Rauf CƏBRAYILOV: «Ramazan kasıbların vəziyyətini hiss etməkdir»

Tarix : 2016/07/01 18:48     Kateqoriya : MÜSAHİBƏ    


	Rauf CƏBRAYILOV: «Ramazan kasıbların vəziyyətini hiss etməkdir»

İlahiyyatçı Rauf Cəbrayılovun Ramazan ayı barədə  «Fakt-Araşdırma»-ya verdiyi müsahibəsini təqdim edirik:

Oruc tutan şəxs  öz əxlaq və davranışlarını bu ayda İslam əxlaqına daha çox yaxınlaşdırmalı, ibadətləri, yəni Allahla rabitəsini gücləndirməli, pis vərdişlərdən uzaqlaşaraq mənəviyyatını saflaşdırmalı və əldə etdiklərini digər aylara da daşımalıdır

- Rauf müəllim, bir İlahiyyatçı olaraq Ramazan ayı barədə ümumi olaraq nələri demək istərdiniz?

- Ramazan müsəlmanın bir ay müddətində nəfsi ilə şiddətli mücadilə aparması, günahlardan çəkinməsi, ac və susuz qalmaqla kasıbların vəziyyətini hiss etməsi, ətrafına qarşı daha da qayğıkeş münasibət bəsləməsi və sair kimi üstün əməl və əxlaqi davranış tərzini bütün il boyu başqa aylara da daşımasını şərtləndirir. Ramazan ayında oruc tutulması müsəlman təqvimi ilə hicrətin ikinci ilində (miladi 624-cü ildə) Qurani-Kərimin əl-Bəqərə surəsinin 183 və 184-cü ayələrinin hökmü ilə vacib buyrulmuşdur. Ümumiyyətlə, oruc ibadəti təkcə Həzrət Məhəmmədin (s.ə.s) gətirdiyi şəriətdə deyil, bütün səmavi kitablarda Allah tərəfindən insanlara vacib buyrulmuş əsas ibadət növlərindən biridir. Həzrət Məhəmməd (s.ə.s) də daxil olmaqla bütün peyğəmbərlər öz ümmətlərinə oruc tutmağı təbliğ və tövsiyə etmişlər. Ramazan ayı bütövlükdə Allah tərəfindən insanların bağışlanılması üçün yaradılan ən mühüm vasitələrdən biridir. Bu ayda müsəlmanlardan sübh vaxtından hava qaralanadək qidalardan, cinsi əlaqədən və bütün günahlardan oruc tutmaq, yəni çəkinmək tələb olunur. Həzrət Məhəmməd Peyğəmbər (s.ə.s) ramazan orucunu “cəhənnəm atəşindən qorunmaq üçün sipər” adlandırmışdır. Ramazan ayı on iki ay içərisində ən xeyirli, bərəkətli, bağışlanma və mərhəmət ayıdır. Allah-təala bu ayı bəndələrinin bağışlanması üçün vəsilə qərar vermişdir. Hədislərdə bildirilir ki, bu ayda şeytanlar zəncirlənir, Cəhənnəmin qapıları bağlanır, Cənnətin qapıları isə açılır.

  Ramazan ayı hər bir cəhətdən digər aylardan üstündür. Belə ki, bütün səmavi kitablar, o cümlədən Qurani-Kərim bu ayda nazil olmuşdur. On bir ayı yaşayıb xəstə və səfərdə olmayan ramazana yetişən müsəlman bu ayı mütləq oruc tutmalıdır. İlkin İslam dönəmlərində orucun tutulması yalnız yeni ayın insanlar tərəfindən görünməsi ilə başlanılırdı. Hal-hazırda da İslam aləmində oruc tutulmasının iki sistemi mövcuddur ki, bunların da hər ikisi doğrudur. Bu sistemlərdən biri yuxarıda göstərdiyimiz kimi ayın gözlə görünməsini, digəri isə şəvval ayının girməsinin astronomik hesablamalarla, yəni teleskoplarla ayın görünməsini müəyyənləşdirir.

