Dimitrios Tsunqas: «Yunanıstandakı böhranla Azərbaycandakı vəziyyəti müqayisə eləmək olmaz» 

Tarix : 2016/02/08 17:52     Kateqoriya : MÜSAHİBƏ    


	Dimitrios Tsunqas: «Yunanıstandakı böhranla Azərbaycandakı vəziyyəti müqayisə eləmək olmaz» 

“SOCAR-ın Yunanıstanın DESFA qazpaylayıcı operatorunu özəlləşdirməsi demək olar ki, həllini tapıb”

Yunanıstan Azərbaycanın Avropaya açılan qapısıdır. İstər neft, istərsə qaz, istərsə də Böyük İpək Yolunun timsalında Avropaya yolumuz bu ölkədən keçir desək, yanılmarıq. Son illər isə, ümumiyyətlə, Azərbaycanın xarici iqtisadi-ticari layihələrində tərəfdaş olaraq Yunanıstanın adı çox çəkilir. Səfir Dimitrios Tsunqasla görüşüb-söhbətləşməkdə məqsəd də, gündən-günə genişlənən əlaqələrimizdən söz açmaq, fikir mübadiləsi etmək idi. Uzun-uzadı söhbətləşdik, nə sual verdimsə, cənab Tsunqas gen-bol cavablandırdı. Hətta dərin iqtisadi-maliyyə böhranından keçən ölkəsi ilə hazırda çətinliklərlə üzləşən Azərbaycan arasında paralellik aparmağa da çalışdı. Mən deməyim, əziz oxucular, yaxşısı budur özünüz oxuyun söhbətimizin mətnini…


- Son beş ildir Yunanıstan böhran dövrünü keçməkdədir. Bu, çox çətin prosesdir, çünki sosial məyusluq hissi yaşanır. Yunanıstanda böhran başlamazdan öncə islahatlar aparılmalı idi, amma təəssüflər olsun ki, bu edilməyib. İndi isə birdən-birə, həm də çox sürətlə islahatlara başlanıldığı üçün cəmiyyətimiz problemlərlə üzləşir. Daxildən, eyni zamanda, xaricdən – Beynəlxalq Valyuta Fondu, Avropa İttifaqı tərəfindən təzyiqlər mövcuddur.

- Bu gün Azərbaycanda da müəyyən iqtisadi çətinliklər mövcuddur. Yunanıstanın çətinlikləri dəf etmək yönümündə qazandığı təcrübələri burada tətbiq eləmək olarmı?

- Azərbaycan hələ indi-indi iqtisadi böhrana daxil olmaqdadır. Amma Yunanıstandakı böhranla Azərbaycandakı vəziyyəti müqayisə eləmək, bir-birinə bənzətmək olmaz. Çünki bunların başlanma səbəbləri fərqlidir. Ona görə də Yunanıstanın böhrandan çıxmaq istiqamətində qazandığı təcrübədən burada nə qədər istifadə edilə biləcəyini deyə bilmərəm. Hər halda, böhranı aşmaq üçün həm bizdən, həm də sizdən çoxlu işləmək, böyük güc və nikbinlik və həmçinin iqtisadi sahələrdə islahatlar aparmağımız tələb olunur.

- Zaman-zaman Yunanıstanın müəyyən iqtisadi-sosial-maliyyə məsələləri ilə əlaqədar Avropa Birliyində narazılıq yaranırdı. Doğrudur, xalq referendumda öz sözünü dedi və birliyin maliyyə paketi qəbul olundu və sair. Amma cənab səfir, Yunanıstan bu qədər böyük həcmdə kredit almaqla, özünü hədsiz yükləmirmi, onu necə qaytaracaq dövlətiniz?

- Təəssüflə qeyd edim ki, Yunanıstan sanki hədəfə götürülüb. Baxmayaraq ki, Avropa İttifaqı ölkələri arasında belə iqtisadi böhranla qarşılaşan tək biz deyilik. İttifaq ölkələri arasında böyük problemlərlə üzləşən böyük iqtisadiyyatlar mövcuddur. Amma hər kəs ancaq Yunanıstandan söz açır. Böyük maliyyə təşkilatları bir sıra şərtlər qoyur kredit verəndə və onların həmin kreditlərin geri alınması üçün bəzi mexanizmləri var. Onlar əmindirlər ki, verdikləri vəsait geri qaytarılacaq. Bəli, bütün götürülən kreditlər Yunanıstanın üzərində məsuliyyətdir və onlar qaytarılacaq. Hətta deyim ki, hazırda bu borclar geri qaytarılır.


