DSMF fərdi şəxsi hesabı olan sığortaolunanların sayını açıqlayıb

Tarix : 2016/02/08 12:52     Kateqoriya : SOSİAL    


	DSMF fərdi şəxsi hesabı olan sığortaolunanların sayını açıqlayıb

2016-cı il fevral ayının 1-nə olan statistikaya əsasən, yanvar ayı ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 10 514sığortaolunana fərdi şəxsi hesab açılıb.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan «Fakt-Araşdırma»-ya verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun  fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 0,33 faiz artıb. Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 190 668 nəfərə yüksəlib. Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,22 faizi  (1 889 443 nəfər) kişi, 40,78 faizi (1 301 225 nəfər) isə qadındır.  

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 25,11 faizini (801 289 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,01 faizini (670 334 nəfər) 30 yaşa kimi olan şəxslər,  21,16 faizini (675 057 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 20,38 faizini (650 127 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 12,34 faizini (393 861) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Fərdi uçot-Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.