İbrahim Cəfərov: «Olmaz ölkə Vətəndaşı-Vətən Daşı olmayandan»

Tarix : 2016/04/25 10:29     Kateqoriya : MÜSAHİBƏ    


	İbrahim Cəfərov: «Olmaz ölkə Vətəndaşı-Vətən Daşı olmayandan»

Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafı bu gün qarşıda duran ən mühüm məsələrdəndir. Neft erasının artıq başa çatması qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının  inkişafını gündəmə gətirib. Təbii ki, sözü gedən sahənin inkişafı ilk növbədə kadr hazırlığından keçir və keyfiyyətli kadr məsələnin həllinə doğru atılan sanballı addımdır. Elə bu səbəbdən də Azərbaycanda aqrar sahə üzrə təhsil verən yeganə ali təhsil müəssisəsində oldum, universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovla söhbətləşdim.

-İbrahim müəllim, bildiyimiz kimi qeyri neft sektorunun inkişafında kənd təsərrüfatının inkişafı xüsusi önəmə malikdir. Təbii ki, mütəxəssis hazırlığı daha vacib məsələdir. ADAU-da mütəxəssis hazırlığı hansı durumdadır?

-Bildiyiniz kimi cənab Prezident 2015-ci ili Kənd Təsərrüfatı İli elan etmişdi. Son müşavirədə hörmətli prezidentimiz İlham Əliyev bir daha aqrar sahənin inkişafı ilə bağlı dəyərli fikirlər səsləndirdi, tapşırıq və tövsiyyələrini bildirdi, bir sıra vacib göstərişlər verdi. Əslində cənab prezident bu ili də, gələn ili də, ümumilikdə bütün illəri Kənd Təsərrüfatı İli kimi keçirməyi qarşımıza məqsəd qoydu. Qeyri neft sektoru olaraq aqrar sahədən də  uğurlar qazanmaq və ölkəyə gəlir gətirmək lazımdır. Neftin qiymətinin düşdüyü bir vəziyyətdə aqrar sahənin önəmi daha da böyüyüb. Bu nöqteyi nəzərdən Azərbaycan Dövlət Aqrar Universiteti də kadr hazırlığına ciddi yanaşılır. Bu günlər təəssüflər olsun ki, ölkənin bir çox qabaqçıl fermer təsərrüfatlarında və özəl şirkətlərdə hələ də xarici mütəxəssislər işləməkdədir. Bunlar olmasın deyə bizim özümüzdən böyük diqqət və cəsarət tələb edilir ki, biz öz tədris planlarımızı yenidən təşkil edək, təkmilləşdirək. Biz yeni düşüncə tərzinə malik, innovasiyalara açıq olan mütəxəssislər hazırlayaq ki, onlar yeni texnologiyanın tətbiqinə nail ola bilsinlər, xarici dillərdən birini mükəmməl bilən gənc müəllim, eləcə də təsərrüfat işçisi kimi yetişə bilsinlər. Kadr hazırlığında olan boşluğu doldurmaq, bazar rəqabətinə davam gətirəcək kadr hazırlamaq üçün ilk öncə öyrədənlərdən başlamaq lazımdır ki, onlar da öyrədə bilsinlər. Təbiidir ki, bu gün Aqrar Universitetin tədris bazası Sovet dönəmindən qalan kadrlardır. Onlar da artıq müəyyən yaş həddinə çatıblar ki, artıq Aqrar Universitetdə nəsillərin dəyişmə prosesi başlamalı, kadrlar gənləşməlidir. Çox ümidverici gənclər vardır ki, biz onların inkişafı üçün hər cür şərait yaratmışıq. Magistr və aspirantlar arasından o gəncləri axtarıb tapırıq, seçib yeni müəllim kadrları arasına qoşuruq. Ümumiyyətlə universitetimizin qapıları belə gənclər üçün açıqdır və biz o gənclərin yolunu gözləyirik.

-Maddi texniki baza haqqında nə demək mümkündür?

-Maddi texniki baza haqqında onu deyə bilərəm ki, uzun illər Azərbaycan Dövlət Aqrar Universiteti gözdən uzaq, buraxılmış bir institut idi. Özəl islahatlar gedəndən sonra, kolxoz-sovxoz təsərrüfatları ləğv olunandan sonra 1,4 milyon hektar əkin sahəsi 1 milyon insan arasında paylandı, 872 min adam həmin təsərrüfatlardan əmlak payı aldılar. Ilkin durumlarda 1992-ci illərdən 2004-cü ilə qədər aqranom, baytar, zoomühəndis ixtisaslrı lazımsız kimi görünürdü. Amma bu gün ölkənin bu mütəxəssislərə böyük ehtiyacı var. Çünki Azərbaycanın iqtisadiyyatı gücləndikcə, iş adamları artdıqca ölkəyə müasir texnologiyalar, innovasiyalar, cins heyvanlar gətirilir. Ölkənin mühəndislik texnikası dəyişibdir. Təkcə Şəmkir rayonunda sahibkarlar tərəfindən 1500 hektar istixana kompleksi fəaliyyət göstərir. Bütün bunların hamısı yeni düşüncə tərzinə malik olan kadrların hazırlanmasını tələb edir. 2009-cu ildən başlayaraq Azərbaycan Dövlət Aqrar Universitetinin maddi texniki bazasının möhkəmləndirilməsinə, binaların əsaslı təmirinə dövlət tərəfindən böyük maddi dəstək göstərilir. Hər il 1,5-2,0 milyon manat vəsait ayrılır ki, bu da universitetin bu gün yüksək durumda olmasına gətirib çıxardı. Bu gün biz də, siz də universitetin nə qədər müasir olduğunun şahidiyik.

-Yeni lobarotoriyalar, tədris və informatika otaqları müasir tələblərə cavab verirmi və prespektivdə daha hansı məsələr var?

-Yeni laboratoriyalar, istehsal sahələri yaratmışıq. Indi ən önəmli sahələrdən biri aqranomiya sahəsidir ki, biz  burada mütəxəssis hazırlığı üçün bitkiçilik, əkinçilik, biologiya kafedralarında yeni laboratoriyalar yaratmışıq. Bu da universitetin yüksək tələblərinə cavab verir. Bu gün qarşımızda duran daha bir əsas məsələ istixana məsələsidir ki, hörmətli nazir Heydər Əsədov və BP (bi-pi) arasında bağlanmış razılığa əsasən yaxın günlərdə bir neçə istixananın qurulmasına başlanacaqdır. Baytarlıq sahəsində də maddi texniki sahə gücləndirilmişdir. Quşçuluq tədris mərkəzi, arıçılıq tədris mərkəzi, bildirçin yetişdirmə mərkəzi, balıqçılıq -qapalı və açıq mərkəzləri yaradılmışdır. Ancaq bütün bunlarla yanaşı təcrübə təsərrüfatımız da vardır ki, burada da 100 başa yaxın kiçik buynuzlu, 15 baş iri buynuzlu mal-qara və atlar saxlanılır. Bununla belə kiçik də olsa yeni tələbatlara cavab verən müasir bir ferma olması labüddür. Bu sahədə beynəlxalq layihə vardır ki, bu müasir tələblərə cavab verən ferma tikintisini baytarlıq fakultəsinin ərazisində inşa edək. 20 baş iri buynuzlu, 50 baş xırda buynuzlu mal-qara üçün nəzərdə tutulan müasir tələblərə cavab verən ferma olacaq. Mühəndislik istiqamətində də  cənab nazir Heydər Əsədov Aqrar Universitetə səfər etdikdən sonra Aqroloizinq xətti ilə universitetə kifayət qədər kənd təsərrüfatı texnikası verilibdir. Nazirlər Kabinetindən təcrübə sahəsinə getmək üçün üç “Hundai” avtobusu, bir kiçik tutumlu “Vita”,  ayrılıb. Bu gün universitetimiz müasir tələblərə tam cavab verir və yüksək ixtisaslı mütəxəssislərlə təmin olunub.

-Son illər ADAU da təcrübə saatlarına daha çox yer verilir. Təcrübənin sahələrdə aparılması nə deməkdir və tələbə bundan nə əldə edir?

-Bilirsinizmi necədir? Bu günləri Sovet təhsil sistemindən qalma bir təhsil anlayışı var-yüksək nəzəri bilikləri universitet verir, təcrübəni isə gənc mütəxəssis öz iş yerində qazanacaq. Bu günün tələbi isə başqadır.Mütəxəssis tam təcrübəli və yüksək nəzəri biliklərlə tələb olunur.Yüksək nəzəri bilikləri bizim universitetimiz həmişə verib.Auditoriyalarımız tam təchizatlıdır – computer, proyektor, yüksək təchizatlı kitabxana sistemi və internetlə təmin olunub. Kitabxanamızda 600000-dən çox kitab nüsxəsi və jurnallar var.Ancaq bunlar nəzəri bilikləri artırır.Kənd təsərrüfatı mütəxəssisi isə torpaqla, mal-qara ilə, yüksək texnologiyalı ferma ilə təmasda olur. Aqrar mütəxəssisin fəaliyyəti birbaşa təbiətlə olduğundan tələbənin gələcək iş yeri ilə tanışlığı məhz universitetdə aldığı praktiki bilikləri onu daha da təcrübəli yetişdirir. Gələcək aqranomun yüksək ixtisaslı mütəxəssis olması üçün universitetimiz bir neçə müasir fermer təsərrüfatları ilə və şirkətlərlə əlaqələr yaradıb tələbərin praktiki təcrübələrini artırması üçün orada işlə də təmin olunurlar.Cənab Prezidentimizin pabmıqçılığa verdiyi diqqəti nəzərə alaraq bir neçə gün bundan əvvəl tələbələrimiz 9 hektar sahədə pambıq əkini etdilər.

Əgər mühəndis əyninə kombinizon geyinib traktorla, mexanizmlərlə işləyib əli yağa batmırsa, aqranom şumda gəzməyib əl-ayağı torpağa bulaşmırsa, toxumun torpağa düşməsini görməyirsə, baytar fermaya daxil olub heyvanlarla işləməyirsə ondan gələcəkdə kənd təsərrüfatı mütəxəssisi olmaz. Bütün bunlar üçün universitetimizdə tələbələrə hər cür şərait yaradılıbdır. Elmin, istehsalatın birliyi yüksək mütəxəssis hazırlığına təminat verir.

- İbrahim müəllim, belə demək mümkündürmü artıq  ADAU da aqranomlar auditoriyada deyil təsərrüfatlarda hazırlanır?

-Bəli! Həm auditoriyada, həm də təsərrüfatda hazırlanır.Bu işlər qırılmaz bir həlqədir.Elmi tədqiqatlar öz təsdiqini ancaq torpaqda, alınmış məhsulun miqdarında və keyfiyyətində tapır.Tələbələr aldıqları nəzəri bilikləri müəllimləri ilə birlikdə özlərinin yaratdıqları tarlalarda təkmilləşdirirlər.Bu da yüksək mütəxəssis hazırlığına bir zəmanət verir.

- Bəs baytarlıq fakültəsində necə-tədrisin təcrübədə tətbiqi necə həyata keçilir?

-Yuxarıda qeyd etdiyim kimi universitetin təcrübə sahəsi vardır ki, burada saxlanılan mal-qara baytarlıq fakultəsinin tələbələrinin ixtiyarındadır. Onlar nəzəri biliklərini həmin təcrüfə fermalarında praktik biliklərə çevirirlər.Tələbələr universitetin avtobusu ilə təxminən 5 km aralıqda yerləşən təcrübə sahələrinə çatdırılırlar.Orada saxlanılan mal-qara, atlar xırda buynuzlu heyvanlar tələbələrimizin öz nəzəri biliklərini praktikada təkmilləşdirməsinə xidmət edir.Bundan əlavə Ağcabədidə yaradılan müasir keçi fermasında, Qəbələdə yaradılan heyvandarlıq kompleksində, “Atena” südçülük kompleksində istehsalat təcrübəsi keçirlər. Ötən il 10 tələbəmiz 6 ay müddətində Ankara, İstanbul, İzmir universitetlərinin baytarlıq klinikalarında təcrübə keçiblər, 25 tələbəmiz əczaçılıq üzrə bir ay müddətində Türkiyənin “19 mayis Universitetində“ təcrübədə oldular, 4 tələbəmiz yenə Türkiyədə müxtəlif universitetlərdə baytarlıq təcrübəsindədirlər, 6 tələbəmiz isə hal-hazırda Almaniyada təcrübə keçirlər. Bu tədbirlər beynəlxalq layihələr çərçivəsində davam etməkdədir.

- Baytarlıq fakültəsində quşçuluq,balıqçılıq təsərrüfatları var. Bu təkcə biznes maraqlarına xidmət edir yoxsa daha bir ali məqsəd daşıyır?

-Əlbətdə ki, bu biznes maraqlarından əlavə tələbələrin praktiki biliklərinin artırılmasına xidmət edir.Tələbələr həmin quşçuluq təsərrüfatında öz nəzəri biliklərini praktikada tətbiq edirlər- fermanın tempraturu, nəmişliyi, quşların yemlənməsi birbaşa tələbələrin öz iştirakları ilə bəslənir.Balıqçılıq da isə tələbələr bütün vegetasiya dövrünü müşahidə edirlər.Birbaşa tələbələrin iştirakı ilə balıq tutulub sinif otağına gətirilir.Bütün baş verən proseslər tələbələrin gözləri önündə olur. Məncə bundan ali məqsəd ola bilməz.

- Hörmətli rektor, burada çalışanların bir neçəsi bakalavr və magistrantlardır. Bu addım nəyə xidmət edir və səmərəsi nə ola bilər?

-Quşçuluq təsərrüfatımızda 4 tələbəmiz, balıqçılıqda 2 tələbəmiz yarım stat vahidi ilə işləyib məvacib alırlar, magistrantlarımızdan 20 nəfərə yaxın yarım stat vahidi ilə işləyirlər. Bu həm tələbələrin yaşayış səviyyəsinin yüksək saxlanmasına kömək edir, həm də onların təcrübəsinin artırılmasında bir vasitədir ki, onlar balıqçılıqda kürü tökməni, quşçuluqda bütün prosesləri və digər sahələrdə də baş verənləri canlı olaraq izləyirlər.Həmçinin bitkiçilik ixtisası üzrə də eyni addımlar atılır.Tələbə 3 gün nəzəri bilik aldıqdan sonra 4 gün boş qalır.Həmin 4 gündə isə tələbə təcrübə sahəsində işləyir, birbaşa öz bilklərini torpaqda təkmilləşdirir.Bütün bunlardan başqa tələbə özünü gələcək həyata hazırlayır, kollektivdə işləmək bacarığını təkmilləşdirir, birgə yaşayış qaydalarını öyrənir, tələbələrlə ünsiyyətdə olmağı onun pedoqoji kadr kimi yetişməsində mühüm amildir.Bu universitetimizin prioritetidir.Mən magistrantlarımızı universitetin gələcək müəllimləri kimi görürəm.

-Tələbə evinin açılışı oldu. Cənab Prezidentin iştitakı ilə.Daha biri də tikilir. Bu cür müasir tələbə evləri nə deməkdir və tədrisin keyfiyyətində hansı rola malikdir?

-Bəli, Cənab Prezidentin iştirakı ilə tələbə evinin açılışı oldu. Bu çox böyük uğurdur.Ötən ilin sentyabr ayından orada 520 nəfər tələbə komfort şəraitdə yaşayır.Hər çür təminat vardır. Bu bilirsinizmi nəyə görə yaxşıdır?- Ən əsası tələbə pis vərdişlərdən uzaq olur, başqa təsir altına düşmür. Ehtiyac ucbatından kirayədə qalaraq hansısa ailələrin təsiri altına düşmür.Tələbə evinin olması eyni zamanda tələbələrin özlərini cəmiyyətdə düzgün formalaşmasına zəmin yaradır, universitetdə müəllimlərin işlərini asanlaşdırır, tələbələrə nəzarəti asanlaşdırır.Böyük tədbirlərin keçirilməsinə köməklik göstərir.Tələbələrin birgə yaşayış qaydalarına riayət etməsinə böyük təsir edir.Olmaz ölkə Vətəndaşı-Vətən Daşı olmayandan. Ola bilər ki, o, gözəl aqranom olsun, ancaq Vətəndaş olmasın.Universitetin vəzifəsi layiqli Vətəndaş yetişdirməkdir.

Universitetimizin köhnə yataqxanasında 100-ə yaxın tələbə yaşayır.Mən tez-tez onlarla görüşüb problemləri ilə maraqlanıram.Onlara sovqatlar göndəririk. Ancaq bu gün yeni tələbə evində 520 nəfər tələbəyə ayrıca 80 nəfərlik kitabxana, həkim məntəqəsi, stomatoloji cabinet, 200 nəfərlik iclas zalı, hər mərtəbədə tələbələrin dərslərini hazırlamaları üçün 20-30 nəfərlik kiçik zallar, kompleksin daxilində fitnes klub, kişi və qadın bərbərxanası, mətbəxi, mağazalar fəaliyyət göstərir. Bütün bu şərait tələbələrin yüksək təhsil almalarına xidmət edir.Fürsətdən istifadə edib bir daha Hörmətli Prezidentimizə tələbələrimiz adından minnətdarlığımı bildirirəm.

Bütün bunlar Azərbaycan Prezidentinin və dövlətinin aqrar sahəyə diqqətinin təzahürüdür.Azərbaycanın universitetləri arasında ADAU-nun bu tələbə kompleksi yeganədir və həmin layihə əsasında ikinci kompleks tikilir və yaxın vaxtlarda istifadəyə veriləcəkdir.

- ADAU-da yeni təsərrüfat sahələrinin yaradılması barədə nə düşünürsünüz?

-Bu gün Azərbaycanda istehsal olunan kəndtəsərrüfatı məhsullarının böyük bir hissəsi istixanalarda yetişdirilir. Bizim də universitetin tərkibində müasir istixanaların tikintisinə böyük tələbat vardır.Bu həm də universitetin biznes maraqlarına xidmət edəcəkdir. Tələbə oxuduğu 4-6 il müddətində həm nəzəri, həm də praktiki biliklərə malik olacaqdır. Universitet də öz növbəsində dövlətdən asılılığını azaldacaq, müəyyən maliyyə vəsaitlərinə malik olacaqdır ki, bu da operativ şəkildə qarşıya çıxan problemlərin həllini tezləşdirəcək, yeni laboratoriyalar, cihazlar, yeni iş yerləri, ən əsası isə ölkə iqtisadiyyatına böyük töhvə olacaqdır.

Universitetimizin paxlalı bitkilər kafedrasında üç yeni paxla sortu alınıb və təsdiq olunub.Qarğıdalı sortumuz artıq rayonlaşıb.Universitetin 70 hektar sahəsində həmin qarğıdalı sortu əkilib becəriləcək, onun satışından alınan gəlirin bir hissəsi universitetin inkişafına sərf olunacaq, bir hissəsi orada çalışanların əmək haqlarının artmasına sərf olunacaq.Ən əsası da tələbəmiz o tarlada yetkin mütəxəssis kimi yetişəcək.

- Cənab rektor, qarşıdan qəbul imtahanları gəlir. Yaradılan bu şərait ixtisas seçimində sözünü deyə bilirmi?

-Biz bu istiqamətdə müəyyən işlər görürük-dəyirmi masalar təşkil edirik, görüşlər keçiririk, televiziyalarda video çarxlar nümayiş etdiririk. Təəssüflər olsun ki, bizim vətəndaşların əksəriyyətinin yaddaşında 30-40 il bundan əvvəlki zəif görünən kənd təsərrüfatı institutu qalıb. Heç bir maddi texniki bazası olmayan, köhnə uçuq binalarda yerləşən auditoriyalar qalıb.Ancaq bu günkü Azərbaycan Dövlət Aqrar Universiteti ASXİ deyil.Müasir korpusları ilə, yeni auditoriyalarla, təcrübə sahələri ilə təmin olunmuş təhsil ocağıdır.Dünyanın istənilən universiteti ilə sağlam rəqabət apara biləcək universitetdir. O, Azərbaycan Dövlət Aqrar Universitetidir ki, ən yüksən maddi texniki bazaya, müəllimlərə, tərbiyəli tələbə kollektivinə, 1100-dən artıq kompyuterlə təchiz olunmuş mühazirə otaqlarına, ağıllı lövhələrlə, anatomiya muzeylərinə, 160 kompüter quraşdırılmış iki imtahan otağına, 14 kompüterli elektron kitabxanaya, 10 ən yüksək icralı computer olan aqrar kafedraya malik universitetdir. Mən üzümü Azərbaycan gənclərinə tutaraq deyirəm: “Azərbaycanın gələcək inkişafı kənd təsərrüfatı üzərində qurulur. Siz də öz gələcəyinizi bizim universitet vasitəsi ilə təmin edə bilərsiniz.Mən gənclərimizi Aqrar Universitetdə təhsil almalarına çağırıram.Gəlin, öz gözlərinizlə yaradılan şəraiti görün və seçiminizi edin. Unutmayın, Aqrar Universitet 30-40 il əvvəlki Kənd Təsərrüfatı Universiteti deyil, bura Azərbaycan Dövlət Aqrar Universitetidir! 2016-cı ilin may ayının 17-də Universitetimizdə Tələbə Yarmarkası keçiriləcək, həmin gün Universitetimizi bitirmiş bütün tələbələri yarmarkada iştirak etməyə dəvət edirəm. Bu sizlər üçün universitetimizlə əyani tanışlıq da ola bilər!”

Xəyalə Süleymanqızı