- Borcları neçə ilə qaytarmağı planlaşdırır hökumətiniz?


- Məndə dəqiq məlumat yoxdur, bu barədə. Yalnız bunu deyə bilərəm ki, kreditlərin qaytarılmasına artıq başlanılıb və tədricən hamısı ödəniləcək.


- Alınan borcların xərcləndiyi sahələrdə canlanma hiss olunurmu, böhranın geridə qaldığını deyə bilərikmi?


- Bəli, vəziyyət yavaş-yavaş yaxşılaşır. Məsələn, siz bu gün Yunanıstana getsəniz böhranı hiss etməyəcəksiniz, hansı ki, o hələ də mövcuddur. Bilirsiniz niyə hiss etməyəcəksiniz, baxın: iqtisadi böhranın başladığı 2009-cu ildə Yunanıstanda adambaşına düşən ümumi daxili məhsul (ÜDM) 32 min avro idi, indi isə bu rəqəm 23 min avroyadək geriləyib. Bu ölkənin ÜDM-nun 25 faiz aşağı düşməsi deməkdir. Azərbaycanda isə adambaşına ÜDM cəmi 5 min avro-dur, hansı ki, böhrana hələ indi girib. Fərqi görürsünüz, baxın, ona görə də, siz Yunanıstana gəlsəniz böhranı hiss etməyəcəksiniz.


- Böhranın yaraları sağalmamış indi də ortaya miqrant məsələsi çıxıb - Yunanıstan qaçqınlar üçün Avropa İttifaqına giriş qapısına çevrilib. Onları ölkə ərazisinə girmədən geri qaytara və ya gələnlərin hamısını tranzit olaraq ölkədən keçməsini təmin edə bilərsinizmi?


- Bəli, biz bunu edə bilərik. Əgər plastik gəmiləri batırsaq və onlara ölməyə icazə versək. Amma biz bunu etmərik, çünki bu bizim, eləcə də Avropanın prinsip və dəyərlərinə ziddir. Amma qeyd edim ki, bəzi Avropa siyasətçiləri bu prinsipləri unudurlar və buna görə də Yunanıstana ciddi təzyiq edirlər. Təəccüblüdür ki, bəzi belə siyasətçilərin təmsil etdikləri ölkələr, Yunanıstanın da razılığı olmaqla, Avropa İttifaqına yeni qoşulublar. İstəyirik ki, digər Avropa İttifaqı ölkələri də, bu məsuliyyəti bölüşsünlər. Miqrant məsələsi təkcə Yunanıstanın deyil, bütün Avropanın problemidir.

- Bu gün Yunanıstanda nə qədər miqrant məskunlaşıb və onları saylarına görə gəldikləri ölkələr üzrə sıralaya bilərsinizmi?


- 1990-cı ildən bu yana Yunanıstan təxminən bir milyondan çox miqrant qəbul edib. Geridə qalan 25 il ərzində həmin miqrantlar Yunanıstanda yaşayıb və işləyiblər. Onlardan ən az 300 min nəfəri hazırda Avropa İttifaqının üzvü olan Şərqi Avropanın keçmiş sosialist respublikalarından təşrif buyurub. Son ildə əlavə olaraq Türkiyə üzərindən keçməklə, Avropaya üz tutan 900 mindən artıq miqrant qəbul eləmişik. Onların 55 faizi müharibə zonalarından – Suriya, Əfqanıstan və İraqdan olan qaçqınlar, qalanları isə iş və sığınacaq arayan iqtisadi miqrantlardır. Bunlar da daha çox Afrikadan və Asiyanın müxtəlif ölkələrindən gəlirlər. Yenə deyirəm, onlar daha çox Türkiyədən keçməklə, Egey dənizindəki Yunanıstan adalarına çıxmağa çalışırlar. Biz humanitar dəyərlərə qiymət verdiyimizdən, Egey dənizindən aralarında çox sayda qadın və uşaqlar olmaqla, 105 min insanı xilas etmişik. Təəssüflə qeyd edirik ki, çox sayda qadın və uşaqlar həyatını itirib. Bizim Avropadakı tərəf müqabillərimiz öhdəlik götürmüşdülər ki, 160 min qaçqını öz ərazilərində qəbul edəcəklər, amma indiyədək real addım atmayıblar – ya bilərəkdən vaxtı uzadırlar, ya da ümumiyyətlə, qəbul eləmirlər.


