Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmayan bir ölkədir

Tarix : 2016/02/02 18:27     Kateqoriya : MÖVQE    


	Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmayan bir ölkədir

Təəssüflər olsun ki, Almaniyanın müyyən siyasi dairələri, ictimai xadimləri tərəfindən borc , məsuliyyət hissi unudulub...

Mən bu sətirləri yazmaqla içimdəki nifrəti boğaraq haqqımı tələb etmək, bir ölkənin vətəndaşı kimi xalqımın mənafeinə xələl gətirən fikirlərin qərəzli olduğunu sübuta yetirmək, məkirli insanların çirkin əməllərini göstərmək əzmindəyəm.

Almaniya Bundestaqının bugünlərdə Azərbaycanda insan haqqlarının pozulması ilə əlaqədar qəbul etdiyi qətnamə və bu ölkənin müəyyən siyasi dairələrinin, mətbuat orqanlarının ölkəmizə qarşı başladığı qara piyar kampaniyası belə qənaətə gəlməyə əsas verir ki, alman siyasətçiləri, bəzi ictimai xadimlər öz keçmişlərini, tarixi həqiqətləri tamamilə unutmuşlar.

Alman xalqının ünvanına böhtan və əsasız tənqiddən uzağam, uzaqgörən, həqiqəti dəstəkləyən almanların əməllərinə hörmət bəsləyirəm.

Ancaq bu gün ağızdolusu insan hüquqlarından, demokratiyadan, bəşəri dəyərlərdən, həmrəylikdən danışan və dünyaya dərs vermək istəyən, Azərbaycanın imicinə ziyan vuran, ölkəmizi gözdən salmağa yönələn fikirlər söyləyən, reallığı, həqiqəti əks etdirməyən sənədlər qəbul edən almanlara demək istəyirəm ki, çevrilib bir az geriyə baxın, vaxtı ilə sizin kimi araqatan, qan salan atalarınızın, babalarınızın əməllərinə nəzəry etirin, tarixi vəhşilikləri, törətdiyiniz faciələri yada salın.

Əslində indi demokrayiyadan, insan hüquq və azadlıqlarından, bəşəri ideyalardan, bərabərlikdən, dostluqdan söz düşəndə, danışılanda hər bir alman ehtiyatlı olmalıdır, düşünüb daşınmalıdır, hər sözünü götür-qoy etməlidir, hətta, utanc hissi keçirməli, zülm etdikləri xalqlar qarşısında başını aşağı tikməlidir.

Çünki XX əsrdə tarixdə bərabəri olmayan iki qanlı müharibənin törədilməsinin, 50 milyondan çox insanın öldürülməsinin, milyonların şikəst edilməsinin, yurdsuz-yuvasız qalmasının, saysız-hesabsız kəndlərin, şəhərlərin, ölkələrin, tarixi-mədəniyyət abidələrinin məhv edilməsinin, xarabazarlığa çevrilməsinin səbəbkarı Almaniya dövləti olub.

Yuzminlərlə insanı qaz kameralarında, əsir düşərgələrində qətlə yetirən, dinc sakinləri diri-diri yandıran, asan, torpağa basdıran, qocalara, uşaqlara, qadınlara qarşı görünməmiş vəhşiliklər törədən, işğal olunan əraziləri yer üzündən silməyə çalışan millətçi almanlar deyilmi?

Tarixdə analoqu olmayan qəddarlığı, zülmü, işgəncəni törədən, tədbiq edən və bəşəriyyətin nəzərində qorxulu bir kabus kimi tarixiləşən alman faşizmidir və həmin faciələrin iştirakşıları bu gün insan hüquqlarından necə gəldi danışan, pulla ələ alınıb müyyən siyasi dairələrin, erməni lobbisinin quluna çevrilən, haqqı-ədaləti danıb qarayaxmalarla məşğul olan, müstəqil siyasət yeridən, inkişaf edən Azərbaycanı təsir altına salmağa, boğmağa, özünə tabe etdirməyə səy göstərən bir çox siyasətçilərin, deputatların, məmurların atalarıdır, babalarıdır, əzizləridir.

Almaniya dövləti, almaniyalı siyasətçilər əcdadlarının törətdikləri insan qırğınlarına, faciələrə görə bəşəriyyət, tarix qarşısında günahkardır, müharibələrin dəhşətlərini görüb yaşayan və zülmə məruz qalan xalqlara, millətlərə həmişə borcludurlar.

Çox təəssüflər olsun ki, Almaniyanın müyyən siyasi dairələri, ictimai xadimləri tərəfindən bu borc , məsuliyyət hissi unudulub.

Bir çox siyasətçilər, sözsahibi olan insanlar yenidən alman xalqını sınağa çəkir, millətçilik hisslərini alovlandırır, ayrı-ayrı ölkələrin daxili işlərinə müdaxilə edib aranıqızışdırır, düşmənçilik yaradırlar.

Bu insanlar Almaniya dövlətini dünyada demokratiyanın və hümanizmin carçısı, dayağı kimi təqdim etsələr də , əslində belə deyil və faktlar sübüt edir ki, bu siyasətçilər tarixin ibrət dərsindən hələ lazımi nəticə çıxarmamışlar.

Tarix və bəşəriyyət qarşısında səhvləri unutmaq isə insanlığa xəyanətdir, yeni qarşıdurmalar yaratmağa can atmaqdır, ədalətsizlikdir.

