STP-də “Qan ver, həyat ver!” Aksiyası keçirilib

Tarix : 2019/06/14 17:10     Kateqoriya : SOSİAL    


	STP-də “Qan ver, həyat ver!” Aksiyası keçirilib

Artıq neçə ildir ki, may ayının 14-ü Beynəlxalq Qan Donorları Günü kimi qeyd olunur. Hər il fərqli şüar ilə qeyd edilən Donorlar Günü bu il “Hər kəs üçün təhlükəsiz qan!” şüarı altında keçirilib.

ATP-dən "Faktat.az"-a verilən məlumata görə, Sumqayıt Texnologiyalar Parkı da öz növbəsində bu ilin 14 may tarixində Beynəlxalq Qan Donorları Günü münasibətilə şirkət daxili “Qan ver, həyat ver!” adlı aksiya təşkil edib.

Tədbirin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda qana ehtiyacı olan insanlara yardım etmək olub. Eyni zamanda cəmiyyətdə donor qanına olan ehtiyac və zərurətin vurğulanması, həmçinin donorluğun təbliğ edilməsi də qarşıya qoyulan məqsədlər arasında olub.

Məlumat üçün bildirək ki, hazırda ölkəmizdə qana ehtiyacı olan xəstələr əsasən talassemiyalı və hemofiliyalı insanlardır. Azərbaycanda “- 4” və “- 1” rezuslu qanlar nadir qan qrupu hesab olunur. Bununla belə, xoşbəxtlikdən bu qan qruplarına olan təlabat da azdır. Ümumilikdə isə demək olar ki, ölkədə qan donorluğu ilə bağlı müsbət tendensiya mövcuddur. Qan Bankına qan bağışlayan insanların sayı hər il artmaqdadır. Məsələn, keçən il ilə müqayisədə bu il könüllü olaraq qan donoru olan vətəndaşlarımız 3 dəfə daha çoxdur.

Tarixə nəzər salsaq görərik ki, Beynəlxalq Qan Donorları Günü könüllü qanvermənin əhəmiyyəti barədə insanların məlumatlandırılması, daha çox insanın könüllü donorluğa həvəsləndirilməsi, həmçinin, öz qanını təmənnasız olaraq bağışlayan şəxslərə ehtiram və minnətdarlıq məqsədi ilə təşkil olunub və Donor Günü 2014-cü ildən Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə qan qruplarını kəşf etmiş alim Karl Lixtenştaynerin doğum günündə qeyd edilməyə başlanılıb.

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkının həyata keçirdiyi aksiya Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində baş tutub. Rəhbər heyət də daxil olmaqla ümumilikdə 200 nəfər STP əməkdaşı Azərbaycan Qan Bankının inkişafına öz töhfəsini verib.