Azər Badamov: «Bu ilin ixrac göstəriciləri ötən illərə nisbətdə olduqca yüksəkdir»

Tarix : 2016/07/13 20:17     Kateqoriya : MÜSAHİBƏ    


	Azər Badamov: «Bu ilin ixrac göstəriciləri ötən illərə nisbətdə olduqca yüksəkdir»

Milli Məclisin deputatı Azər Badamov

- Azər müəllim, artıq 2016-cü ilin birinci yarısını arxada qoymuşuq. Ötən dövrdə ölkəmizdə müşahidə olunan inkişafı və əsaslı dönüş yaradan prosesləri necə dəyərləndirərdiniz?

- İlk növbədə vurğulamaq lazımdır ki, 2016-cı il həyatımıza olduqca ağır şərtlər çərçivəsində daxil olmuşdu. Belə ki, ötən ilin sonunda neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, eləcə də dünya bazarında bir sıra kataklizmlərin yaşanması, enerji ixrac edən ölkələrdə hərbi qarşıdurmaların yaşanması dünya iqtisadiyyatında müəyyən geriləmələrə səbəb oldu. Bu kataklizmlər dünya iqtsadiyyatının bir hissəsi olan Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşə bilməzdi. Bununla belə, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün iqtisadi siyasət kursumuz Azərbaycanın bu gərginliklərdən ən minimal itkilərldə çıxmasına yol açdı. Ölkəmizdə sosial müavinətlərin artırılması, yeni iş yerlərinin açılması, orta və kiçik sahibkarlığın inkişafı istiqamətində atılan addımlar, verilən qərarlar qeyri-neft sektorunun daha da dirçəlməsinə, insanların rifah halının yüksəlməsinə yol açdı.

Birmənalı vurğulamaq lazımdır ki, Azərbaycan artıq özünün neftdən asılılığını ciddi şəkildə aradan qaldırır. Qeyri-neft sektorunun bir sıra sahələrinin yüksək inkişafı qarşımızda gələcəkdə mühüm faydalar verə biləcək yollar açmaqdadır. Turizm, kənd təsərrüfatı, strateji xarakterli məhsulların yetişdirilməsi və becərilməsi, eləcə də sənayenin daha yüksək şəkildə inkişaf etdirilməsi üçün dövlət tərəfindən mühüm işlər görülür. Ən əsası isə bu işlərin böyük əksəriyyətinin regionlarda aparılması kompleks inkişafımızın təməl prinsipinə xidmət göstərir. Bir neçə gün öncə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin də vurğuladığı skimi Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələr olduqca təqdirəlayiqdir. Bundan başqa, ölkəmizdə sənaye mərkəzlərinin yaradılması məsçələsi öz aktuallığını qoruyur. Gəncə, Sumqayıt, Mingəçevir kimi böyük şəhərlərdə, digər bölgələrimizdə də bu komplekslərin yaradılıb inkişaf etdirilməsi ölkə başçısının diqqətindədir. Hətta bununla bağlı Neftçala rayonunda pilot layihə həyata keçirilir, Masallı rayonunda bununla bağlı hazırlıq prosesi gedir. Yəni, bölgələrin kənd təsərrüfatı ilə yanaşı sənaye potensialının da inkişaf etdirilməsi yönündə mühüm addımlar atılır.

- Bu gün dünyada ərzaq təhlükəsizliyinin təminatı məsələsi prioritet sayılır. Azərbaycanda bu sahədə görülən işlər nə dərəcədə qənaətbəxşdir?

- Bu gün regionlarda aqrar sektorun inkişaf etdirilməsi, ələlxüsus da ərzaq təhlükəsizliyinin təmini hər bir ölkə və xalq üçün ümummilli, strateji əhəmiyyət kəsb edir. Bu mənada Prezident İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması və bu məqsədlə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməsi nikbinlik doğurur. Dövlət başçısı 2014-cü il yanvarın 16-da “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Son illərdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq respublikanın ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir. Respublikanın 20 rayonunda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisəsinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsini təmin edib və yeni ixrac imkanları yaradıb. Ötən illər ərzində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır, istehlak bazarında qiymətlərin sabitliyini təmin edir.

Taxılçılıq təsərrüfatlarında məhsuldarlığın artırılmasında həmçinin intensiv metodların tətbiqi, yeni suvarma üsullarından geniş istifadə olunması, aqrotexniki qaydalara əməl edilməsi və bu qəbildən olan digər tədbirlər də mühüm rol oynayır. Regionlarda taxılçılıq təsərrüfatlarında həyata keçirilən zəruri tədbirlərin nəticəsidir ki, son illərdə taxıl istehsalında davamlı olaraq artım müşahidə edilir. Ölkə miqyasında 2014-cü ildə 2 milyon 300 min ton, 2015-ci ildə isə 2 milyon 900 min ton taxıl istehsal olunub. Bu il üçünsə ilkin proqnozlara görə, ölkədə 3 milyon tondan artıq taxıl istehsalı gözlənilir. Ötən dövr ərzində əldə edilən inkişafın özü ərfzaq təhlükəsizliynin əsas komponentlərindən sayılan taxılçılığa edilən diqqət və qayğının göstəricisidir.

