratmış Xurşudbanu Natəvan və adları unudulsa da, fəaliyyətləri əfsanəyə çevrilərək təfəkkürümüzə hopan neçə-neçə Azərbaycan qadını haqqında düşüncələr bu rəngarəng palitranı daha da əlvanlaşdırır: «Tarixin konkret dönəmlərində Nigar, Həcər kimi qadınlar həm də mərdlik, şücaət, qəhrəmanlıq mücəssəməsi kimi qəbul edilmiş, döyüş meydanlarında kişilərin yaxın silahdaşları, arxa-dayağı olmuşlar. Uzağa getməyək, elə Qarabağ müharibəsinin gedişində də qadınlarımız kifayət qədər böyük qəhrəmanlıqlar, mərdliklər göstərmşlər. Xalqımız Salatın Əsgərova, Gültəkin Əsgərova kimi qəhrəman qadınlarla bu gün də qürur duyur, onların xatirəsini əziz tutur».

Müəllif yazıb ki, 1918-ci ildə seçki hüququ qazanan Azərbaycan qadını XX əsrdə bir neçə əsrə bərabər inkişaf yolu keçmişdir. Xalqın maariflənməsi, mədəniyyətimizin yüksəlişi və müasir iqtisadiyyatımızın qurulmasında o, daim yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirmişdir. Cəmiyyətimizdə qadınlara göstərilən yüksək ehtiram mədəniyyət, elm, təhsil, səhiyyə və digər istiqamətlərdə onlara bilik və bacarıqlarını gerçəkləşdirmək üçün əlverişli zəmin yaratmışdır: «Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir. Beynəlxalq hüquqi aktlarda və konvensiyalarda əksini tapmış əsas insan hüquq və azadlıqlarının geniş şəkildə təsbit olunduğu bu Konstitusiyada qadınların cəmiyyət həyatındakı yeri və rolu, qadın siyasətinin fundamental prinsipləri də əksini tapmışdır. Əsas Qanunda gender məsələsi ilə bağlı bütün problemlərin qanunvericilik və hüquq tətbiqi səviyyəsində həllini tapması üçün zəruri hüquqi baza mövcuddur. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsinin 2-ci hissəsində göstərilir: «Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır».

Konstitusiyanın qəbulundan sonra respublikamızda kişi və qadın bərabərliyinin təmini, gender balansının qorunması istiqamətində də mühüm addımlar atılmışdır. Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur.

2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər) təsdiq edilmişdir. Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın probleminə daim diqqət yetirilməsi, qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının hazırlanması öz əksini tapmışdır.

Müstəqil respublikamızda qadın hüquqları bu gün də etibarlı şəkildə qorunur, yüksək səviyyədə müdafiə edilir. Prezident İlham Əliyevin 2006-cı il 6 fevral tarixli sərəncamı ilə gender sahəsində vahid dövlət siyasətini həyata keçirən komitənin adı dəyişdirilmiş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. Bu təşkilatın ümumən Cənubi Qafqazda gender sahəsində fəaliyyət göstərən yeganə dövlət strukturu olduğu da xüsusi qeyd olunmalıdır.

Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında 2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş «Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında» Azərbaycan Respublikasının Qanunu da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapmışdır. Qanunun əsas məqsədi kişi və qadınlar üçün ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır».

Deputat məqaləsində qeyd edib ki, hazırda ölkədə 100-ə yaxın qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərir. Ölkə rəhbərliyinin vətəndaş cəmiyyətinin inkişafına hərtərəfli dəstək verməsi qeyri-hökumət təşkilatları şəbəkəsinin genişlənməsi üçün də etibarlı zəmin formalaşdırır. Bu baxımdan 2007-ci ilin dekabrında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması haqqında fərman böyük əhəmiyyət kəsb edir. Şuranın fəaliyyətinin mühüm bir istiqamətinin də ailə, qadın və uşaq məsələlərinə yönəlməsi dövlətin bu sahəyə xüsusi diqqətinin ifadəsidir: «Gender siyasətinin tələblərinə uyğun olaraq ölkədə qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunmuş, bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılmışdır. Azərbaycan qadını bu gün Milli Məclisin sədr müavini, insan hüquqları üzrə müvəkkil, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Konstitusiya Məhkəməsinin sədr müavini kimi və s. kimi yüksək postlarda təmsil olunur. Ölkə parlamentində 14 qadın deputat fəaliyyət göstərir. Respublika üzrə 30-dək rayonda icra hakimiyyəti başçılarının müavinləri qadınlardır. Minlərlə Azərbaycan qadını müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarında rəhbər vəzifələrdə çalışır».

