İranlı tələbələrin Xocalı Bəyanatı

Tarix : 2019/02/25 13:58     Kateqoriya : SİYASƏT    


	İranlı tələbələrin Xocalı Bəyanatı

Azərbaycanda təhsil alan iranlı tələbələrin Elmi-mədəni və İdman Birliyi Xocalı soyqırımının  27-cü ildönümü ilə bağlı bəyanat veriblər.
 
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən “Faktat.az”-a verilən məlumata görə Bəyanatda deyilkir ki: "Biz Azərbaycanda təhsil alan iranlı tələbələrin Elmi-mədəni və İdman Birliyinin təmsilçiləri XX əsrin faciəsi olan Xocalı soyqırımının 27-cü ildönümü ilə əlaqədar olaraq bildiririk ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. 
 
Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış, öz tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. 
Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə belə hazır olduğunu açıq şəkildə nümayiş etdirir. Ötən əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. 
Beynəlxalq hüquqa əsasən, genosid ən ağır cinayətlərdəndir, lakin təəssüflər olsun ki, Azərbaycanda dinc əhaliyə qarşı belə dəhşətli soyqırımı aktları həyata keçirilməsinə baxmayaraq, bu faktlar, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz lazımi qiymətini almamışdır. 
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vaxtilə bu məsələyə öz münasibətini bildirərkən demişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”
 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan İranın ali dini lideri Ayətullah Xamneyi də öz siyasi mövqeyini açıqlayarkən bildirmişdir: “Bizim Qarabağ məsələsinə mövqeyimiz ilk gündən çox açıq və konkret olub. Qarabağ müsəlman torpaqlarıdır. Onun azadlığı uğrunda ölənlər şəhiddirlər. Qarabağı işğal etmiş separatçı rejimlə hər cür əlaqə qurmaq haramdır və qanunla qadağandır.”
 
Artiq 27 ildir ki, dünya, o cümlədən də İran xalqı Xocalı faciəsini Azərbaycan xalqı ilə birgə qeyd edir və bu ağır və dəhşətli faciədə Azərbaycanla həmdərd olduğunu nümayiş etdirir. Biz iranlı tələbələrin Azərbaycandaki birliyinin təmsilçiləri də Xocalı faciəsinin xatirəsini dərin ehtiramla yad edir və bəşəriyyətə qarşı törədilən hər növ cinayəti pisləyirik". 
 
Allah bütün müsəlman şəhidlərimizə rəhmət eləsin!