- Strateji əhəmiyyət daşıyan bir sıra bitkilərin yetişdirilməsi, eləcə də baramaçılığın inkişaf etdirilməsi istiqamətində görülən işlər ölkəmizə iqtisadi baxımdan hansı dividendləri qazandırır?

- Xüsusi olaraq qeyd etməliyik ki, bu ilin ixrac göstəriciləri ötən illərə nisbətdə olduqca yüksəkdir. Ötən altı ay ərzində istər meyvə-tərəvəz, istərsə də digər kənd təsərüffatı məhsullarının sərhədlərimizdən kənarda satışı yüksək səviyyədə təmin olunub. Belə ki, bu ilin 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 27,5 faiz, o cümlədən meyvə ixracı üzrə 13,1 faiz, tərəvəz məhsulları ixracı üzrə isə 33,1 faiz artım müşahidə edilib.

O ki qaldı, xüsusi strateji məhsulların yetişdirilməsi və ixracı ilə bağlı məsələ artıq öz həllini tapmaqdadır. Vaxtilə ölkəmizdə pambıqçılıq, barama, tütün kimi məhsulların yetişdirilməsi və becərilməsi ilə bağlı ənənə mövcud olub. Artıq bu sahələrin dirçəldilməsinə xüsusi diqqət göstərilir. Ən əsası ölkəmizdə qədim ənənəyə malik pambıqçılığın inkişafının sürətləndirilməsi məqsədilə ölkə Prezidentinin tapşırıqları icra edilir. Bunun nəticəsidir ki, 50 min hektardan artıq sahədə əkin işləri həyata keçirilib. Bundan başqa, ipək istehsalının müasir infrastrukturunun yaradılması, barama toxumçuluğunun təşkili və damazlıq müəssisələrinin fəaliyyətinin bərpası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb, bu tədbirlər nəticəsində keçən il istehsal olunmuş 232 kiloqrama qarşı cari ildə 70,7 ton, yəni, 300 dəfə artıq yaş barama məhsulu istehsal edilib. Tütün istehsalı da artıb ki, bu da ölkəmizdə şaxələndirilmiş iqtisadiyyatın inkişafına dəstək verir. Nazirlər Kabinetinin son iclasında da vurğulandığı kimi regionlarda çəltikçiliyin, çayçılığın və digər əhəmiyyətli məhsulların istehsalının kəskin artırılması üçün də ciddi tədbirlərə görülür.

- Azər müəllim, 2016-cı il Prezident İlham Əliyev tərəfindən ölkəmizdə «Multikulturalizm ili» elan edilib. Ötən altı ayda ölkəmizdə tolernatlığın inkişafı, eləcə də multukultural dəyərlərin qorunması yönümündə görülən işlər haqqında nələri qeyd etğmək olar?

- Multikulturalizm, tolerantlıq Azərbaycan xalqının əsrlər boyu qoruyub inkişaf etdirdiyi həyat tərzidir desək daha doğru olar. Bu gün ölkə Prezidenti İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər, dini və milli abidələrimizin rekonstruksiyası yönümündə atdığı addımldar təqdirəlayiqdir. Vurğulamaq yerinə düşər ki, bu gün ölkəmiz dünyada mühüm tədbirlərin keçirildiyi məkan kimi xarakterizə edilir. Son bir ilə nəzər salsaq dünyanın ən nüfuzlu tədbirlərinin məhz ölkəmizdə reallaşdığının şahidi olarıq. Ölkəmizə gələn turistlər, xarici qonaqlar Azərbaycanda birgəyaşayış mədəniyyətinin nə qədər yüksək səviyyədə inkişaf etdiyinin şahidi olurlar. Bölgələrimizdə milli etnik və ya dini baxımından heç bir problem yoxdur. Bu gün Azərbaycan xalqı öz yüksək dəyərlərinin ətrafında birləşərək bir ideologiyanın-azərbaycançılıq ideologiyasının daha da gücləndirilməsinə öz tövhəsini verir. Əminliklə vurğulamaq istəyirəm ki, dilindən, dinindən, eləcə də etnik bağlılığından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı ölkəmizin rifahı, inkişaf üçün əlindən gələni edir. Bu, tolerantlığın, inkişafın Azərbaycan modelidir. Ölkə Prezidentinin Azərbaycanın marapqlarına xidmət edən daxili və xarici siyasəti hər bir vətəndaşımız tərəfindən bəyənilir, dəstəklənir. Xalq-hakimiyyət birliyi Azərbaycanın inkişafıının əsas təməl prinsipi rolunu oynayır. /yap.org.az/