Azərbaycan qadınları dövlətin diqqət qayğısını hər zaman hiss edir

«Qadın və Uşaqların Problemlərinin Araşdırılması» İctimai Birliyinin sədri

Kəmalə Məmmədova KİV-də dərc etdirdiyi məqaləsində qeyd edib ki, XX əsrin 60-cı illərinin sonlarından ölkəmizə rəhbərlik etməyə başlayan ulu öndər Heydər Əliyev qadın azadlığına və onların bütün sahələrdə irəli çəkilməsinə xüsusi diqqət ayırıb. Buna misal kimi ötən əsrin 70-ci illərinin sonlarında Azərbaycanda həkimlərin 62 faizini qadınların təşkil etdiyini göstərmək olar. O zaman Ali Sovetin deputatlarının 37 nəfərinin qadın olması da, demək olar ki, Şərq qadınına diqqətin, etimadın bariz nümunəsi idi: «Müqayisə üçün bildirək ki, o zamanlar ABŞ-da 12, İngiltərədə 26, Fransada 2, İtaliyada 33, İranda 7 qadın deputat var idi. Bu analogiya onu göstərir ki, Azərbaycanda qadınlarla bağlı siyasət hələ o zamandan başlayıb. Hələ o vaxt ulu öndər Heydər Əliyev ali məktəb və texnikumlarda təhsil alan qadınların sayının artırılmasına və onların elmlə məşğul olmasının stimullaşdırılmasına diqqət verməyi vacib məsələ kimi qarşıya qoyurdu. Bütün bunların nəticəsi idi ki, ötən əsrin sonlarında müstəqillik uğrunda aparılan mübarizədə, həmçinin torpaqlarımızın Ermənistan tərəfindən işğalının qarşısının alınmasında qadınların cəsarətini və mübarizliyini gördük. Bu mənada demək olar ki, həmişə sülhün, əmin-amanlığın carçısı olmuş Azərbaycan qadınları respublikada baş verən mürəkkəb ictimai-siyasi proseslərin gedişində daim milli dövlətçilik mövqeyindən çıxış ediblər».

QHT sədri yazıb ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövr qadınların qarşısında yeni məqsəd və vəzifələr qoydu. Bazar iqtisadiyyatının təşəkkül tapması, ölkəmizin müxtəlif sahələrində aparılan islahatlar, vətəndaş cəmiyyətinin formalaşmasında insanların fəallığının artırılması yolunda görülən işlər qadınların cəmiyyətdəki rolunun artırılmasını tələb edirdi. Bu baxımdan qeyd edilməlidir ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar və bərabər imkanların olmaması üzündən arzularımız çox vaxt gerçəkləşə bilmirdi: «Müstəqilliyimizin ilk illərində Azərbaycanda total xaosun hökm sürməsi qadınların həyat və fəaliyyətinə öz mənfi təsirini göstərmişdi. Lakin 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra bu sahədə ciddi dönüş yarandı. "Qadın böyük qüvvədir" deyən ulu öndər qadınlara xüsusi hörmət və münasibətini formalaşdırdığı qadın siyasətində ifadə etdi. Məhz müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı: «Ümummilli liderin 14 yanvar 1998-ci il fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini təsis etməsi isə görülən işlərin zirvə nöqtəsi oldu. Bununla qadınlara əlavə səlahiyyətlər verildi, birbaşa onların problemləri ilə məşğul olan dövlət qurumu yaradıldı. Bu sənəd hər bir mənada ölkəmizdə qadınların daha fəal olmasına, onların cəmiyyətin bütün sahələrində mühüm yer tutmalarına yüksək dövlət siyasətinin göstəricisi idi. 2000-ci ilin mart ayının 6-da ulu öndər Heydər Əliyevin «Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında» fərmanı da ölkədə qadın siyasətinin gerçəkləşməsinə xidmət edən məsələlərdən idi. Bununla da qadınlar cəmiyyətimizdə gedən demokratikləşmə proseslərindən istifadə edərək qısa bir müddətdə yeni dövrün tələblərinə uyğun qadın təşkilatları yaratdılar. Elə hazırda da yeni qadın təşkilatları formalaşır, mövcud təşkilatlar isə öz şəbəkəsini, fəaliyyət dairəsini genişləndirir.Bu gün Azərbaycan qadınının həyatımızın bütün sahələrində əldə etdiyi uğurlar, nümayiş etdirdiyi yüksək göstəricilər ölkəmizdə əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş qadın siyasətinin inkişafının sistemli şəkildə həyata keçirilməsinin məntiqi nəticəsidir. «Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir» deyən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmiyyətində qadınların rolunun yüksəldilməsi üçün hərtərəfli şərait yaradılır, Heydər Əliyev siyasəti ardıcıl həyata keçirilir».

