Küveyt Dövləti azərbaycanlı xanımın əməliyyat xərclərini ödədi

 

Tarix : 2018/02/20 19:20     Kateqoriya : SOSİAL    


	Küveyt Dövləti azərbaycanlı xanımın əməliyyat xərclərini ödədi

	 

Azərbaycanın uğurlu xarici siyasəti və İslam Dövlətləri arasında həmrəyliyin gözəl nümunəsi kimi daha bir xeyriyyə əməliyyatını nəzərinizə çatdırırıq.

Küveytin Azərbaycandakı səfirliyindən “Faktat.az”-a verilən eksklüziv xəbərə görə, Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Cənab Səud Ər-Ruminin təşəbbüsü ilə kasıb ailədən olan və beyin xərçəngindən (3 sm həcmində) əziyyət çəkən 38 yaşlı Azərbaycan vətəndaşı olan xanıma müalicəsi məqsədi ilə yardım göstərmişdir.

Belə ki, həmin xanım müalicə olunması üçün Küveyt Dövlətindəki İbn Sina Dövlət Xəstəxanasına göndərilmiş və həmin xəstəxanada Almaniyadan gəlmiş beyin xərçəngi üzrə mütəxəssis həkim Dr. Schroederin rəhbərliyi ilə həkim qrupu tərəfindən cərahiyyə əməliyyatı həyata keçirilmişdir. 8 saat davam edən uğurlu əməliyyat nəticəsində beyindəki şiş götürülmüşdür.

Cənab səfirin xanımı və Azərbaycanın Küveytdəki səfirliyi xəstə və onunla birgə olan anası ilə daim əlaqə saxlamışdır.

Cənab səfir Küveyt Dövləti Milli Qvardiyasının rəhbərinin müavini və Küveyt Dövlətinin Əmirinin qardaşı Şeyx Məşəl əl-Əhməd əs-Sabahla qohumluq əlaqəsi olduğu üçün Şeyx Məşəl xəstənin əməliyyat və müayinə, habelə anasının xəstəxanada qalma xərclərini öz üzərinə götürmüşdür.

Xəstə anası ilə birlikdə Bakıya qayıtmışdır və hal-hazırda vəziyyəti yaxşıdır.

Qeyd edək ki, bu xeyriyyə yardımı Küveyt Dövləti tərəfindən edilmiş ilk yardım deyil. Bundan öncə Azərbaycanda keçirilən çətin əməliyyat olan böyrək köçürülməsi əməliyyatının da xərclərini həmin dövlət ödəmişdir.

Xəyalə Süleymanqızı