Cahilləri həqqə çağıran təriqət

Tarix : 2016/02/02 18:12     Kateqoriya : ARAÅžDIRMA    


	Cahilləri həqqə çağıran təriqət

Tarixi şəraiti nəzərə alaraq Sufilərin həyat və yaradıcılığına tarixi və elmi qiymət vermək hər birimizi borcudur.

Bütün canlıların əşrəfi sayılan insanı da, yeri və göyü də bir yaradan xəlq edib. Həmin yaradanı da dərk etmək qədim insandan başlayaraq bu günə kimi bizləri də özünə cəlb edir. Sufilər də yaradanı dərk etmək istəyən - dünya görüşünün nümayəndələrindəndirlər. Bu dəfəki mövzu cahilləri qəflət yuxusundan oyanmağa çağıran sufilərdəndir.

 O qafillər ki, təkcə Allaha, dinə qarşı cahil deyillər. Onlar ətrafı, inkişafı, sərbəst düşüncədən doğan fikirləri də dar çərçivə içərisində görən və özlərini də o çərçivəyə salan insanlardırlar. Sufiliyin də əsas amalı qafilləri həqqə çağırmaq olub ki, bu yolda da onlar sufiliyi dərindən yaşayıb həmin qafilləri oyanmağa səsləyərək dəhşətli ölümü qəbul edib, öz inamlarından dönməyiblər. Bununla da həmin şəxslər mərifət elminin ən yüksək səviyyəsinə qalxaraq həqqi bəşər övladına çatdırmışlar. Bu nümayəndələr arasında adlarını tarixə qanları ilə yazmış dahi şəxsiyyətlər də vardır...

“Sufizim” sözü qədim hindi dilindən qədim yunanlara keçmiş sofos-müdrik sözünün fars dilində yazılış qaydasına uyğun olaraq sofos fikir, düşüncə dərk etmə mənasında işlənir. Həmçinin qədim ərəb dilindən “sufi”lik mənası yun parça deməkdir. İlk sufilərin Mədinə ətrafında yun parçaya bürünüb yaşamaqlarından formalaşan termindir. İlk sufilər, yəni “yuna bürünmüşlər” şəxsi iradədən tam imtina edib Allaha sevgi ilə yaşamağı təlim edirdilər. Qəlbində Allah sevgisi olan sufilərin kin-kidurətlə işləri olmazmış. Hətta sufilərə görə, qəddarlıq və məkirliyin sahibi olduğu könüldə eşq yurd sala bilməz. Sufi bunların hamısından uzaqdır. Onların gözlərindən ancaq bulaq kimi mərhəmət və Allah eşqi qaynaya bilər.

Sonralar sufilər klassik fars poeziyasının təsiri altında mistik məhəbbəti təlqin edənlər sırasında olmuşlar. Təkamül nəticəsində sufizm panteik xarakter almış Allahı dərk etmə səviyyəsinə qalxmışdır. Sufizmin əsasında İslama qədər olan dövr buddizm və xaçpərəstliyin təsirində olmuşdur. Sufizm İslam tarixindən başlayaraq dörd əsas mərhələdən ibarətdir:

1.”Şəriət”-İslam dininin qaydalarına qeyd şərtsiz əməl etmək.

2.”Təriqət”-Şeyx, pir yanında “müridlik” etmək, şəxsi iradəni boğaraq namaz və dualar vasitəsi ilə zikr etmək.

3.”Mərifət”-həddinə qalxmaq, ürəyində Allah sevgisini dərk etmək, xeyir və şərin Allahdan olacağına inanmaq.

4.”Həqiqət”-həddinə çatmaq, Allahın vasitəsi ilə dünyanı dərk etmək.

Sufizm İslam şərqinin poeziyasına, fəlsəfəsinə və elminə böyük təsir etmişdir. Bunların arasında sufizmin görkəmli nümayəndələri olan Əl-Qəzəlini, Sufi Əliyar, Məhəmməd Fizuli, Şah İsmayıl Xətai, Nəimi, İmadəddin Nəsimi kimi böyük alim, şair və sərkərdələr olmuşlar.

Yaxın Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi kimi adı çəkilən İmadəddin Nəsimi, şərəfli adı, məsləki uğrunda dara çəkilib diri-diri dərisi soyulan, son nəfəsində belə öz sözündən dönməyən bu mərd insan sufiliyin ən yüksək səviyyəsinə qalxmışdır. Bununla da sufiliyin daha da geniş yayılmasında əvəzsis xidməti olmuşdur. Sufizmin İslam tarixində özünəməxsus bir rolu vardır. Nəsiminin və dərvişlərin təbliğ edib yaydığı Sufilik dünyanı dərk etmə, müdriklik səviyyəsinə qalxma məktəbidir.