- İqtisadi miqrantlar - qaçqınlar arasında bizim azərbaycanlılar da varmı?

- Düşünmürəm olsun, məncə yoxdur.

- Gəlin bir az da öz münasibətlərimizdən söz açaq: necə inkişaf edir ölkələrimiz arasında əlaqələr, dövlətlər lazımi səviyyədə əməkdaşlıq edə bilirlərmi?


- Ölkələrimiz arasında iqtisadi ticarət əlaqələri 2013-cü ildən sürətlə inkişaf etməkdədir. Azərbaycan hökuməti TAP layihəsini qəbul etdikdən və SOCAR Yunanıstanın DESFA şirkətini özəlləşdirməyə başlayandan sonra əlaqələrin inkişafı üçün yeni zəmin yarandı. Bundan sonra yunanlarla azərbaycanlılar bir-biriləri haqqında geniş məlumatlar əldə etməyə başladılar. Əslində, bundan əvvəl də tərəflər arasında yüksək səviyyəli səfərlər olmuşdu. Amma 2013-cü ildən sonra bu proses daha mütəmadi hal alıb. Ölkələrimizin rəhbərləri beynəlxalq tədbirlərdə bir-biri ilə əlaqə saxlayır. Məsələn, ötən il Avropa İttifaqı Baş Assambleyasının toplantısında Yunanıstan və Azərbaycanın xarici işlər nazirləri bir araya gəliblər. Eləcə də Avropa Şurasının tədbirlərində deputatlarımız mütəmadi görüş keçirirlər. Ümumiyyətlə, siyasi münasibətlərimiz əladır və hər gün bir az da yaxşılaşır. İki il yarımdır burada səfir olduğum müddətdə dəfələrlə mədəni müstəvidə tədbirlər keçirmişik və sonuncusu, Yunan poeziya gecəsi, bu yaxınlarda oldu. Azərbaycanda yunan mədəniyyətinə maraq çox böyükdür. Tədbirlərdə də görürük ki, istər poeziya olsun, istər musiqi, istər rəqs, mahnı – insanlar böyük coşqu ilə izləyirlər.

- DESFA şirkətindən söz düşmüşkən, onun SOCAR tərəfindən özəlləşdirilməsi məsələsi nə yerdə qaldı?


- Bütün proses ərzində bəzi xırda problemlər yaşandı. Azərbaycanla Yunanıstan arasında razılaşmadan sonra, məsələyə Avropa Komissiyası Rəqabətlilik üzrə Baş Direktorluğu tərəfindən müdaxilə olundu və bildirildi ki, Avropa İttifaqının üzvü olduğundan DESFA-nı özəlləşdirilməsi zamanı, Yunanıstan daxili enerji bazarında rəqabət prinsipini qorumalıdır. Qeyd edim ki, əgər SOCAR-ın DESFA-nın özəlləşdirilməsində payı 50 faiz həddini keçməsəydi, heç bir etiraz da olmayacaqdı, hansı ki, bu pay 66 faizdir. Bu səbəbdən də bir az gecikmə oldu. Amma Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviçə əsasən, SOCAR-ın Yunanıstanın DESFA qazpaylayıcı operatorunun özəlləşdirilməsi demək olar ki, həllini tapıb.

- Problem sözügedən 66 faiz idi deyirsiniz, bəs necə oldu: SOCAR-ın əvvəlki pay həddi saxlanıldı, yoxsa azaldılıb?


- Məndəki məlumata əsasən, SOCAR özəlləşdirmə prosesi tamamlandıqdan sonra əlindəki 66 faiz paydan 17 faizini hansısa başqa şirkətə satacaq və cəmi 49 faiz paya qane olacaq. Danışıqların nəticəsi budur.

- “Nabucco” layihəsi uzun müddət müzakirə mövzusu olsa da, sonradan gündəmdən çıxarıldı. Bu səbəbdən də TAP-ın reallaşma prosesi uzandıqca narahat oluruq. Yunanıstanın bu layihə ilə bağlı rəsmi mövqeyi necədir?


