Azər Badamov: «Qusarda emal və yeyinti sənayesi müəssisələrinin açılması vacibdir»

Tarix : 2016/07/27 20:31     Kateqoriya : MÜSAHİBƏ    


	Azər Badamov: «Qusarda emal və yeyinti sənayesi müəssisələrinin açılması vacibdir»

Bir qayda olaraq parlamentin yay tətili müddətində millət vəkilləri öz seçiciləri ilə yaxından təmasda olaraq onların qayğıları, problemləri ilə maraqlanır, həmin problemlərin həlli istiqamətində müvafiq qurumlar qarşısında məsələ qaldırırlar. Qusar rayonundan Milli Məclisə deputat seçilmiş Azər Badamov da parlamentin yay tətili müddətində seçiciləri ilə mütəmadi görüşlər keçirərək onların qayğıları ilə maraqlanır.

«Fakt-Araşdırma»-nın məlumatına görə, "OLAYLAR"-a verdiyi müsahibədə Azər Badamov seçicilərlə keçirdiyi görüşlərdə onların qaldırdıqları məsələlər, həmin məsələlərin həlli istiqamətində atılan addımlar barədə danışıb. Millət vəkili deputat seçildiyi rayonda turizmin inkişaf etdirilməsi istiqamətində görülən işlər, ümumilikdə ölkəmizin turizm potensialı, mövcud imkanlar barədə də danışıb.

-Azər müəllim, artıq Milli Məclis yay tətilindədir. Bu müddət ərzində fürsət tapıb seçicilərinizlə görüşürsünüzmü və seçicilərinizi narahat edən məsələlər hansılardır?

-Milli Məclisin yay tətili başlayandan sonra demək olar ki, bütün vaxtımı seçildiyim Qusar rayonunda seçicilərimin arasında keçirirəm. Rayondakı xeyir-şər məclislərdə iştirak edirəm, ictimai yerlərdə seçicilərimlə bir yerdə oluram, onları ölkəmizin sosial-iqtisadi həyatı haqqında məlumatlandırıram və dinləyirəm. Təbii ki, seçicilərimi narahat edən çoxlu məsələlər hələ də qalmaqdadır. Yəni, həyat şəraiti inkişaf etdikcə yeni məsələlər meydana gəlir. Məsələn, dag kəndlərinə yol və qaz xətlərinin çəkilişi aparılır. Bunu görən digər kəndlərdə yaşayan insanlar da tez bir zamanda öz kəndlərinə də asfalt yol və qaz çəkilməsini istəyir. Əvvəllər yollara çınqıl döşəməklə hamarlanmasını istəyən insanlar artıq asfalt döşənmiş müasir yollar istəyirlər. Amma , əvvəllər belə müasir işlərin inşası heç təsəvvürlərinə gətirə bilməzdilər. Yəni, quruculuq - abadlıq işlərinin aparılmasını hamı özünün ərazisində birinci növbədə icra olunmasını istəyir. Bu mümkünsüzdür. Çünki, dövlət vəsaiti hesabına icra olunan bütün tikinti işləri, yolun tikintisi, qaz və su xətlərinin çəkilişi və. s rayonun sosial- iqtisadi inkişaf planına uyğun mərhələli şəkildə aparılır. Bu illər ərzində Qusar rayonunda aparılan quruculuq - abadlıq işləri sayəsində böyük sosial -infrastruktur layihələri icra olunub, insanların həyat şəraiti yüksəlib, rayonun siması dəyişib. Seçicilərimin müraciətlərinin əsas hissəsi işlə təmin olunması ilə əlaqədardır. Bu məsələnin həlli üçün Qusarda emal və yeyinti sənayesi müəssisələrinin açılması vacibdir. Bununla əlaqədar hökumətin hesabat iclaslarında məsələ qaldırmışam və bu istiqamətdə işlər gedir.

-Seçicilərlə keçirdiyiniz görüşlərdə səsləndirilən fikirlərin ümumiləşdirib parlamentin iclaslarında gündəliyə gətirilməsi nəzərdə tutulurmu?

-Təbii ki, bu belə olmalıdır. Çünki, millət vəkili xalqla hökumət arasında körpüdür. Seçicinin istək və təkliflərini parlamentdə gündəliyə gətirməli, hökümətin diqqətinə çatdırmalı və həlli istiqamətində deputatlıq səlahiyyətləri çərçivəsində çalışmalıdır. Tərəfimizdən də parlamentdə hökumətin hesabat iclaslarında və dövlət büdcəsi müzakirələri zamanı seçicilərimi narahat edən çoxlu məsələlər müzakirəyə çıxarılıb və öz həllini tapıb. Milli Məclisin payız sessiyasında da seçicilərimin istək və təklifləri ilə bağlı bir neçə məsələni də gündəmə gətirməyi düşünürəm. Çünki, bizə bu səlahiyyət verən seçicidir və daima onların yanında olmalıyıq. Fürsətdən istifadə edərək deputatların qaldırdıqları məsələlərə müsbət yanaşdıqlarına görə hökumət üzvlərinə də təşəkkür edirəm.