  Ramazan ayında oruc tutmaq qətiyyən ac və cusuz qalmaq demək deyildir. Əlbəttə, bu məqam orucun əsas şərtlərindən biridir. Belə ki, ac və susuz qalmaq oruc tutmağın ən asan hissəsidir. Çünki, oruc tutan şəxs tək qidalardan deyil, həm də hər cür günah işlərdən çəkinməli, adi vaxtlardan fərqli olaraq bütün niyyət və əməllərini Allah rizasını qazanmaq amalı ilə həyata keçirməlidir. Yaddan çıxarılmamalıdır ki, bu ay bütünlüklə ibadət ayıdır. Bu üzdən hər bir müsəlman gündəlik ibadətlərinin kəmiyyət və keyfiyyətini artırmaqla daha çox savab qazanmağa çalışmalıdır. Bir məsələni xüsusi olaraq vurvulamaq yerinə düşər ki, ibadət deyildikdə bəzən ağıllara yalnız namaz ibadəti gəlir. Əlbəttə, namaz ən üstün ibadət növüdür. Amma bu günlərdə müsəlman hər bir niyyət və hərəkətini ibadətə çevirməyi bacarmalıdır. Belə ki, düşüncə və hərəkətlərimizi Allaha təslimçilik, Onun rizasını, razılığını qazanmaq, xeyirxah və yaxşı əməllərimizi şöhrət və riyadan uzaq olaraq yalnız ilahi mükafata səbəb olacaq pak hiss və səmimiyyətlə yerinə yetirilsə, hətta yuxuda olduğumuz müddəti belə ibadətə çevirə bilərik. Buna görə də oruc tutan kəs söyüş söyməməli, qeybət, pis sözlərdən, aşırı qəzəblənməkdən uzaq olmalı, cəmiyyətin bəyənmədiyi hərəkətlərə yol verməməli, nümunəvi İslam əxlaqı nümayiş etdirməlidir. Əfsuslar olsun ki, bir çoxumuz oruc tutmağı az və susuz qalmaq kimi dəyərləndirir. Ona görə də orucun yalnız bu şərtinə əməl edərək digər vacib məqamlarını yaddan çıxarırlar. Bilməliyik ki, ramazan ayında, oruc tutduğumuz zaman qida qəbulu həmin günün orucunu necə sona verirsə, danışdığımız bir qeybət, söyüş, pis söz də oruc ibadətimizi pozmaq iqtidarındadır. Bir hədisdə bildirilir ki, Həzrət Məhəmməd Peyğəmbərin (s.ə.s) həyat yoldaşlarından biri oruc tutduğu halda pis söz danışır. Bunu görən Peyğəmbər (s.əs.) ona dərhal orucunu açmağı tapşırır və ramazanın təkcə qidalardan çəkinək olmadığını anladır.

   Ramazan ayını digər aylardan üstün edən ən vacib məqam bu ayda müqəddəs bir gecənin olmasıdır. Bu gecə “qədr” gecəsidir ki, əvvəldə də dediyimiz kimi Qurani-Kərim də daxil olmaqla bütün səmavi kitablar bu gecədə yer üzünə endirilmişdir. Qurani-Kərimin 97-ci surəsində deyildiyi kimi bu gecə min aydan daha xeyirlidir. Min ay isə təxminən 83 ilə bərabərdir. Bu müddət orta yaş həddindən də yuxarıdır və hər il qədr gecəsində 83 ilin bərəkəti olduğunu düşünsək bu ayın və ondakı gecənin məqamı az da olsa aydınlaşar. Qədr gecələrinin dəqiq vaxtı məlum olmasa da, hədislərdən gələn səhih xəbərlərə görə ramazan ayının son on günlüyünün tək gecələrinə təsadüf edir. Təsəvvür edin ki, bir insan ömründə qazandığı günahları bir daha onlara qayıtmamaq və səmimi qəlbdən peşman olmaq şərti ilə bir gecədə bağışlanılmasına nail ola bilər. Bu üzdən qədr gecələrində oyaq qalıb ibadət etmək, Allahdan bağışlanmaq diləmək, Qurani-Kərimi oxumaq, dua və zikr etmək tövsiyə olunur.

- Oruc tutmaq kimlərə vacibdir?