- TAP layihəsi çox rəvan, axıcı və problemsiz şəkildə reallığa yaxınlaşmaqdadır. Bütün lazımi sənədlər təsdiqlənib. Layihə ilə bağlı əsas problem torpaqla bağlı idi. Təsəvvür edin ki, əməliyyat şirkəti təkcə Yunanıstanda kəmərin keçəcəyi xətt üzrə 13 min torpaq sahibi ilə danışıqlar aparıb və əlbəttə, xeyli vaxt gedib. Bundan başqa, Yunanıstanda digər problem arxeoloji baxımdan yaranmışdı. Neyləyək, Yunanıstanda haranı qazsaq, oradan mütləq arxeoloji abidələr çıxır. Amma çətinliklərin öhdəsindən gəlinib və həllini tapmaqdadır. Bütün proses nəzərdə tutulduğu müddətdə, hətta vaxtından əvvəl başa çatdırılıb. Ümidlə deyirəm ki, 2016-cı ilin ortalarında TAP-ın tikintisinə start veriləcək. 2020-ci ilin may ayında isə Azərbaycan qazı proqramda nəzərdə tutulduğu kimi, kəmər vasitəsilə alıcılarına göndəriləcək.

- Yunanıstan neçə faiz qaz götürəcək kəmərdən?


- İlk etapda kəmərin gücü 16 milyard kubmetrdir. Bunun 6 milyard kubmetri Türkiyəyə, 1 milyard kubmetri Yunanıstana, 1 milyard kubmetri Bolqarıstana və qalan 8 milyard kubmetri isə İtaliyaya çatacaq. Gələcəkdə çox tələb olarsa, Azərbaycan tərəfi qazın ixrac həcmini artıra və Avropaya daha çox yanacaq verə bilər.

- Gəlin qazı qoyaq bir yana, ölkələrimiz arasında ümumi iqtisadi-ticarət əlaqələrindən söz açaq…


- Elə səfir tapmazsınız ki, iki ölkə arasında əlaqələrdən razı olsun. Həmişə əlaqələrin daha da inkişaf eləməsinə ehtiyac var. Mən də məmnun deyiləm. 2013-cü ildə Yunanıstanla Azərbaycan arasında ümumi iqtisadi-ticarətin həcmi 800 milyon dollar olub. Yunanıstan tərəfi Azərbaycandan əsasən neft alıb. Amma təəssüf ki, bu həcm 2014-cü ildə Yunanıstanda baş verən məlum iqtisadi böhran və əsasən neftə olan tələbin aşağı düşməsi səbəbindən 320 milyon dollaradək azalmışdı. Burada ikinci səbəb də o idi ki, Azərbaycanda neft hasilatı aşağı düşüb. Lakin Yunanıstandan Azərbaycana ixrac artaraq 62 milyon dollar həcminə çatıb. Bu isə o deməkdir ki, Yunanıstandan Azərbaycana ixrac 1217 faiz artıb. Biz gələcəkdə də əlaqələrimizi artıracağıq…

- Necə artıracaqsınız, nə təklif edirsiniz Azərbaycan bazarına?

- Mən indi sizə 2014-cü ildə Yunanıstandan Azərbaycana ixrac olunan məhsulların siyahısını açıqlayacağam. Birincisi, böyük həcmdə emal olunmuş neft məhsulları. Biz Azərbaycandan xammalı alırıq, yüksək texnologiyalı müəssisələrimizdə emal edərək, Bakıya satırıq. Bura 95 oktanlı benzindən az və 98 oktanlı benzindən çox benzin də daxildir. Bundan əlavə, sement, dərman preparatları, binalar üçün liftlər, alüminium, mərmər, kondisioner, tikinti materialları, marmelad, qablaşdırılmış qaysı və sair. Biz Azərbaycana hər növdə kənd təsərrüfatı məhsulları təklif edə bilərik. Çünki Azərbaycanda bu sahələr hələlik, inkişaf etdirilməyib. Səbəbi də budur ki, indiyədək bütün diqqət neft-qaz sahəsinə yetirilib. Azərbaycan bazarına zeytun və zeytun yağları çıxara bilərik.

- Mən təklif edərdim ki, Yunanıstan Azərbaycana balıq verməsin, onu tutmağı öyrətsin. Yəni yunan iş adamları gəlib Azərbaycanda müəssisələr açsınlar, məhsulu elə burada istehsal eləsinlər. Məsələn, dediyiniz zeytun Azərbaycanda da geniş yayılıb, digər məhsullar da burada yetişir və sair. Mümkündürmü siz bir səfir olaraq bu istəklərin reallaşmasına yardım edəsiniz?