Belə olmasaydı alman siyasətçilər özlərini, xalqlarını dəyərləndirərək yanlış yoldan çəkinib həqiqətin tərəfində durardılar, bəşəri dəyərləri qiymətləndirərdilər.

Əcdadlarının yol verdiyi səhvləri təkrarlamaz və onların günahlarını yumaq və törətdikləri müharibələrdə həlak olmuş milyonların xatirəsini yad etmək naminə faşizm üzərində qələbənin 70 illiyi ərəfəsində üzə çıxar, ya da Rusiyanın paytaxtı Moskvada keçirilən mərasimlərə qatılar, axıdılan günahsız qanlara, insan qətllərinə, dağıdılmış, məhv edilmiş minlərlə kəndə, şəhərə görə peşmançılıq çəkdiklərini bildirərdilər, üzrxahlıq edərdilər.

Ancaq onlar özlərində bu qətiyyəti tapmadılar, əksinə həmin ərəfədə Rusiyaya qarşı yeni sanksiyalar tədbiq etmək, bu ölkəni çökdürmək çağrışlarına üstünlük verdilər və Azərbaycana qarşı da qarayaxmalara başladılar.

Bu gün Azərbaycan xalqının Almaniya dövlətindən müharibələr dövründə itirdiyi yüzminlərlə azərbaycanlıya, çəkdiyi ağrı-açılara, gördüyü məşəqqətlərə, haqqında söylənilən məkirli fikirlərə, qəbul olunan qərəzli sənədlərə görə ədaləti, haqqı tələb etmək haqqı var.

İşğal olunan torpaqlarına, bir milyondan artıq qaçqın-köçkününə, öldürülən, şikəst edilən on minlərlə vətəndaşına və Ermənistan işğalçılarına qarşı təsirli tədbirlər görülməsində fəaliyyətsizliyinə görə Avropanın lider dövləti sayılan və işğalçını susdurmaq üçün digər dövlətlərə təsir etmək imkanlarına malik Almaniyadan ölkəmizə qarşı obyektiv mövqe tutmasını tələb etmək haqqımız var.

Xalqımızın müəyyən siyasi dairələrin, hakimiyyət nümayəndələrinin, mətbuat orqanlarının erməni lobbisinin təsiri və maliyyə vəsaiti ilə ölkəmizə qarşı aparılan məkrli kampaniyanın qarşısını almaq üçün Almaniya hökumətini məlumatlandırmaq və ondan ölkəmizin imicinə ziyanvuranlar haqqında təsirli tədbirlər görülməsini tələb etmək haqqı var.

Azərbaycan müstəqil siyasət yeridən, inkişafda olan, ancaq heç bir dövlətin daxili işlərinə qarışmayan bir ölkədir.

Dövlət başçısı İlham Əliyev və xalqımız əmin-amanlığın, dostluğun, qarşılıqlı münasibətlərin qorunub möhkəmləndirilməsinin, dünya dövlətləri ilə əlaqələrin genişləndirilməsinin tərəfdarıdır.

Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlər—konfranslar, musiqi müsabiqələri, hümanitar forumlar, idman yarışları, Avropa Oyunları bu istiqamətə yönəldilib.

İnsanlığı dəyərləndirən, öz borcunu dərk edən, tarixini, mədəniyyətini, milli adət-ənənələrini yaşadan, qonaqpərvər xalqıq.

Müstəqilliyimizi qiymətləndirməyi, ölkəmizin imicinə ziyan vuranları cəzalandırmağı, yolunuçaşanlarıdüzyolaqaytarmağı, xainlərin, dələduzların, xəyanətkarların dərsini verməyi bacarırıq və əlbəttə bu, bizim daxili işimizdir, öz haqqımızdır.

Digər xalqların və millətlərin də haqqına, mədəniyyətinə, tarixinə, dilinə, dininə, adət-ənənəsinə hörmətlə yanaşırıq və onlardan da bu hörməti gözləyirik.

Eləcə də Almaniya dövlətinə və xalqına münasibətimiz sağlamdır.

Ali və orta məktəblərimizdə alman dili həvəslə öyrənilir.

Alman tarixi və mədəniyyəti təbliğ olunur. İnsanlara faşizm tərəfindən törədilən faciələri unutdurmağa, bu fəlakətləri bütövlükdə alman xalqının adına yazmamağa çalışdığımız bir dövrdə almaniyalı siyasətçilərin, Bundestaqın tutduğu mövqe bizi narahat edir və dövlətimizi əks tədbirlər görmək məcburiyyətində qoyur.

Almaniyanın siyasi dairələri, ictimayyət nümayəndələri, mətbuat orqanları atdıqları addımların, yürütdükləri siyasətin mahiyyətini anlamalı, təsir altına düşməməlidirlər.

Qisasçılıq, şantaj yolunu tutmamalıdırlar. Ali, hegamon xalq iddiasından əl çəkərək dövlətlərin müstəqilliyinə hörmətlə yanaşmalıdırlar.

Azərbaycana olan təsirləri, böhtan kampaniyasını aradan qadırmalı, beynəlxalq norma və prinsiplərə, qarşılıqlı əməkdaşlığa arxalanmalıdırlar.

Məhz bu yolla Azərbaycan—Almaniya birliyinə nail olmaq və hər iki xalqın xoşbəxt həyatını təmin etmək mümkündür.

Tahir Rzayev,

Milli Məclisin deputatı