Hikmət Hacıyev: "Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyətləri real faktlarla sübut edib"

Tarix : 2019/02/25 22:26     Kateqoriya : SİYASƏT    


	Hikmət Hacıyev: "Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyətləri real faktlarla sübut edib"

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərə görə məsuliyyət daşıyır.

Bu sözləri Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 25-də ADA Universitetində “Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlə sübutlar” adlı hesabatın təqdimatından sonra jurnalistlərə müsahibəsində bildirib.

Təqdim olunan hesabatın əhəmiyyətindən danışan Hikmət Hacıyev deyib: “Azərbaycan Respublikası peyk dövləti olaraq özünün peyk resursları vasitəsilə ölkəmizin işğal olunmuş ərazilərində Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyətləri real faktlarla sübut edib. Burada Ermənistanın fəaliyyətini bir neçə istiqamətdə təsnif edə bilərik. Birincisi, işğal olunmuş ərazilərimizdə demoqrafik vəziyyətin dəyişdirilməsi. İkincisi yeni infrastruktur obyektlərinin tikilməsi, maddi-mədəniyyət abidələrinin dağıdılması, talan edilməsi. Üçüncüsü ətraf mühitə zərər vurulması, həmçinin kənd təsərrüfatı və digər fəaliyyətlərin həyata keçirilməsi. Beynəlxalq hüquqa əsasən qeyri-qanuni fəaliyyətlərin həyata keçirilməsi qadağandır və Ermənistan bu cür fəaliyyətlərə görə məsuliyyət daşıyır. Bu gün təqdim olunan hesabatda bütün bunlar öz əksini tapıb. Təqdimatın beynəlxalq təşkilatlarda da keçirilməsi və bu tədbirlərə beynəlxalq hüquq mütəxəssislərinin cəlb olunması nəzərdə tutulur”. /AZƏRTAC/