 - Oruc tutmaq ilk növbədə əqli cəhətdən sağlam olanlara vacibdir. Bu məqam bütün vacib ibadətlərin birinci şərtidir. İkincisi insan həddi-buluğa, yəni bəlli yaşa çatmalıdır. Allah-təalanın Qurani-Kərimdə bildirdiyi kimi fiziki sağlamlıq da vacibdir. Çünki, fiziki cəhətdən sağlam olmayan insana oruc tutmaq zərər yetirə bilər. Buna görə də xəstə olan insan Allahın oruc tutmaq hökmündən üzürlü səbəbi olan hesab olunur. Digər məsələ insanın səfərdə deyil, sabit qalıcı bir məkanda olmasıdır. Dinimiz bütün ibadət şərtlərində insanın sağlamlıq durumunu və onun gücü yetmədiyi əməlləri yerinə yetirməsini məqbul hesab etmir. Ümumiyyətlə, xəstə və səfərdə olanların oruc tutması məzhəblərə görə fərqli qiymətləndirilir. Belə ki, bəziləri həmin insanların mütləq şəkildə oruc tutmamasını, bəziləri isə həmin üzürlü şəxslərin oruc tutub-tutmamaqda sərbəst olduqları qənaətindədirlər. Düşünürük ki, Allah-təalanın bizim üçün nəzərə aldığı müstəsna və istisna hallar bizlərə məcburi icra hökmü deyil, hüquq verir və hər kəs bu şərtlər daxilində həmin ibadəti yerinə yetirməkdə ixtiyar sahibidir. Bir sözlə, əqli və fiziki cəhətdən sağlam, əldən düşmüş qocalıq halında olmayan, həddi-buluğa çatmış, səfərdə olmayan hər bir kişiyə oruc tutmaq vacibdir. Heyz, nifas, doğum halında olmayan, süd verərkən az və susuz qalmaq səhhətinə mənfi təsir edən, həddi-buluğa çatmış, əqli və fiziki cəhətdən sağlam, səfərdə olmayan müsəlman qadın mütləq oruc tutmalıdır.   

- Oruc tuta bilməyən insanlar bunun qarşılığında nə etməlidirlər?

 - Xəstəlik səbəbindən oruc tuta bilməyən insanlar, əgər xəstəlikləri sağalandırsa, sağalandan sonra tutmadıqları orucun əvəzində oruclarını mütləq tutmalıdırlar. Heyz və nifas halında olan qadınlar da bura daxildir. Bundan başqa səfərdə olan səfərini bitirdikdən sonra, hamilə və süd verən qadınlar isə məlum şərtlər aradan qalxdıqdan sonra oruclarını tutmalıdırlar. Hər hansı bir insanın xəstəliyi sağalan deyilsə, o zaman fidyə verməli, yəni hər gün bir nəfəri yedizdirməlidir.

- Rauf müəllim, Ramazan ayının savabları nələrdir?

 - Oruc ibadəti Allahın bizlərə namaz və zəkatdan sonra vacib buyurduğu ən üstün ibadətdir. Üzürlü səbəbi olmayan hər bir müsəlman bu ibadəti yerinə yetirməklə Allah-təalanın insanın üzərinə qəti olaraq hökm etdiyi vacib bir əməli yerinə yetirdiyi üçün Allah rizasını qazanır. Bu razılıq insan üçün savabdan dəfələrlə üstündür. Çünki, qazanılmış savablar, yəni insanın Allahın bəyəndiyi əməlləri yerinə yetirdiyi üçün Allah tərəfindən müsbət qiymətləndirilməsi insanın cənnətə düşməsini təmin edir. Amma Allah rizasını hər kəs qazana bilmir. Bu savabdan böyük olan elə bir nemətdir ki, biz onun əsl dəyərini təsəvvür belə edə bilmərik. Çünki, Allah-təala Qurani-Kərimdə möminlərin qazandığı savab nəticəsində cənnət nemətləri ilə mükafatlandırılacaqlarını və daha üstün olan Allah rizasını xüsusi olaraq vurğulayır. Qısaca desək bu sadə dildə Allahın dostluğunu qazanmaq deməkdir. Mövzu geniş olduğundan yalnız onu deyə bilərik ki, Allahın dostluğunu qazanmaq hər cür mükafatdan daha qiymətlidir. Həzrət Məhəmməddən (s.ə.s) gələn hədislərə görə oruc ağızlı insanın duaları daha tez qəbul olar və Allah oruclu insanın hər alıb verdiyi nəfəsini belə mükafatlandıracağına vəd vermişdir.

