Vətənpərvər deyilsənsə, səndən qəhrəman olmaz...

Tarix : 2018/12/07 12:40     Kateqoriya : SYASƏT    


	Vətənpərvər deyilsənsə, səndən qəhrəman olmaz...

Belə bir deyim var: “Vətən vətəndaşdan, vətənpərvər insandan başlanır”.

Bəli, bu, həqiqətən də belədir. Çünki vətənpərvər olmayan insanın Vətəni də olmaz. Əsl vətəndaş, əsl vətənpərvər isə odur ki, Vətənini öz qəlbi, ruhu, canı və qanı ilə sevsin, uzaq keçmişimizdən, dünənimizdən və bu günümüzdən xəbər verən milli-mədəni dəyərlərə, maddi-mənəvi sərvətlərə sahib çıxsın, Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, adət-ənənələrinə sədaqət, torpağa bağlılıq nümayiş etdirsin, ulu əcdadlarımızın, babalarımızın, atalarımızın miras qoyduğu igidlik, cəsurluq və rəşadət kimi ənənələri yaşatsın, Vətən borcunu - vətəndaşlıq borcunu şərəflə, ləyaqətlə, namusla və layiqincə yerinə yetirsin, öz dövlətinin azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda mal-mülkünü, var-dövlətini, hətta şirin canını belə qurban verməyə həmişə hazır olsun. Çünki əsl vətənpərvərlik doğma yurda sədaqət rəmzi, məhəbbət simvoludur. Tez-tez eşitdiyimiz bir kəlam da var: “Vətənpərvər deyilsənsə, səndən qəhrəman olmaz. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir”. Bu səbəbdəndir ki, dünya şöhrətli fatehlərimizin, xaqanlarımızın, adlarını əsrlər boyunca xalqımızın qəhrəmanlıq salnamələrinə həkk etdirmiş neçə-neçə igidlərimizin, qazilərimizin, şəhidlərimizin fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hisslərini nümayiş etdirmələrinin, onların öz mübarizələrinə güclü inamlarını büruzə vermələrinin kökündə dayanan əsl səbəb də məhz həmin şəxslərin əsl vətənpərvər olmalarını göstərir...

20 ildən artıq müddətdir ki, Ana Vətənimizin başı üstündən qara yellər əsir, Qarabağımız qan ağlayır, torpaqlarımızın 20 faizi yağı tapdağı altında inləyir, şəhidlərimizin, zəbt edilmiş ata-baba yurdlarımızda yerləşən qəbiristanlıqlardakı dağıdılmış məzarlarda yaxınlarımızın, doğmalarımızın ruhları narahatdır. Amma bu acılara tezliklə son qoyulacaq. Çünki Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanımız cənab İlham Əliyevin göstərdiyi xüsusi diqqət və qayğı sayəsində ordu quruculuğunda xeyli uğurlu nəticələr əldə edilib, yüksək hərbi peşəkarlığa qadir Silahlı Qüvvələrimizin doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayanır, işğal altındakı ərazilərimizin tezliklə yağı düşməndən azad olunacağına inamımız artır.

Səfər kəlməsi lüğətdə “yolculuq, savaşa getmək”;səfərbərlik isə “yolculuğa və savaşa hazır olmaq” mənasını verir. Müharibə şəraitində yaşayan Azərbaycan üçün bu dəyərlər xüsusi önəm daşıyır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu şərəfli işi illərdir layiqincə yerinə yetirir.  

Ölkəmizdə əsl vətənpərvərlər ordusunun yetişməsində, ordu quruculuğu prosesinin təkmilləşdirilməsində 7 illik uğurlu inkişaf yolu keçmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti misilsiz, danılmaz və əhəmiyyətli rol oynayıb. Çünki bu qurum səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, həm də digər sahələrdə əhəmiyyətli nəticələr əldə edilib.

Xəyalə Süleymanqızı

Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə elan edilmiş yazı müsabiqəsinə təqdim olunur