«Qəbələ» komandası səfərdə Rusiyanın «Krasnodar» klubunun qonağı olub

Tarix : 2015/10/02 21:44     Kateqoriya : Ä°DMAN    


	«Qəbələ» komandası səfərdə Rusiyanın «Krasnodar» klubunun qonağı olub

Futbol üzrə UEFA Avropa Liqası yarışlarının qrup mərhələsində Azərbaycanı təmsil edən "Qəbələ" komandası səfərdə Rusiyanın "Krasnodar" klubunun qonağı olub.

«Fakt-Araşdırma» xəbər verir ki, oktyabrın 2-də Krasnodar şəhərinin "Kuban" stadionunda keçirilən oyunda "Qəbələ"nin start heyətində Dmitri Bezotosnı, Vojislav Stankoviç, Vitali Vernidub, Rikardo Ferreyra da Silva, Arif Daşdəmirov, Dodo, Aleksey Qay, Meza Kolli, Sergey Zenyov, Fakundo Pereyra və Aleksey Antonov meydana çıxıblar.

Qarşılıqlı hücumlar şəraitində keçən matçın ilk hissəsində hər iki komandanın hesabı açmaq üçün imkanları olub. Polşalı əsas hakim Marçin Borskinin idarə etdiyi oyunun 2-ci dəqiqəsində "Qəbələ"nin futbolçusu Arif Daşdəmirovun zərbəsini rəqib qapıçı çətinliklə dəf edib. Görüşün səkkizinci dəqiqəsində "Krasnodar"ın futbolçusu Pavel Mamayevin ötürməsindən sonra Vandersonun vurduğu top dəqiq olub və hesab açılıb (1:0).

Beləliklə, birinci hissə 1:0 hesabı ilə rəqib komandanın üstünlüyü illə yekunlaşıb.

İkinci hissədə daha sürətli oyun sərgiləyən komandalar qapılar qarşısında təhlükəli vəziyyətlər yaradıblar. Oyunun 47-ci dəqiqəsində Vojislav Stankoviçin başla təhlükəli zərbəsi qapıdan yan keçib.

Hücumlarının kəsərini artıran "Qəbələ" nəhayət görüşün 51-ci dəqiqəsində "Krasnodar"la oyunda hesabı bərabərləşdirib. Sergey Zenyovun sağ cinahdan ötürməsindən sonra Dodo topu rəqib komandanın qapısından keçirib (1:1).

Meza Kollinin əvəzinə meydana çıxan Rəşad Sadiqovun 74-cü dəqiqədə hesabda fərqlənməsinə qapı dirəyi mane olub. Görüşün 84-cü dəqiqəsində sonradan oyuna daxil olan Fedor Smolov isə Rusiya komandasını hesabda önə çıxarıb 2:1.

Görüş ərzində iki dəfə Dodonun ("Qəbələ") vurduğu toplar qapıya daxil olsa da hesaba alınmayıb. Oyunda ofsayd qeydə alınıb.

Komandamızın futbolçuları oyunun sonlarında hesabı bərabərləşdirmək üçün bir neçə dəfə cəhd etsələr də istəkləri baş tutmayıb.

Beləliklə, Avroliqanın qrup mərhələsinin ikinci turunda Roman Qriqorçukun yetirmələri səfər qarşılaşmasından məğlub ayrılıblar.

Qrupun Yunanıstanın "PAOK" komandası ilə "Borussiya" (Dortmund, Almaniya) klubu arasındakı digər oyunu isə 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Azərbaycan təmsilçisi qrup mərhələsinin ilk turunda Bakıda Yunanıstan komandası "PAOK"a qarşı oyunda bərabərliyə nail olaraq bir xal qazanmışdı.

Avroliqanın "C" qrupunda mübarizə aparan Azərbaycan çempionatının bürünc mükafatçısı növbəti matçında oktyabrın 22-də Almaniyanın "Borussiya" (Dortmund) kollektivi ilə Bakıda üz-üzə gələcək.