-Sizin deputat seçildiyiniz bölgə turizm zonasıdır. Bu zonada turizmin inkişaf etdirilməsi, regiona daha çox turistin cəlb edilməsi üçün sizcə hansı addımlar atmaq lazımdır?

-Seçildiyim Qusar rayonunun füsunkar təbiəti və gözəl havası var. Amma , təbiətin gözəlliyi turizmin inkişafı üçün kifayet deyil. Bunun üçün müasir infrastruktur formalaşdırılmalı, günün tələblərinə cavab verən istirahət mərkəzləri yaradılmalıdır. Rayonumuzda cənab prezdentin qayğısı və tapşırığı ilə regionun ən böyük Şah dağ Qış-Yay Turizm Komplesi tikilmiş, müasir turizm infrastrukturu formalaşdırılmışdır. Məhz bunun nəticəsidir ki, ölkə vətəndaşları arasında istirahət etmək üçün hansı bölgəni seçərdinuiz sualı ilə rəy sorgusu aparılanda əksəriyyəti Qusara üstünlük verirlər. Bu, məni bu regionun deputatı olaraq çox sevindirir. Çünki, bölgəyə turistin çox gəlməyi oranın sosial iqtisadi və mədəni inkişafına gətirib çıxarır. Qusara turistlərin cəlb olunması üçün dövlət çoxlu işlər görüb. İndiki halda isə əsas vəzifə turizm mərkəzlərində və xidmət sahələrində çalışan insanların üzərinə düşür. Xidmətlər müasirləşməlidir, qiymətlər ucuzlaşmalıdır, turistlərin vaxtının maraqlı keçiriləməsi üçün turlar təşkil olunmalıdır. Qeyd etdiyim istiqamətlərdə müasirləşmə olarsa düşünürəm ki, Qusara turist axını daha da arta bilər.

-Bu gün ölkədə turizmin inkişaf etdirilməsi istiqamətində görülən işlər qaneedici hesab edilə bilərmi?

-Azərbaycan gənc müstəqil ölkədir. Müstəqillik illərində ölkəmizin hər tərəfli inkişafı və güclənməsi üçün çoxlu islahatlar aparılıb və iqtisadiyyatın hər bir sahəsi yenidən qurulub. Turizm də müstəqilliyimizin ilk illərində tam iflic vəziyyətinə düşmüşdü. Lakin , bu illər ərzində turizm sahəsində aparılan islahatlar, yenidənqurma işləri və bu sahənin inkişafına dövlət başçısının xüsusi diqqəti sayəsində Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Xarici turistlərin cəlb edilməsi məqsədilə miqrasiya məcəlləsində edilən dəyişikliklər, turizm müəssisələrin inkişafını təmin etmək üşün qanunvericilik bazasında edlən dəyişikliklər, ölkəmizdə keçirilən beynəlxalq yarışmalar və.s qeyd etmək olar ki, bütün bunlar ölkədə turizmin inkişafına xidmət edir. Qısa olaraq qeyd etmək istəyirəm ki, turizmin inkişafıyla bağlı ölkədə görülən bütün işlər yüksək dəyərləndirilməlidir. Bunun bəhrəsini isə yaxın gələcəkdə görəcəyik.

-Bir millət vəkili olaraq turizmin qeyri-neft sektoru kimi daha da inkişaf etdirilməsi, ölkə üçün gəlirli sahəyə çevirilməsi üçün nələri təklif edərdiniz?

-İqtisadiyyatın neftdən asıllığının aradan qaldırılması və qeyri- neft sektorunun inkişafı istiqamətində ölkəmizdə bir sıra proqramlar icra olunur. Qeyri -neft sektorunda ən gəlirli sahələrdən biri turizm sektorudur. Dünyada elə ölkələr vardır ki, onların iqtisadiyyatının 70 faizini turizm təkil edir. Azərbaycan da 9 iqlim qurşagına malik böyük turizm potensialına malik ölkədir. Əgər biz bu potensialdan düzgün və səmərəli istifadə etsək, böyük gəlirlər əldə edə bilərik. Bunun üçün yuxarıda qeyd etdiyim kimi dövlətimiz daima işlər görür. Düşünürəm ki, bu sahədə görülən işlərin əhatə dairəsi daha da genişləndirilməlidir. Birinci növbədə müasir xidmət və cəlbedici qiymətlər olmalıdır. İkincisi isə xarici turistlərin ölkəmizə cəlb edilməsi istiqamətində tədbirlər həyata keçirməli, turizm potensialımızı xaricdə geniş təbliğ olunmalıdır. Ölkəmizə gəlmiş hər bir turistin əlavə turist cəlb etməsi üçün şərait yaratmalıyıq. Xaricdən gələn hər bir turist ölkə üçün gələn valyuta mənbəyidir.