Dövlət Sosial Müdafiə Fondunda Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Tarix : 2016/02/09 12:24     Kateqoriya : SOSİAL    


	Dövlət Sosial Müdafiə Fondunda Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

 Dövlət Sosial Müdafiə Fondunda Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə növbəti mərhələdə Azərbaycanın pensiya təminatı sistemində reallaşdırılması nəzərdə tutulan islahatlar çərçivəsində görülən işlər müzakirə olunub.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan «Fakt-Araşdırma»-ya verilən məlumata görə, qonaqları səmimi salamlayan Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun gerçəkləşdirilən islahatlarla müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin inkişafına və beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub.

E.Mehdiyev vurğulayıb ki,  bütün bunlarla yanaşı, Azərbaycanın pensiya təminatı sisteminin uzunmüddətli maliyyə dayanıqlığına və pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir.Bu sahədə mühüm vəzifələrin icrasını hədəfləyən və növbəti mərhələdə pensiya islahatının prioritet istiqamətlərini müəyyən edən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” ölkənin pensiya sistemini təkcə sosial öhdəliklərdən çıxış edən təsisat kimi deyil, bütövlükdə iqtisadiyyatın əsas həlledici həlqəsi kimi nəzərdən keçirir.

Azərbaycanın sığorta-pensiya sistemi qlobal çağırışlar fonunda sürətlə dəyişən kənar amillərə çevik adaptasiya imkanına malik olmalıdır və bununla bağlı iki əsas strateji vəzifənin həlli hədəflənir ki, bunlardan birincisi sistemin uzunmüddətli maliyyə dayanıqlığının, digəri isə pensiyaçıların adekvat gəlir əldə edə bilməsinin təmin olunmasıdır.

Qeyd olunan hədəflərin reallaşdırılması baxımından zəruri islahat tədbirləri sırasında ilk növbədə pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsi, pensiya öhdəlikləri ilə yığılan maliyyə vəsaitlərinin balanslaşdırılmış tarazlığının təmin edilməsi, sistem iştirakçılarına münasibətdə ödənilən sosial sığorta haqlarının təyin olunan pensiya məbləğinə mütənasib olmasının gözlənilməsi çıxış edir. Sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsi məqsədilə digər vacib istiqamət bölüşdürücü funksiya daşıyan şərti yığım sistemi çərçivəsində dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi məsələsidir.

Göstərilən vəzifələrin kompleks həlli üçün sığorta-pensiya sisteminin fəaliyyət düsturu kimi qəbul edilən pensiya formulunun inkişafın yeni mərhələsinə uyğun tələblər əsasında təkmilləşdirilməsi nəzərdə tutulur ki, bu da həm ayrı-ayrı iştirakçıların təminatı, həm də ümumilikdə sistem üzrə mövcud problemlərin həlli baxımından xüsusi əhəmiyyət daşıyır. Yeni pensiya formulunun tətbiqi ilə birincisi, sosial sığorta prinsiplərinin daha da dərinləşdirilməsi ilə sistemin yeni maliyyə modeli qurulacaq, ikincisi, qeyri-sığorta ödəmələrinin məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilməsi minimuma endiriləcək və dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəlikləri fərqləndiriləcəkdir.

Real yığıma əsaslanan pensiya planlarının tətbiqi islahatın digər əsas istiqamətini təşkil edir. Qeyd edilən islahat tədbiri əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsini, bununla da vətəndaşlara əlavə pensiya təminatı imkanı verən mexanizmlərin formalaşdırılmasını nəzərdə tutur.

Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək qiymətləndirən Dünya Bankının baş iqtisadçısı Zoran Anuşiç bu sahənin gələcək inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərin mütərəqqi dünya praktikasına uyğunluğunu qeyd edib. Kompleks islahat tədbirlərinin aktuar qiymətləndirmələrin nəticələrinə əsaslanmasının vacibliyini vurğulayan qonaq  ötən dövr ərzində Dövlət Sosial Müdafiə Fondunda aktuar tədqiqatlar sahəsində kadr potensialının gücləndirilməsi və aktuar savadlılığın artırılması məqsədi ilə Dünya Bankı tərəfindən PROST modelin tətbiqi ilə bağlı təlimlər keçirildiyini, bu təlimləri uğurla başa vuran Fondun əməkdaşlarına sertifikatlar və modeldən istifadəyə dair lisenziyalar təqdim olunduğunu diqqətə çatdırıb. Qonaq təmsil etdiyi qurum ilə Dövlət Sosial Müdafiə Fondu arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, birgə əməkdaşlığın bundan sonra da səmərəli olacağını qeyd edib.  

Görüşdə  Dövlət Sosial Müdafiə Fondunun Dünya Bankı ilə əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.