Vergilər Nazirliyi şəffaflıq və qarşılıqlı etimad təklif edir

Tarix : 2018/02/19 17:03     Kateqoriya : İQTİSADİYYAT    


	Vergilər Nazirliyi şəffaflıq və qarşılıqlı etimad təklif edir

Vergilər Nazirliyi vergiödəyicilərinə müraciət edərək bildirir ki, vergi sistemində həyata keçirilməsinə başlanılmış şəffaflığın təmin edilməsi və vergiödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi prinsipləri vergiödəyicilərinin də öz öhdəliklərinə qanunauyğun yanaşmasını tələb edir.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, şəffaflıq yalnız vergi orqanlarının fəaliyyətini deyil, eyni zamanda vergiödəyicilərinin də öz öhdəliklərinə düzgün yanaşmasını əhatə etməlidir. Vergilərini tam həcmdə və vaxtında ödəyən hər bir intizamlı ödəyici vergi orqanlarının etibarlı tərəfdaşı olacaq və belə ödəyicilər daim dəstəklənəcəkdir.

Vergi hesabatına bilərəkdən saxta məlumatları daxil edənlər və vergidən yayınmağa cəhd göstərənlər isə qanun qarşısında cavab verəcək, onlarla sərt, lakin qanunun müəyyən etdiyi çərçivədə davranılacaqdır. Kiçik və ya böyüklüyündən asılı olmayaraq, hər bir vergiödəyicisi öz vergi öhdəliyinə əməl etməli, ikili mühasibatlığın aparılması, vergiyə cəlb olunan dövriyyələrin gizlədilməsi, vergidən yayınma halları aradan qaldırılmalıdır.

Sahibkarların öz vergi öhdəliklərini rahat şəkildə yerinə yetirməsi üçün mövcud sistem, vergiödəyicilərinə göstərilən xidmətlər ödəyicilərin gözləntilərinə və tələblərinə uyğun şəkildə təkmilləşdiriləcək.

Vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçü götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı tədbirlərə də başlanılıb.

Vergilər Nazirliyi ödəyicilərə keyfiyyətli xidmətlər, qarşılıqlı etimad təklif edir, onları eşitməyə, qanuni tələblərinin həllinə kömək göstərməyə hazırdır. Vergiödəyicilərindən isə intizamlı olmaq və vergi qanunvericiliyinin tələblərinə tam əməl etmək tələb olunur. /AZƏRTAC/