Ümit Silman: «Londonun Avropa Birliyinə ehtiyacı yoxdur»

Tarix : 2016/06/24 20:34     Kateqoriya : MÜSAHİBƏ    


	Ümit Silman: «Londonun Avropa Birliyinə ehtiyacı yoxdur»

Ümit Silman: “Birlik yaradılanda Fransanın ozamankı rəhbəri Şarl de-Qoll İngiltərənin üzvlüyünün əleyhinə çıxmışdı…”

Böyük Britaniyada, çoxdan gözlənildiyi kimi, ölkənin Avropa Birliyində qalıb-qalmamasına dair referendum keçirilərkən, yəni proses davam edən zaman Londonda yaşayan dünya şöhrətli səyyah, türk əsilli Britaniya vətəndaşı Ümit Silmanla söhbətləşdim. Soruşdum ki, bəşəriyyətdə qloballaşma prosesi getdiyi halda Britaniyanın Avropa kimi güclü, Inkişaf etmiş birlikdən ayrılmaq qərarına gəlməsinin səbəbi nədir. Nəticə necə olacaq: ingiltərə ayrıldığı təqdirdə nəyi udub-uduzacaq, Avropa Birliyinin qazancı nə olacaq. Xeyli danışdıq, yəqin maraqlı olar deyib sətirlərə çevrilən söhbətimizi siz oxucularla paylaşıram:


- Hazırda Böyük Britaniya əhalisinin yarıdan çoxu Avropa Birliyində qalmağın əleyhinədir. Onlar təkbaşına daha təhlükəsiz və rahat olacaqlarını düşünürlər.


- Məncə, ingilislərin bu mövqedə dayanmaları üçün bir səbəb olmalıdır…

- Onlar deyirlər ki, Avropa Birliyi miqrant axınını dayandırmalı, qaçqınları qəbul etməməlidir. Qorxurlar ki, miqrantların Avropa Birliyində çoxalması hansısa formada mənfi təsirini göstərəcək. Başqa qorxduqları bir şey isə budur ki, Avropa Birliyində olduqları müddətdə ingilis funt-sterlinqi avro qarşısında dəyərdən düşəcək. Görürsünüz, Britaniya əhalisi mühafizəkar mövqe nümayiş etdirir.


- Bəs Britaniyada yaşayan gəlmələr, necə deyərlər, ingilis olmayanlar bu məsələdə nə fikirləşir? Onlar da Avropa Birliyinin əleyhinədir?

- Gəlmələr, o cümlədən, türklər Britaniyanın Avropa Birliyində qalmasını istəyirlər. Britaniya və Türkiyə hökumətləri arasında imzalanmış Ankara müqaviləsi mövcuddur. Həmin sazişə görə, türklər hətta Britaniyada vergilərini ödəmək şərti ilə iş yerləri də aça bilərlər. Hətta istəsələr həmin türklərin öz qohum və dostlarını də İngiltərəyə gətirib, yanında işlə təmin etmək imkanları da var. Ancaq Britaniya Avropa Birliyindən ayrılsa türklər bu imkanlardan məhrum olacaqlar. Özü də təkcə türklər deyil, digər xalqların təmsilçiləri də eyni vəziyyətə düşəcəklər. Məsələn, bura yeni gəlmiş bolqar və rumınlar da öz ölkələrinə qayıtmaq məcburiyyətində qalacaqlar.

- Konkret desək, siz Birlikdən ayrılmağın əleyhinəsiniz…

- Hə, elədir...


- İngiltərənin Avropa Birliyindən ayrılmasını daha çox kimlər istəyir: iqtidar, yoxsa müxalifət?

- Məncə, millətçi, irqçi ingilislər. Onlar miqrantlarım tam əleyhinədir və Birlikdən çıxmaq üçün də, bayaq dediyim kimi, bunu bəhanə gətirirlər.

- İrqçilər iqtidar düşərgəsində də varmı? Niyə soruşuram, axı iqtidar məsuliyyət daşıyır…

- Bəlkə də fərdi yanaşmalar ola bilər, amma iqtidar Avropa Birliyində qalmağın tərəfdarıdır.

- Məncə Londonun təkbaşına qərar verməsi mümkünsüzdür. Axı Şotlandiyanın, Uelsin, Belfastın mövqeyi nəzərə alınmalıdır…


- Şotlandiya və Şimali İrlandiya daha əvvəldən veriləcək qərarla razılaşacaqlarını bildirmişdilər.

- Siz Britaniya vətəndaşı olaraq bilməmiş olmazsınız: İngiltərənin Avropa Birliyindən ayrılmasının ölkəyə iqtisadi təsiri necə olacaq?

