Sevinc Fətəliyeva: «Buna artıq son qoymaq və beynəlxalq hüquqa riayət etmək lazımdır»

Tarix : 2015/10/02 21:42     Kateqoriya : MÜSAHİBƏ    


	Sevinc Fətəliyeva: «Buna artıq son qoymaq və beynəlxalq hüquqa riayət etmək lazımdır»

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının dördüncü iş günündə Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva sərbəst mövzuda debatlar zamanı Ermənistan hakimiyyətinin yanlış bəyanatlarına münasibət bildirib.

S.Fətəliyeva qeyd edib ki, ötən sessiyada “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı məruzədə “Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunması” ifadəsi “Dağlıq Qarabağın problemləri” ifadəsi ilə əvəz edildi. Lakin bir necə gün öncə Ermənistan prezidenti Serj Sarkisyan çıxışında bunun səhv olduğunu deyib. Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olduğunu bəyan edən Sarkisyan rəsmi olaraq Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsini təsdiqlədi.

S.Fətəliyeva deyib: “İllər boyu AŞPA-da müxtəlif addımlar atılır ki, Dağlıq Qarabağ məsələsini Ermənistan nümayəndə heyəti ilə müzakirə edək. Lakin Ermənistan nümayəndə heyətinin baykotu nəticəsində Dağlıq Qarabağ üzrə alt komitənin işi uğursuz oldu. Biz hər dəfə bir cavab eşidirdik: Dağlıq Qarabağ müstəqil dövlətdir. Ermənistan rəhbərliyi onların qərarlarına cavabdeh deyil.

BMT Baş Assambleyasının 70-ci iclasında Serj Sarkisyan Azərbaycanı təhdid edərək bəyan edir ki, Ermənistan tərəfi Ermənistanı və Dağlıq Qarabağın müdafiəsini təmin edərək lazımi hüquqi, hərbi və siyasi addımlar atacaq. BMT-nin dörd qətnaməsinə etinasızlıq göstərərək bu sənədləri 20 il yerinə yetirməyən bir ölkənin rəhbərinin bu sözləri BMT tribunasından səsləndirməsi qəbuledilməzdir. Bu, yenə də Ermənistan rəhbərliyinin BMT qərarlarına, beynəlxalq qanuna laqeyd yanaşmasını göstərir. Ermənistan tərəfinin digər ziddiyyətlərini də müşahidə edə bilərik. Öncə onlar öz müqəddəratını təyinetməni çıxış yolu kimi təklif edirdilər, indi isə Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olduğunu bəyan edirlər.

Bu növ bəyanatlar diqqəti erməni xalqının üzləşdiyi siyasi və iqtisadi böhrandan yayındırmaq məqsədi daşıyır. Bu gün də cəbhə bölgəsində günahsız insanlar həlak olur. Bunların səbəbi Ermənistan hakimiyyətinin məsuliyyətsiz və yalançı siyasətidir. Ermənistan hakimiyyəti öz yalan bəyanatları ilə dünya ictimaiyyətini yanlış istiqamətləndirir. Buna artıq son qoymaq və beynəlxalq hüquqa riayət etmək lazımdır”.