- Azərbaycanla Yunanıstan arasında hökumətlərarası komissiya var ki, vaxtaşırı ölkələrdən birində toplanır. Sonuncu belə görüş 2011-ci ildə Bakıda baş tutub. Növbəti iclasın isə bu il Yunanıstanda keçiriləcəyini gözləyirik. Bu komissiyanın iclaslarında bütün sahələr üzrə mümkün əməkdaşlıqlara dair siyahını görmək olar. Bura iqtisadiyyat, mədəniyyət, turizm, təhsil və sair aiddir. Azərbaycan tərəfi, dediyiniz kimi, iclasda istənilən məsələ ilə bağlı müraciətlərini edə bilər...

- Yunanıstan böyük turizm sənayesinə malik ölkədir, Azərbaycanda da bu sahədə potensial genişdir. Təcrübənizi bölüşə bilərsiniz bizimlə...

- Bəli, Yunanıstan dünya miqyasında əsrarəngiz turizm məkanlarından biri sayılır. 2013-cü ildə məqsəd qoyduq qarşımıza ki, 17 milyon turist cəlb edək – 18 milyon nəfər gətirdik. 2014-cü ildə 18 milyon turist qəbul edəcəyimizi düşündük – 24 milyon nəfər gəldi. 2015-ci ildə isə 24 milyon nəfəri hədəf aldıq, amma 26 milyondan çox turist qəbul etdik. Biz o ölkədən danışırıq ki, onun əhalisinin sayı cəmi 11 milyon nəfərdir. 2015-ci ildə Yunanıstan Avropada 1-ci, dünyada isə 7-ci turizm məkanı seçilib. Son 60 ildir biz turizmi inkişaf etdirməkdəyik. Ona görə də bu müddətdə çox böyük təcrübələr toplamışıq. Bura qonaqlara yemək-içmək çeşidlərini təqdim eləmək, infrastruktur, sürətli internet - hər cür xidmət daxildir, özü də hamısı yüksək səviyyədə.

- Siz yəqin endirimlər edirsiniz ki, bu qədər turisti ölkənizə çəkə bilirsiniz…

- Əlbəttə, endirimlər olur və bundan başqa bizim çox münasib turistik paketlərimiz var. Yunanıstanda hər cibə uyğun yerləşmək, yemək və sair tapa bilərsiniz.

- Sirr deyilsə, ildə turizmdən nə qədər gəlir gəlir?

- Ümumi daxili məhsulun ən azı 15 faizini turizmdən götürülən gəlirlər təşkil edir.


- Məncə, İraqda, Suriyada, ümumiyyətlə, Yaxın Şərqdə baş verən hadisələr turistlərin Yunanıstana axışmasına təsir edir. Bu barədə nə deyərsiniz?


- İraq və Suriyanın elə böyük təsir etdiyini düşünmürəm. Məncə, Yunanıstan turizminə yaxşı mənada ancaq Misir və Türkiyə təsir edə bilər. Məsələn, Rusiya ilə münasibətlərinin soyuması səbəbindən rusların Türkiyəni deyil, Yunanıstanı seçməsi gözləniləndir. Əslində, hansısa ölkədə vəziyyətin pisləşməsini arzulamırıq, çünki Yunanıstana istənilən halda turist gəlir.
- Yunanıstanla Azərbaycan arasında illik gediş-gəliş necədir? Təxmini say deyə bilərsinizmi?
- Gediş-gəliş çox azdır. 2014-cü ildə səfirliyimiz 2500 nəfərə Yunanıstana getməsi üçün visa verib. Amma onların hamısı turist kimi getməyib, işlə bağlı, başqa səbəblərlə gedənlər də olub. Azərbaycandan nazirlər, millət vəkilləri və sair kimi rəsmi şəxslər də öz məzuniyyətlərini çox vaxt Yunanıstanda keçirirlər ki, onlar bizdən visa almırlar. Çünki diplomatik pasportları var deyə birbaşa gedirlər. Yəni belə insanları da hesablasaq, Azərbaycandan Yunanıstana gedənlərin sayı bir qədər artıq ola bilər. Yunanıstandan Azərbaycana isə səfər edənlər çox azdır. Çünki yunanlar üçün yay istirahəti elə Yunanıstan deməkdir.


- İndi çoxlarının, şəxsən mənim Yunanıstanın yeni baş naziri Aleksis Tsiprasa yenilikçi, müasir həyat tərzinə uyğun siyasi düşüncəsinə görə rəğbətim böyükdür və tezliklə, onu Bakıda görmək istərdim. Necə bilirsiniz, bu il onun Bakıya səfəri gözlənilir?

- Məndəki məlumata görə, hazırda baş nazirin Azərbaycana səfəri planlaşdırılmayıb.

 

Vüsal Tağıbəyli