Gəncədə “Gender bərabərliyi və media” mövzusunda təlimlər keçirilir

Tarix : 2019/02/27 22:37     Kateqoriya : SOSİAL    


	Gəncədə “Gender bərabərliyi və media” mövzusunda təlimlər keçirilir

Gəncədə Avropa Şurasının Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Mətbuat Şurasının dəstəyi ilə "Gender bərabərliyi və media" mövzusunda təlimlər keçirilir. Təlimə Gəncədə şəhərində yaşayan və fəaliyyət göstərən jurnalistlər, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər. 
 
 
Təlimin açılış mərasimində Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Hernyesqeyd edib ki, Azərbaycan Demokratik Respublikası qadınlara bərabərlik hüququ verdiyinə, onların seçib-seçilmək hüququnu tanıdığına görə müsəlman dövlətləri arasında ilk, Avropada isə birinci dövlətlərdəndir. Səfir ADR-in ilk paytaxtı Gəncə şəhərində olmağın qürurverici olduğunu dilə gətirib.
 
 
Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli təlimlərin məqsədindən söhbət açıb. O, bu sahənin mediada daha yaxşı işıqlandırılması, sözügedən istiqamətdə jurnalistlərin bilik və bacarıqlarının artırılması baxımından təlimlərin mühüm əhəmiyyət kəsb etdiyini dilə gətirib. Qeyd edib ki, bu məqsədlə həm paytaxt Bakı şəhərində, həm də regionlarda məlumatlandırma sessiyaları keçirilir.
 
 
Avropa Şurasının "Azərbaycanda Gender bərabərliyi və media azadlığı” layihəsinin rəhbəri Pərvanə Bayramova layihə çərçivəsində görülən işlərdən danışıb. Bildirib ki, gender bərabərliyinə dair müddəalar Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarına da salınıb. Onun sözlərinə görə, bu müddəanın peşə davranış qaydalarında əlavə olunması əhəmiyyətli hadisədir. Daha sonra o, ötən ildən başlanılan layihə çərçivəsində Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarına edilən dəyişiklikləri media nümayəndələrinin diqqətinə çatdırıb.
 
 
Qarşılıqlı fikir mübadiləsi şəklində davam edən təlimdə gender bərabərliyinin təmin olunmasında medianın əvəzsiz rolundan geniş bəhs olunub. Təlim sabah da davam etdiriləcək və Gəncənin ətraf bölgələrində yaşayan jurnalistlər və vətəndaş cəmiyyətinin nümayəndələri üçün informasiya sessiyası baş tutacaq.
 
 
 
Kaspi.az