- Məncə, ən məntiqli olanı Britaniyanın Avropa Birliyində qalmasıdır. Çünki ayrıldığı təqdirdə London Avropa Birliyindən maliyyə dəstəyi ala bilməyəcək. Digər yandan, çıxmaq qərarı verilsə gələcəkdə bir də bu birliyə qayıdtmaq şansı olmayacaq. Avropada söz haqqı olmaq imkanlarını da itirəcək.


- Avropanın itirəcəyi heç nə yoxdur? Xatırlayıram, ingilis mühafizəkarlardan biri nə vaxtsa “İngiltərə Avropadan daha böyükdür” demişdi…

- Onsuz da Birlik yaradılanda Fransanın o zamankı dövlət başçısı Şarl de-Qoll Britaniyanın üzvlüyünün əleyhinə çıxmışdı, ingilislər bunu unutmayıblar. Uzun müddət gözlədilər, Fransada referendum keçirildi və fransızlar “hə” deyəndən sonra Britaniya Avropa Birliyinə qəbul edildi.

- İngiltərənin Avropa Birliyindən getməsinin səbəblərindən biri guya Türkiyənin bu Birliyə üzv olma istəyinin az qala reallaşmasıdır. Bu nə dərəcədə əsaslandırılmış bəhanə ola bilər?

- Bilirsiniz, əgər Fransa və Almaniya Türkiyənin bu birliyə qəbul edilməsinə qərar verəcəksə, məsələ bitmiş sayılacaq. Bu halda ingilislərin nə düşünməsinin heç bir mənası qalmayacaq.


- Niyə, axı Britaniya dünyanı idarə edən superdövlətlərdən biridir…


- Fərqi yoxdur, Avropa Birliyinin bütün məsuliyyəti Fransa ilə Almaniyanın üzərindədir.


- Deməli, ingilislər qürur davası edirlər…


- İngiltərənin Avropa Birliyində səlahiyyətləri düşündüyünüz qədər də geniş deyil və ona görə də Londonun Avropa Birliyinə ehtiyacı yoxdur. Buna baxmayaraq, İngiltərənin Avropa Birliyində qalacağını düşünürəm. Çünki hökumət belə istəyir.

- Bayaq dediniz ki, Fransa və Almaniya Türkiyəni qəbul edərsə ingilislər heç nə deyə bilməz. Yəni Fransa və Almaniyanın Ankara ilə bu sözegedən birlikdə müttəfiq olmaq arzusu var?

- Onlar Türkiyənin başını aldadır, hesab edirəm müsəlman ölkəsi olduği üçün heç vaxt onu Birliyə qəbul etməyəcəklər. Amma bunu birbaşa, açıq-aşkar demirlər – Avropa Birliyi konkret xristian klubudur. Hə, onu da deyim ki, bu gün Türkiyənin iqtisadiyyatı Avropa Birliyinin iqtisadiyyatından qat-qat yaxşı vəziyyətdədir.

- Bu halda, deməli, İngiltərə Türkiyə amilindən birmənalı şəkildə bəhanə olaraq yararlanmaqdadır. Yəni İngiltərə yaxşı bilir ki, Türkiyə heç vaxt bu Birlikdə olmayacaq…


- Doğrudur, amma açıq demirlər. Çünki bu böyük siyasətin tələbidir.

- O zaman Türkiyə nə etməlidir?


- Türkiyənin çıxış yolu türk birliyini qurmaqdadır. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və hətta Şimali Kipr türk Respublikası bir bayraq altında birləşməlidir. Yeri gəlmişkən, mən Özbəkistandan bu yaxınlarda qayıtmışam, ora əsl türk dövlətidir.


- İngiltərə çıxmaq qərarı versə, Avropa Birliyinin aqibəti necə olacaq, avro dəyərdən düşəcəkmi?


- Əlbəttə, hər şey ola bilər. Onsuz da bu gün ingilis funt-sterlinqi dollar və avro qarşısında daha güclüdür.
- Siz vətəndaş olaraq səsverməyə getmişdiniz?


- Məntəqəyə getmədim, elə evdən internet üzərindən səs verdim.


- Sirr deyilsə qərarınız necə oldu?


- Bir türk olaraq Britaniyada yaşayan türklərin maraqlarını qorumaq üçün Avropa Birliyində qalmağa səs verdim.

- İngiltərənin ayrılmasında, yəni Avropa Birliyinin parçalanmasında Rusiyanın rolundan danışılır, bu planın Moskvada hazırlandığı iddia edilir…

- Belə bir şeyin ola biləcəyinə qətiyyən inanmıram. Nə Avropa Birliyi, nə də İngiltərə Rusiyanın təsirinə düşə bilməz. Bunlar ,sadəcə, sıradan səsləndirilmiş gümanlardır, ciddi hesab eləməyin.

 Vüsal Tağıbəyli