Kiçik yaşlarından mükəmməl təhsil görmüş Seyid Əli İmadəddin Nəsimi fəlsəfi və dini cərəyanları öyrənməyə böyük həvəs göstərmişdir. O, Nizami, Xaqani, Məhsəti, Fələki, Zülfüqar Şirvani, Arif Ərdəbili, Mahmud Şəbüstərinin əsərləri ilə tərbiyələnmiş, eyni zamanda Yaxın Şərqin böyük alimləri Cəlaləddin Rumi, Rudəki, Sədi Şirazi, Əttar və başqalarının əsərlərini dərindən öyrənmiş ərəb və fars dillərini, bu dillərdə mükəmməl əsərlər yarada biləcək səviyyədə bilmişdir. Nəsiminin yaşadığı dövürdə Yaxın Şərq ölkələrində feodal zülmünə və istismarına qarşı mübarizə genişlənir və Yaxın Şərqdə rəsmi dini görüşlərlə müxalifət təşkil edən yeni dini təriqətlər meydana çıxmışdır. Bu təriqətlər məscidə qarşı sufi təkyələrini qoyur, yeni təriqət başçıları öz görüşlərini geniş şəkildə təbliğ dərək ətraflarına tərəfdarlar toplayırdılar və imkan tapcıqca da hakimiyyəti ələ almağa çalışırdılar. Yaxın Şərqdə bir sıra kəndli üsyanları təriqət pərdəsi altında gedir və bu mübarizə bədii əsərlərdə öz əksini tapırdı. Təriqət başçıları öz nəzəri fikirlərini İslam dini görüşlərinə əsaslanaraq təbliğ edir, xüsusən mənzum əsərlərin yaranmasına daha çox fikir verirdilər. Yaxın Şərqin Şeyx Mahmud Şəbüstəri, Cəlaləddin Rumi, Marağalı Əvhədi kimi görkəmli şairləri öz panteist fikirlərini müridləri və dərvişlər vasitəsi ilə daha geniş yayırdılar.

Şərq panteistləri-sufilər özləri də müxtəlif qollara ayrılaraq öz nəzəriyyələrini dərvişlər vasitəsilə təbliğ edirdilər. Gənc Nəsimi Şərqdə gedən bu fikir mübadiləsini izləməyə başlamış ilk dəfə “Ənəlhəqq” dediyi üçün 10-cu əsrdə Bağdad şəhərində dara çəkilmiş Həllac Mənsur Hüseyninin təriqətini daha çox bəyənmiş, eyni zamanda Ərdəbildə geniş təbliğat aparmaqda olan Şeyx Səfi canişinlərinin görüşlərinə rəğbət bəsləmişdir.

Yaxın Şərqi Teymur ordularının istila etməsi nəticəsində yeni bir təriqət-“Hürufilik” geniş yayılmağa başlamışdır. Nəsiminin ailəsi üzvlərinin Fəzlullah Nəimi ilə şəxsən tanışlığı Şirvanda hürufi görüşlərinin yayılmasında müəyyən rol oynamışlar.

Həmin vaxtdan etibarən hürufiliyi qəbul edən İmadəddin Nəsimi təxəllüsü ilə yazmağa başlamışdır. Lakin hadisələr hürufilərin arzuladığı kimi getmir. Fəzlullahın vəhşicəsinə edamından sonra Nəsimi Fəzlullahın ailə üzvləri ilə birlikdə Azərbaycanı tərk etmiş, bir müddət Anadoluda yaşamış, sonralar Yaxın Şərqin böyük iqtisadi və mədəni mərkəzlərindən olan Hələb şəhərində məskunlaşmışdır. Rəsmi dini görüşlərlə müxalifət təşkil edən hürufilik Misir məmlükləri tərəfindən təqib olunurdular. Hələb şəhərində məskunlaşdıqdan sonra Nəsimi öz fikirlərini geniş təbliğ etməyə başlayıb. Ətrafına öz tərəfdarlarını yığaraq hürufiliyi böyük bir qüvvə kimi Misir məmlüklərinin üzərinə yeridir.

Nəsiminin belə şöhrət tapması qardaşı Şah Xəndanı qorxuya salır və Nəsimini ehtiyatlı olmağa çağırır. Ancaq öz iradəsindən dönməyən şair qardaşına yazdığı şeirdə mübarizəni dayandırmayacağını, böyük inam və ruh yüksəkliyi ilə fəaliyyətini daha genişləndirəcəyini bildirir:

Dəryayi mühit cuşə gəldi,

Kövnilə məkan xüruşə gəldi.

Sirri əzəl oldu aşikara,

Arif necə eyləsin müdara?

Nəsiminin artan nüfuzu Hələb hökümdarlarını qorxuya saldı və Nəsimini həbs edib zindana saldılar. Onun fikirlərini və əsərlərini yanlış məlumatlarla Misir məmrükünə göndərdilər. Həmin məlumatları oxuyan məmlük Nəsiminin diri-diri dərisinin soyularaq yeddi gün meydanda asılı, hamıya göstərilməsi barədə hökm verir. Bütün bunlara baxmayaraq Nəsimi son nəfəsində belə “Ənəlhəqq” deyərək ölümünü qəbul edir...

Nəsiminin faicəli ölümü də göstərdi ki, sufiliyin yüksək həddinə çatmış insan hətta ən dəhşətli ölüm qarşısında da öz inamından dönmür, ölümü belə şərəflə qarşılayır.

Ən maraqlısı da budur ki, həmin illərdə Qərbi Avropada gedən kilsə islahatı uğrunda mübarizədə diri-diri yandırılan Yan Bus da Hələf şəhərində olmuş, çox guman ki, hürufi nəzəriyyəsi ilə tanış olmuşdur.

Bu məqalədə sufiliyin bəşər tarixinə verdiyi görkəmli alim, ədib, böyük şair Nəsiminin həyat və fəaliyyətinə nəzər saldıq. Tarixi şəraiti nəzərə alaraq onların həyat və yaradıcılığına tarixi və elmi qiymət vermək hər birimizi borcudur.

Xəyalə Süleymanqızı