Onun yazdğına görə, Ulu öndərin yolunu yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin etdi. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyev tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı: «Yeni qanunvericilik aktları, Azərbaycan Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, gender siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının, qeyri-hökumət təşkilatlarının fəaliyyəti bu sahədə böyük işlərin görüldüyünü əyani surətdə nümayiş etdirir. Azərbaycan qadını ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır. 2010-cu ildə keçirilən parlament seçkisinin nəticələrində də qadın millət vəkillərinin sayının artdığını müşahidə etdik. Bu uğurlar son bələdiyyə seçkilərində bir daha özünü qabarıq şəkildə göstərdi. Qadınların bələdiyyələrdə təmsilçiliyi 30 faizdən artıq oldu».

Azərbaycan qadınları bütün dünyaya örnəkdir

Azərbaycan qadınlarının ayrı-ayrı sahələrdə qazandıqları uğurlar beynəlxalq aləmdə də ciddi müzakirə mövzusuna çevrilib. Bu baxımdan da xarici KİV-lər Azərbaycan qadınlarının uğurları, fəaliyyətləri haqqında geniş məqalələr dərc etdirməkdə, yaymaqdadırlar. Məsələn, Amerikanın “Foreign Policy News” xəbər portalı siyasi icmalçı Covanni Visente Romeronun “Azərbaycan qadınları müsəlman ölkələrinə və bütün dünyaya örnəkdir” sərlövhəli məqaləsini yayıb.

 Müəllifin bu məqələsi Niderlandın nüfuzlu «Diplomat Magazine» jurnalında da dərc edilib.  Romero qeyd edir ki, 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin mütərəqqi hökuməti qadınların liberal və dünyəvi cəmiyyətin tamhüquqlu üzvü olması üçün hər cür şərait yaratmışdı. Tanınmış polyak-amerikan tarixçisi Tadeuş Svetoxovski “Rusiya Azərbaycanı (1905-1920)” kitabında yazırdı ki, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının qəbul etdiyi Müəssislər Məclisi haqqında Qanun etnik azlıqların və siyasi qrupların proporsional təmsilçiliyini və ümumi seçki hüququnu nəzərə almaqla, faktiki olaraq Azərbaycanı müsəlman dünyasında qadınlara siyasi hüquqlar verən ilk dövlətə çevirdi.  Ekspert yazır ki, beləliklə, Azərbaycan qadınları Avropanın bir çox inkişaf etmiş ölkələrində və Amerika Birləşmiş Ştatlarında olan həmcinslərindən daha əvvəl seçki hüququ əldə etdilər. Məsələn, ABŞ yalnız 1920-ci ildə - ölkə Konstitusiyasına 19-cu düzəlişi qəbul etməklə qadınlara analoji hüququ verdi.  1918-ci ildən etibarən zərif cinsin nümayəndələri Azərbaycanda tərəqqi simvolu olub və bu ənənə indi də davam edir. Romero qeyd edir ki, 2000-ci ilin martında Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalayıb. Bu sənəddə qadınların hökumətdə proporsional şəkildə, həmçinin bərabərlik əsasında biznes və iqtisadiyyatda iştirakının təmin edilməsi tapşırılıb.  Romero vurğulayır ki, yeni qanun Azərbaycan cəmiyyətində qadınların rolunun artırılması sahəsində tərəqqini təmin etdi. Hazırda Nazirlər Kabinetinin üzvləri arasında zərif cinsin nümayəndəsi də var, 125 deputatdan ibarət olan parlamentin isə 16 faizini qadınlar təşkil edir. Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə BMT Komitəsinin hesabatına görə, 2014-cü ildə qadınlar arasında işsizliyin səviyyəsi əvvəlki illərdəki 49 faizdən 5,9 faizə düşüb. 2015-ci ilin əvvəlində Azərbaycanda sahibkarların 18 faizini qadınlar təşkil edib. Azərbaycan qadınları ölkənin Silahlı Qüvvələrində də xidmət edirlər. Qadınlar üçün imkanların genişləndirilməsi siyasəti Azərbaycandakı azlıqlara da şamil olunur. Məsələn, Azərbaycan Ali Məhkəməsində vəzifə tutan qadınlardan birinin - Tatyana Aleksandrovna Qoldmanın yəhudi icmasının nümayəndəsi olması dövlət rəhbərliyinin etnik azlıqlara göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir.        

