Ürəyimizin keşiyində dayanan Kardiologiya İnstitutu

Tarix : 2019/03/13 08:12     Kateqoriya : SƏHİYYƏ    


	Ürəyimizin keşiyində dayanan Kardiologiya İnstitutu

Akademik Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun yenilikləri

Ölkəmizin Prezidenti Cənab İlham Əliyevin əhalimizin sosial rifahının və sağlamlığının yüksək səviyyəyə qaldırması siyasəti nəticəsində ölkəmizdə səhiyyə müəssisələrinin yenilənməsi danılmaz bir faktdır. Bunların arasında C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu da vardır. Uzun bir təkamül dövrü keçmiş bu elmi müəssisə bu gün öz elmi nailiyyətləri ilə səhiyyə ocaqları arasında özünəməxsus yer tutmuşdur. Hazırda İnstitutda Azərbaycanda yeganə olaraq ürək-damar ağırlaşmalarının proqnozunda vacib amillərdən biri olan Mərkəzi Aortal Təzyiqin ölçülməsi təmin edilir.

 

Təməli Azərbaycan Kardiologiya Cəmiyyəti ilə başlayan Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu müasir günümüzdə öz elmi nailiyyətləri ilə ölkəmizin hüdudlarından kənarda da kardiologiya sahəsində yeni uğurlara imza atmışdır. Uzun bir elmi axtarışlar bu gün öz səmərəsini verməkdədir.

İnstitutun 40 illik yubileyi ərəfəsində “Fakt-Araşdırma”-nın əməkdaşı klinikanın müasir avadanlıqlarla təchiz olunmuş bütün şöbələrini gəzərək yeniliklərlə tanış olub, oxucularımızın nəzərinə çatdırır. Onu da qeyd edim ki, paytaxtımızda 5 nömrəli klinik xəstəxananın həyətində yerləşən bu Tədqiqat İnstitutu artıq 5 nömrəli xəstəxana kimi deyil, hətta keçmiş SSRİ dövründə də öz nailiyyətləri ilə tanınan Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutudur.

Səhiyyə Nazirliyinin dəstəyi nəticəsində İnstitutun yeni təyin olunmuş direktoru, Tibb elmləri doktoru Gülnaz xanım Dadaşovanın səyi ilə maddi-texniki baza yenilənmiş, bütün şöbələr yeni və müasir avadanlıqlarla təchiz olunmuşdur. Bu gün Azərbaycanda yeganə olan “Agedioaparatı, Exo-kardioqrafiya aparatları, ürək dayanması zamanı istifadə olunan defibrilyator ilə təmin edilmiş təxirəsalınmaz yardım bloku, xəstələrin arterial təzyiq nəbzinə nəzarət üçün istifadə olunan və elektrokardioqrammanı daim müşahidə etməyə imkan verən monitorlar, palatalarda yeni və universal funksiyalara malik çarpayılar pasiyentlərin istifadəsindədir. Məhz xəstələrimiz effektli və xəstəliyin erkən dövründə göstərilən lazımi kardioloji yardımdan Elmi Tədqiqat Kardiologiya institutunda geniş şəkildə yararlana bilərlər.

Agedio” aparatı mərkəzi aortal təzyiqi - koronar (ürək) və beyin damarlarında, həmçinin böyrəklərdə qan axınını daha real əks etdirir və bu səbəbdən ürək-damar ağırlaşmalarını daha dəqiq proqnozlaşdırır. Bugünkü gündə mərkəzi aortal təzyiqin qeyri-invaziv (orqanizmə müdaxilə etməməklə) ölçülməsi ürək-damar xəstələrinin müalicəsinin effektivliyinin qiymətləndirilməsində əvəzsiz rol oynayır. Nəticədə xəstələrin tezliklə sağalmasında böyük əhəmiyyət kəsb edir.

İnstitutun elmi katibi, tibb elmləri doktoru Sona xanım Qəhrəmanova əməkdaşımızı İnstitutun xarici əlaqələri barədə məlumatlandırarkən qeyd etdi ki, “İnstitutun ölkə daxili və xarici əlaqələri də genişlənməkdə davam edir. Belə ki, bizim elm ocağı ölkədəki qabaqcıl tibb müəssisələri olan Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutu, Respublika Talassemiya mərkəzi, Z.Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu və Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzi ilə sıx əməkdaşlıq edir. Dünyanın aparıcı ölkələri Ukrayna, Belarusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və İsrail klinikaları ilə də sıx əlaqələr qurmaqla öz təcrübəsini genişləndirir”.

Bütün bunlar onu deməyə əsas verir ki, hər bir Azərbaycan vətəndaşı öz ölkəsinin səhiyyəsinə güvənə bilər. Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutun alim - həkim heyəti ürək-damar xəstəliklərinin bütün sirrlərini bilirlər və onlarla mübarizə aparmağı bacarırlar. Artıq günlər qət edib hər-hansısa başqa uzaq ölkələrə şəfa tapmağa getməyə ehtiyac qalmır.

 

İnstitutla tanışlığımız davam edəcək...

Xəyalə Süleymanqızı