Tarixi Zəncanda gördüklərim... FOTO

Tarix : 2015/09/21 18:58     Kateqoriya : ARAŞDIRMA    


	Tarixi Zəncanda gördüklərim... FOTO

2015-ci il sentyabrın 11-dən 18-nə qədər İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayinin təşkilatçılığı və dəvəti ilə bir qrup azərbaycanlı jurnalist İranın Zəncan əyalətinə səfər edib.

«Xəbərservis Analitik İnformasiya Agentliyi»-ni ilk xarici səfərdə təmsil etmək imkanı mənə nəsib olduğundan yaşadığım böyük təəssüratları bölüşməyi vacib saydım. Qədim, özünəməxsus memarlıq abidələri ilə bəşər tarixində yeri olan Zəncan qonaqpərvərliyi ilə də məni heyran etdi. Tarixi abidələrin möhtəşəmliyini sözlərlə ifadə etmək çox çətindir. Bunu yalnız canlı olaraq görmək lazımdır. Əhalinin öz torpağına olan sevgisi isə xüsusi ilə qeyd edilməlidir.

 Səfərimizin ilk günü Zəncan vilayətinin rəsmi şəxsləri ilə görüşdən başladı. Tanışlığımız Zəncan əyalətinin iqtisadi, mədəni sosial vəziyyəti ilə başladığından Azərbaycan Respublikası ilə əməkdaşlığın daha sıx olması niyyəti ilə yekunlaşdı. Rəsmilərin xoş niyyəti həqiqətdə özünü bariz göstərdi. Sənaye, kənd təsərrüfatı, tarixi və mədəni abidələrlə tanışlıq o qədər sıx təşkil olunmuşdu ki, bu bir həftədə aldığım təəssüratları bölüşmək üçün həftələr və aylar yetməz.

İran dedikdə 36 il Qərbin embarqosu ilə təcrid olunmuş bir ölkə gözümüzün önünə gəlir. Lakin gördüklərimiz bunun tam əksini deyir. Ən yüksək texnologiyalar tətbiq olunmaqla istehsal olunan qida, sənaye məhsulları təkcə İranın daxili bazarını təmin etmir, həm də, xarici ölkələrə də ixrac olunur. Şərqi gözü götürməyən Qərb ölkələri sükutla bütün yüksək standartlara cavab verən, ekoloji təmiz İran məhsullarını çox ucuz qiymətə də olsa alırlar. İstehsalının şahidi olduğum sənaye məhsulları nə xarixi görünüşü, nə də keyfiyyəti ilə bu gün tərifi göylərə qaldırılmış Qərb məhsullarından heç də geri qalmır. Bəlkə də, üstündürlər...

Xüsusi ilə də qeyd edim ki, İranın səhiyyəsi bu gün çox yüksək səviyyədə inkişaf edib. Səfər çərçivəsində tanış olduğum tibb ocaqlarında gördüklərim mənə bunu deməyə əsas verir. Bu gün İranda yürsək səviyyədə böyrək köçürmələri, açıq ürək əməliyyatları həyata keçirilir. Səfər zamanı şahidi olduğum açıq ürək əməliyyatında gördüklərim sözlərimin təsdiqidir...

Bu gün Qərbin darmadağın etdiyi Yaxın Şərq ölkələrinin tarixi-mədəni abidələrini biz bir dəfəlik itirmişik. Lakin İran dövləti bu 36 illik təcrid dövründə də abidələrin qorunmasını təmin etmiş və yüksək səviyyədə bərpasına maddi vəsait qoymuşdur. Təkcə turizmin atrması İran İslam Respublikasının nə qədər böyük gəlir gətirəcəyindən qorxan Qərb, hər cür böhtan və yalanlarla bu ölkəyə turist axınının qarşısını alır. Bu ölkəyə səfər bir də ona görə maraqlıdır ki, insan tarixi keçmişini görür və onda müqayisə etmək imkanı yaranır.

 

 

 

Xəyalə Süleymanqızı

Bakı-Zəncan-Bakı