Reyman İsmayılzadə: "Uşaqlarda ən çox təsadüf edilən bədxassəli şiş qan xərçəngidir"

Tarix : 2019/02/24 00:33     Kateqoriya : MÜSAHİBƏ    


	Reyman İsmayılzadə: "Uşaqlarda ən çox təsadüf edilən bədxassəli şiş qan xərçəngidir"

Uşaqlarda rast gəlinən onkoloji xəstəliklər 1 faiz təşkil edir. Az rast gəlinməsinə baxmayaraq, sosial və humanizm nöqteyi-nəzərdən çox aktualdır. Dünyada bir il ərzində 300 min uşaq onkoloji xəstəliyə görə qeydiyyata düşür. Azərbaycanda isə bu rəqəm təqribən 350-yə bərabərdir.

Bu barədə Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının şöbə rəhbəri ali ixtisas kateqoriyalı onkoloq, tibb elmləri doktoru Reyman İsmayılzadə məlumat verib.

- Həkim, uşaqlarda onkoloji xəstəliklərin yaranmasının səbəbləri nədir?

- Uşaqlarda xərçəng xəstəliyinin yaranmasında genetik səbəblər üstünlük təşkil edir. Böyüklərdə mədə, süd vəzi, prostat, uşaqlıq boynu xərçəngi çox aşkarlanırsa, uşaqlarda həmin klassik xərçəng növlərinə demək olar ki, rast gəlinmir. Klassik xərçəngin, yəni epitelyal törəmələrin yaranma səbəbləri uşaqlara aid deyil. Əlbəttə ətraf mühit amilləri, hamiləlik dövründə ananın sağlamlığı, qidalanması və gigiyenası müəyyən qədər rol oynayır. Lakin uşaqlarda xərçəngin əmələ gəlməsinin əsas səbəbi xromosomlarda olan dəyişikliklər və genlərdə olan mutasiyalardır.

- Uşaqlarda hansı onkoloji xəstəliyə daha çox rast gəlinir?

- Uşaqlarda rast gəlinən onkoloji xəstəliklərin böyük bir qrupunu qanyaradıcı və limfoid toxumaların bədxassəli şişləri – hemoblastozlar təşkil edir. Leykozlar, yəni ağ qan xərçəngi uşaqlarda ən çox təsadüf edilən bütün bədxassəli şişlərin təxminən 28-30, limfomalar isə 13 faizini təşkil edir. Bundan başqa, mərkəzi sinir sisteminin şişləri də çox rast gəlinən şişlər arasındadır - 20 faiz. Oğlanlarda qızlara nisbətən xəstələnmə hallarına nisbətən çox təsadüf edilir. Bu xəstəliklərin erkən aşkarlanması müalicənin daha asan olmasına və sağalma şansının artmasına gətirib çıxarır.

- Leykoz nədir? Hansı əlamətlərlə özünü göstərir?

- Leykoz sümük iliyinin xəstəliyidir. Bu zaman blast transformasiya olunur, trombositlərin və eritrositlərin sayı düşür, leykositlərin sayı kəskin artır. Onların 80 faizi limfoblast leykoz, 20 faizi mioblast leykozdur. Leykoz zamanı dəri solğunluğu, qanaxmaya meyillilik, dəridə petexiyalar, göyərmələr, damaqlardan, burundan səbəbsiz qanaxma, iki həftədən çox davam edən səbəbsiz yüksək hərarət, təkrar və ya davamlı infeksiyalar, halsızlıq, iştahasızlıq və çəki itkisi, sümüklərdə, oynaqlarda ağrı hissi, axsama, limfoadenopatiya, nevroloji simptomlar, hepatosplenomeqaliya və s. müşahidə olunur.

- Xəstəliyin diaqnozu asanlıqla qoyula bilirmi?

- Xəstəliyin diaqnozunun qoyulması üçün bir çox xəstələrdə ilk növbədə adi qan analizi kifayətdir. Lakin diaqnozu dəqiqləşdirmək üçün hökmən sümük iliyinin analizi və genetik müayinələr lazımdır. Diaqnozun qoyulması adətən çətin deyil. Valideynlər nə qədər diqqətli olsalar, xəstəlik bir o qədər asan və vaxtında aşkarlanar.

- Leykozdan sağalma şansı nə qədərdir?

- Leykozun müasir müalicə nəticələri müsbətdir. Proqram müalicəsinin nəticəsində leykozdan sağalma şansı 80 faizdən çoxdur. Sağaldıqdan sonra həmin uşaqlar adətən əlil olmurlar, normal həyat fəaliyyətlərini davam etdirirlər. Ona görə də diqqətli olmaq və vaxtında həkim müayinəsindən keçmək vacibdir. Ümumiyyətlə, böyüklər kimi balacaların da ildə bir dəfə müayinə olunması tövsiyəolunandır.

- Uşaq onkoloji xəstəliklərində ölüm hallarına da rast gəlinir. Buna səbəb nədir?

- Onkoloji xəstəlikdən əziyyət çəkən hər 5 uşaqdan birində ölüm halı qeydə alınır. Bunun əsas səbəbi xəstəliyin yayılmış mərhələdə aşkarlanmasıdır. Çünki onkoloji xəstəliklər bir çox hallarda başqa xəstəliklərin əlamətləri altında gizlənir.

- Onkoloji xəstəliyə düçar olmuş uşaqlar böyüklərə nisbətən müalicəyə daha yaxşı cavab verirlər...

- Uşaqlarda rast gələn şişlər həssas olduğuna görə kimya və şüa terapiyalarına daha müsbət cavab verir. Balacalarda adətən embrional şişlər olur və onların həssaslığı müalicəni asanlaşdırır. Valideynlər həkimin tövsiyəsinə əməl etsələr, onların övladlarının 80 faiz sağalma şansı var.

- Uşaqlarda xərçəngin nadir növlərinə rast gəlinirmi?

- Bəli, bəzən həkimlərin gözləmədiyi anda uşaqlar xərçəngin nadir növündən əziyyət çəkirlər. Nümunə olaraq deyə bilərəm ki, balacalar bəzən yoğun bağırsaq, mədə, ağciyər xərçəngi, yumşaq toxuma şişləri, böyrəyin klassik xərçənginə düçar olurlar.

- Sonda valideynlərə tövsiyələriniz..

- Valideynlər uşaqlarına qarşı çox diqqətli olsunlar. Düşünürəm ki, xərçəngdən ölüm hallarının qarşısını almaq üçün maarifləndirmənin böyük rolu var. Çünki hər hansı bir əlamət müşahidə edilərsə, vaxtında edilən müraciət balacaların həyatını qurtara bilər. Azərbaycanda xərçəngin müasir müalicə və müayinəsi üçün hər bir şərait var. Milli Onkologiya Mərkəzinin nəzdində 2012-ci ildə açılan Uşaq Onkoloji Klinikasında müasir diaqnostika və müalicə üsulları tətbiq olunur və əldə edilən nəticələr qənaətbəxşdir. /AZƏRTAC/