- Sağlamlığa ziyan olmaması üçün sahur və iftarda necə qidalanmaq lazımdır?

 - Sözsüz ki, insan ilk növbədə soyuq qidaları qəbul etməməlidir. Bundan başqa yağlı, həddindən artıq yemək də sağlamlıq üçün təhlükəlidir. Oruc tutanlar bu günlərdə yeməkdən daha çox maye qəbuluna fikir verməlidirlər. Amma bütün bu məqamlar hər bir insan üçün fərdi xarakter daşıyır. Belə ki, iki insanın daşıdığı qanın miqdarı, fiziki və mənəvi təlabatı da eyni olmaya bilər. Biri üçün az miqdarda yemək və maye gün ərzində hərəkətdə olmağa kifayət edirsə, digəri üçün bu yetərli olmaya bilər. Bu üzdən hər kəs istədiyi qədər yemək və qida qəbul etməkdə azaddır. Amma həddi aşmamaq şərtilə, yəni yeyilən qida və qəbul olunan maye boğaza tıxanmamalı və ramazanın ümumi mahiyyətinə xələl gətirməməlidir. Əlbəttə ki, bütün bunlar sıravi müsəlmanlara aiddir. Möminlər isə bu məsələlərdə həddə yaxınlaşmağı belə özlərinə rəva bilmir və gün ərzində az miqdarda yeyib-içməklə özlərini bir ay boyunca yemək və içmək tapmayan kasıb, kimsəsizlərin yerində hiss  etməyə çalışırlar.

- Bu ayda hansı əməllərin edilməsi məsləhət görülür?

 - Ramazan ayında tutulan oruc ibadətinin digər ibadətlərdən fərqli bir özəlliyi vardır ki, o da bu ayda orucun insanı hansı əməlləri yerinə yetirməsini təkid etməsindən daha çox nələrdən çəkindirməsidir. Amma bu ay bütünlüklə ibadət ayıdır. Məhz bu səbəbdən ibadətlərin ən üstünü olan namazı daha çox qılmaq, Qurani-Kərimi oxumaq və sahib olduğumuz elmi digərləri ilə paylaşmaq, doğmalar və qohumlarla ünsiyyəti intensivləşdirmək, sədəqə vermək, ətrafdakı kimsəsizlər, miskinlər, yetimlər, bir sözlə kasıbların yaşayışı ilə maraqlanıb imkan daxilində onlara yardım etmək tövsiyə olunur. Oruc tutan şəxs  öz əxlaq və davranışlarını bu ayda İslam əxlaqına daha çox yaxınlaşdırmalı, ibadətləri, yəni Allahla rabitəsini gücləndirməli, pis vərdişlərdən uzaqlaşaraq mənəviyyatını saflaşdırmalı və əldə etdiklərini digər aylara da daşımalıdır. Əslində ramazan orucunun mahiyyəti də bundan ibarətdir.

    Sonda bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu ayın ən əsas özəlliklərindən biri Qurani-Kərimin bu ayda yer üzünə endirilməsidir. Deməli, bu ayın ibadətləri içərisində Quran oxumağımız ramazan orucunun fəzilətlərindən biridir. İlkin İslam dönəmlərində də, yəni Həzrət Məhəmməd Peyğəmbərin (s.ə.s) sağlığında da Ramazan ayında möminlər çox vaxtlarını məsciddə Quran oxumaqla keçirərdilər. Hətta, bu ibadətin fərz, yoxsa təkid olunan sünnət olması müzakirə mövzusudur. Əfsuslar olsun ki, İslam ümmətinin çoxu öz müqəddəs kitabını oxumur. Adi günlərdə ilahi kəlamların oxunması səbəbi ilə əldə etdiyimiz savablardan dəfələrlə çox Ramazanda, xüsusən qədr gecələrində əldə edə bilərik. Bu üzdən orucluqda Qurani-Kərimi oxumaq və əldə edilən bilgiləri digərləri ilə də paylaşmaq ən üstün ibadət əməllərindən biridir.

    Allahdan oruc tutan hər kəsin ibadətinin qəbul, üzürsüz səbəblərdən tutmayanları isə hidayət etməsini diləyirik. Amin! 

Həmid.K