Azərbaycanda qadınların uğurlarından bəhs edən Romero istisna etmir ki, ölkədəki zərif cinsin nümayəndələri üçün ilham mənbəyi birinci xanım Mehriban Əliyevanın nümunəsidir. UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri olan Mehriban xanım Əliyeva 2004-cü ildə təsis edilmiş Heydər Əliyev Fondunun prezidenti kimi cəmiyyətdə mədəni və iqtisadi inkişafa, xüsusən gənc qadınların rolunun artırılmasına böyük töhfə verib. 2017-ci ildə Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib.
Fransanın “AgoraVox” portalında “Azərbaycan qadınının obrazı” sərlövhəli məqalə dərc olunub. Müəllif mürəkkəb geosiyasi məkanda yerləşən, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın dünyəvi ölkə olmasından, Bakıda məscid, kilsə və sinaqoqların yan-yana yerləşməsindən bəhs edib. Fransalı jurnalist ölkədə gender bərabərliyi, qadınların cəmiyyətdə yeri, onların hüquqlarının qorunması vəziyyətindən söz açıb, Azərbaycan qadınının bu sahələrdə digər müsəlman ölkələrin qadınlarına örnək olmasını diqqətə çatdırıb.

Bakıda ölkə həyatının müxtəlif sahələrini təmsil edən qadınlarla görüşən fransalı jurnalist onların fəaliyyətləri haqqında ətraflı məlumat verib.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva jurnalistə verdiyi müsahibəsində yeddi siyasi partiyanın təmsil olunduğu Milli Məclisdə 125 deputat yerinin 21-ni qadınların tutduğunu bildirib. S.Fətəliyeva ölkəmizdə qadın hüquqlarının inkişafı tarixindən söz açaraq, onlara 1918-ci ildə səsvermə hüququ verildiyini qeyd edib. O bildirib ki, bu gün Azərbaycanda qadınlar ictimai, siyasi, iqtisadi həyatın bütün sahələrində uğurla fəaliyyət göstərirlər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə müsahibədə onun qadınlara dövlət qayğısı, ölkəmizin tolerant həyatı, qadınların müxtəlif rəhbər orqanlarda təmsil olunması, təhsilin, elmin və mədəniyyətin inkişafına verdikləri töhfələr barədə fikirləri yer alıb. Komitə sədri deyib ki, Azərbaycan parlamentində deputatların təqribən 6 faizi, bələdiyyələrdə 35 faizi, məhkəmə hakimlərinin 24 faizi, biznes sahəsində rəhbər işçilərin 35 faizi qadınlardır. Elm, təhsil və səhiyyə sahələrində qadınların sayı kişilərdən xeyli çoxdur. Ölkəmizdə gender bərabərliyinə xüsusi diqqət yetirilir, bu mövzuda geniş maarifləndirmə işləri aparılır.

Azərbaycan qadınları müstəqil dövlətimizin inkişafına böyük töhfələr verirlər

  Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova isə müsahibələrində qeyd edib ki, yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq qadın bəşəriyyətin inkişafının bütün mərhələlərində özünəməxsus aparıcı qüvvə olmuşdur. Azərbaycan qadını çətin, keşməkeşli inkişaf yolu keçmişdir. Tarixə nəzər salsaq, görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər: «Tarixi palitra kifayət qədər zəngindir: massagetlərin məğrur çariçası, Əhəmənilər sülaləsinin əsasını qoymuş əfsanəvi Kirə qalib gəlmiş Tomris, qəhrəman qadın hökmdarlar Nüşabə, Şirvana hücum edən Krım xanını və osmanlı qoşunlarını məğlub edən Heyran Nisə Bəyim, mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradıcısı Fətəli xanın həyat yoldaşı Tuti Bikə, Sara xatun, Dəspinə xatun və Mehinbanu Sultanım xanım özlərini diplomatiya sahəsində göstərmişlər».

Hicran xanım bildirib ki, bu gün müstəqil Azərbaycan qadınları parlamentdə,  mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsildə, səhiyyədə, ölkə iqtisadiyyatının inkişafında sahibkar kimi biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər rəhbər vəzifələrdə təmsil olunurlar: «İnanıram ki, qadınlarımız hər zaman istər dövlətimizin inkişafında, xalqımıza məxsus dəyərlər sisteminin yaşadılmasında, istərsə də torpaqlarımızın müdafiəsində əhəmiyyətli töhfələrini verəcəkdir».

 

Xəyalə Süleymanqızı

 

Məqalə Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət KomitəsininAzərbaycan qadını: tarixilik müasirlikmövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur