Nizami Yusubov: «Lənkəran Dövlət Universiteti yeni inkişaf mərhələsindədir»

Tarix : 2016/05/15 16:11     Kateqoriya : MÜSAHİBƏ    


	Nizami Yusubov: «Lənkəran Dövlət Universiteti yeni inkişaf mərhələsindədir»

Dünyanı bürüyən qlobal-iqtisadi titrəyişlər iqtisadiyyatın regionlar üzrə bərabər paylanmasını labüd edir. Bu həqiqət danılmazdır. Dövlətimizin regionların inkişafına yönəlmiş diqqəti regionların mütəxəssisə olan tələbatını artırıb. Mütəxəssis hazırlığını ali məktəblər yerinə yetirdiyindən bizim yolumuz Cənub regionunda yerləşən Lənkəran Dövlət Universitetinə oldu. Qeyd edim ki, LDU ilə «Fakt-Araşdırma Təhlil» Analitik İnformasiya Agentliyinin “TƏHSİLİMİZ BU GÜN” adlı layihəsi çərçivəsində yaxından tanış olmuşduq. Ölkəmizin dilbər guşələrindən olan Cənub bölgəsi vaxtı ilə özünün kənd təsərrüfatı, kurort sənayesi ilə Sovet İttifaqında tanınmış idi. Hal-hazırda neft erasının sona çatması sadaladığımız təsərrüfat sahələrinə yenidən diqqəti yönəldib. Bu çətin və şərəfli iş Lənkəran Dövlər Universitetinin professor-müəllim heyətinin də üzərinə düşür. Həmsöhbətimiz Universitetin rektor vəzifəsini icra edən prof.  Nizami Yusubovdur.

-Nizami müəllim, tanışlığımız bu günə təsadüf etdiyindən gec də olsa Sizi yeni vəzifəyə təyin olunmanız münasibəti ilə təbrik edirəm.

-Çox sağ olun. Daha doğrusu, rektor vəzifəsinin icrası müvəqqəti olaraq mənə həvalə olunub. Belə ki, mən Azərbaycan Texniki Universitetinin “Maşınqayırma tex­nologiyası” kafedrasının professoru idim. Mən öncə Azərbaycan Respublikası Təhsil Naziri cənab Mikayıl Cabbarovun 09 sentyabr 2015-ci il tarixli əmri ilə Lənkəran Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olundum. Bu ilin mart ayının 29-dan isə LDU-da rektor vəzifəsini müvəqqəti olaraq icra edirəm. 

-Bu vəzifənin icrasına yeni başladığınızdan Sizinlə universitetin gələcək planlarından söhbət açmaq istərdim. Universitetlə tanışlığınız necə təsir bağışladı?

-Tədris işləri üzrə prorektor təyin olunduqda mənim vəzifəm LDU-nun tədris, tədris-metodiki və tərbiyə işlərinə bilavasitə rəhbərlik etməkdən ibarət idi. Amma həm universitet, həm də universitet kollektivi mənim üçün yeni idi. Bu baxımdan, ilk növbədə işlərimi universitet ilə tanışlıqdan və universitet həyatında tədrisin necə təşkil edildiyini araşdırmaqdan başladım. Araşdırmada məqsədim tədrisin ölkə standartlarına uyğunluğunu yoxlamaq, mövcud problemlər ilə tanış olmaq və səbəblərini bilmək və nəticədə, mümkün qədər tədrisin səviy­yə­sini yüksəltmək, tədris olunan fənlərin keyfiyyətinin tələblərə uyğun aparıl­ma­sını təmin etmək idi. İlk növbədə professor-müəllim heyəti ilə və tələbələrlə tanışlıqdan başladım. Tanışlıq nəticəsində mən hiss etdim ki, mənim və universitetin qarşısında çox çətin, lakin həlli mümkün olan məsələlər durur. Bəli, mən bir əsgər kimi Azərbaycan Respublikası Təhsil Nazirinin istənilən əmrini yerinə yetirməyə hazıram, eləcə də adı Azərbaycan olan Vətənimin, ocağımın hər bir qarışı mənə doğmadır, əzizdir. Bilirsiniz, ilk dəfə ailəm ilə Almaniya Federativ Respublikasının Braunşveyq Texniki Universitetinin Metalkəsən dəzgahlar və maşınqayırma texnologiyası institutunda (1 il 2 ay 27.09.1996/15.11.1997) çalışanda bəzən Lənkəran üçün, orta məktəb dostlarım üçün darıxardım. Bu hisslər insanın iç dünyasında gəlir. O vaxtdan fikirləşirdim ki, nə vaxtsa Lənkəranda işləyə bilərəm. Hətta əlimə keçən bəzi kitabları yiğıb saxlamışam ki, sonradan bu kitabları Lənkəran Dövlət Universitetinə bağışlayım. Suala cavabdan uzaqlaşmadan deyim ki, ilk olaraq məsləni belə qoydum ki, bir halda ki, Lənkəran Dövlət Universiteti müstəqil bir universitetdir, onun tədris etdiyi fənlər üzrə də müstəqil fənn proqramları olmalıdır. Lakin universitetimizdə bəzi fənlərin tədrisi Azərbaycan Dövlət Uni­ver­si­tetinin və Azərbaycan Dövlət Pedoqoji Universitetinin fənn proqramları üzrə apa­rılırdı. Qarşımızda məqsəd qoyduq ki, fənn proqramlarının hamısını özü­müz tərtib edək. Çünki bütün eyni profilli universitetlər məhz özlərinin işlədikləri fənn proqramları ilə fərqlənirlər ki, bu da müasir dövrdə əmək bazarında mütəxəssilərə olan tələbatın ödənilməsində və məzunların iş yerləri ilə təmin olunmasında həlledici amil ola bilər. Hər bir universitetin yerləşdiyi regionun spesifikasına, mövcud kadr potensilaına və universitet ənənəsinə uyğun olan diqqət çəkən fərqləri vardır. Universitetlər arasında fərqi yaradan məhz bu amildir. Biz də bu xüsusiyyəti nəzərə almalı, tədris prosesində fənn proqramlarımızı bu xüsusiyyətə yönəltməliyik.

-Müstəqil Universitet kimi Sizin universitetin strukturu barədə məlumat verərdiniz.

-Universitetimizdə 4 fakültə vardır ki, bu fakültələrdə də 14 ixtisas üzrə mütəxəssis hazırlanır. Qeyd etdiyim 4 fakültə -Humanitar və Pedoqoji Elmlər fakültəsi, İqtisadiyyat və İdarəetmə fakültəsi, Təbiyyət fakültəsi, Əlavə Təhsil fakültəsidir.  Universitetdə 11 kafedra vardır. Gələcək planlarımda Əlavə təhsil fakültəsini tədris şöbəsinin bir bölməsi və ya ayrıca bir şöbə kimi formalaşdırmaqdır. Kafedralar da müəyyən dəyişikliklər etməyi planlaşdırıram. Eləcə də regionun coğrafi mövqeyini, iqtisadi inkişafını, tarixi ənənəsini nəzərə alaraq görərik ki, bu regionda lazım olan meşəçilik, aqronomluq, baytarlıq, torpaqşünaslıq və aqrokimya,  meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi, ekologiya mühəndisliyi, turizm və otelçilik üzrə mütəxəssislərə tələbat böyükdür. Yadımızdan çıxartmayaq ki, vaxtı ilə bu bölgə Sovet İttifaqının ikinci tərəvəz bostanı sayılırdı. Vaxtı ilə İttifaqın bütün bölgələrinə faraş tərəvəz məhz bu bölgədən gedirdi. Bölgənin böyük kurort –istirahət potensialı vardır və indi də inkişaf etməkdədir. Bu baxımdan, bu il regionun tarixini, coğrafi mövqeyini, iqtisadi ənənəsini nəzərə alaraq qəbul plan layihəsinə yeni ixtisaslar əlavə etmişik və  gələn tədris ilindən yeni 8 ixtisas tədris olunacaqdır. Professor – müəllim heyətimiz bu ixtisaslar üzrə tədris proqramlarını hazırlayır, bəziləri təsdiq olunub, bəziləri də bu yaxınlarda təsdiq olunacaqdır. Beləliklə, yeni tədris ilindən 22 ixtisas üzrə tədrisimiz davam edəcək. Ümumiyyətlə, yaxın vaxtlarda LDU-da gələcək planlarımız ilə bağlı böyük struktur dəyişiklikləri gözlənilir.

-Bütün bu məlumatlar çox fəxr edicidir. Nizami müəllim, bu ixtisasları tədris etmək üçün müəllim heyəti varmı, yoxsa dəvət olunmuş müəllimlər hesabına tədris olunacaq?

-Bu yeni ixtisasları universitetimizdə tədrisinə başlamamışdan əvvəl regionun elmi-istehsalat potensialını öyrəndik. Regionumuzda sadaladığım ixtisasların tədrisi üçün bütün imkanlar vardır və mütəxəssislər də məhz regionun özündən olacaqdır. İstehsalat bazası da regionda vardır. Kənardan dəvət olunmuş mütəxəssislərin sayını mümkün qədər azaldacağıq. Bu həmin mütəxəssislərin yol-məişət problemləri ilə əlaqədardır. Həm də yerli mütəxəssislərin işlə təmin olunması bizim uğurumuzdur. Qeyd edim ki, professor-müəllim heyətimizin orta yaş həddi - 55 yaşdır. Bu qəbul olunan həddir. Lakin bu yaş həddini daha da cavanlaşdırmaq üçün respublikanın başqa universitetlərinin magistraturasını bitirmiş məzunları universitetimizə dəvət etmək istərdim. Bunun üçün mütləq şərt kimi onların doktorantura səviyyəsində oxumaqları lazımdır. Bəzi mütəxəssisləri isə bizim universitetin dissertantı olmaq şərti ilə qəbul edəcəyik. Universitetimizdə dokorantura, dissertantura müxtəli ixtisaslar üzrə mövcuddur və gələcəkdə bu istiqamətdə işlər elə təşkil olunacaq ki, Lənkəran Dövlət Universiteti olaraq kadrlarımıza olan ehtiyacımızı bölgəmizin gənc mütəxəssilərinin hesabına ödəyək.

-Yeni ixtisasların tədrisi üzrə universitetin maddi –texniki bazası varmı və tələbələrin nəzəri biliklərini praktiki məşğələlərlə möhkəmləndirilməsi üçün lazımi şərait necədir?

-Tədris olunan ixtisaslar üzrə bütün laboratoriyalarımız var. Lakin deməliyəm ki, universitetimizin maddi-texniki bazasının yenilənməsinə və genişləndirilməsinə böyük ehtiyac var. Texnika və texnologiya yüksək surətlə inkişaf edir. Dünən yeni olan hər-hansı bir cihaz sabah köhnəlmiş olur. Bu gün üçün maddi-texniki bazamız imkan verir ki, tədrisimizi yüksək səviyyədə aparaq. Biz eyni zamanda gələcəyə yönlən hədəflərimizi də müəyyənləşdirmək üçün universitetdə bu işlərə məsul şəxslərlə müzkirələr aparmışıq, tədbirlər planı işləmişik. Məsələn, bütün kafedra müdirləri ilə belə qərara gəlmişik ki, kafedraların gələcək inkişafını planlaşdırsınlar, qarşıdan gələn illər üçün tələb olunan alətlərin, cihazların, elmi ədəbiyyatların siyahısını təqdim etsinlər ki, biz də fəaliyyətimizi məhz bu istiqamətlərə yönəldək. Hal-hazırda bu istiqamətdə işlər uğurla aparılır.

-Nizami müəllim, “Məzun Yarmarkası” keçirmək istərdinizmi?

-Əlbətdə ki, istərdik. İşçi bazarını öyrənmək baxımından bu gözəl addımdır. Demək istəyirəm ki, ölkədə və regionda olan şirkətlər bəzən universitetlərlə işləməyə maraq göstərmirlər. Hazır texnologiyaları kənardan almaq onlar üçün bəzən çox sərfəli olur. Bu isə ölkədə elmin inkişafını ləngidir. Mən istərdim ki, bu barədə biz bütün iş adamları və müəssisələr ilə elə  işçi bazası yaradaq ki, müəssisələr elm ocaqları ilə birgə  çalışmaqda maraqlı olsunlar və bunun da nəticəsi kimi mütəxəssis hazırlığında bir başa maraqlı olsunlar. Bütün bunlar üçün öncə müəssisə rəhbərləri ilə danışıqlar aparılmalıdır. Belə olduqda mütəxəssis hazırlığı yüksək səviyyədə olar və işçi bazarında durğunluq aradan qalxar. Əmək bazarının tələbatına uyğun mütəxəssis hazırlığına nail olmuş olarıq. Mənim qarşıma qoyduğum vacib məsələlərdən biri də məhz belə bazanın yaradılması istiqamətində fəaliyyətimi dayanmadan artıqrmaqdır. Bunları da həyata keçirmək üçün zamana ehtiyacımız var.

Bir də onu da qeyd edim ki, biz məzunlarımızın işə düzəlmə statistikasına görə Respublikada dördüncü yeri tuturuq.

Qeyd edim ki, universitetimiz ictimaiyyətə və işgüzar insanlara açıqdır. Biz hamının fikrini öyrənmək üçün həmişə hazırıq.

-Universitetin tələbələrindən razısınızmı?

-Tələbələrimiz elmə həvəsli Vətənpərvər gənclərdirlər. Bunu apreldə baş verən məlum hadisələr zamanı tələbələrimizin orduya dəstək olduqlarını nümayiş etdirmələri ilə bir daha sübut etdilər. Flaşmob keçirtdilər. Bütün şəhər əhalisi bu dəstəyi alqışladı. Tələbələrimizdən razıyam. Onlara və bütün professor-müəllim heyətinə uğurlar arzulayıram. Ümidvaram ki, gələn il bu zaman görüşəndə yeni nailiyyətlərimizlə respublika ictimaiyyətini tanış edəcəyik. 

Xəyalə Süleymanqızı