Fələstin səfiri: «Siyasi sahə bizim üçün çox önəmlidir»

Tarix : 2016/02/11 13:48     Kateqoriya : MÜSAHİBƏ    


	Fələstin səfiri: «Siyasi sahə bizim üçün çox önəmlidir»

«Fakt-Araşdırma» Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərimin müsahibəsini təqdim edir:

- Cənab səfir, hazırda Azərbaycanla  Fələstin arasında münasibətlər hansı səviyyədədir? Bu il iki ölkənin münasibətlərində nə kimi yeniliklər gözlənilir?
 
- Azərbaycanla Fələstin arasında münasibətlər yüksək səviyyədədir, güclüdür və daim iki ölkənin rəhbərlikləri arasında məsləhətləşmələr aparılır. Bu əlaqələrin hazırkı səviyyədə olması iki dövlət arasındakı maraqların üst-üstə düşməsi, regionda olan problemlərin oxşarlığı, eyni zamanda hər iki dövlətin bir çox məsələlərdə həmrəy olmalarıdır. Bütün bunlar əlaqələrimizin yüksək səviyyədə olmasına dəlalət edir.
 
Biz siyasi sahədə öz əlaqələrimizi davam etdiririk və bu əlaqələri daha da  inkişaf etdirməyə çalışırıq, digər sahələrdə də müəyyən əməkdaşlığımız mövcuddur. Hazırda isə bir sıra məsələlər üzərində işləyirik, ancaq hadisələri qabaqlayaraq, onları hələlik açıqlamaq istəmirəm.
 
- Siyasi sahəni qeyd etdiniz, digər hansı sahələr üzrə əməkdaşlıq mövcuddur və bu əməkdaşlığın genişləndirilməsi imkanları nə dərəcədədir?
 
- Siyasi sahə bizim üçün çox önəmlidir. Çünki bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi digər sahələrə də mütləq şəkildə təsir göstərir. 
 
Bizim təhsil sahəsində də əlaqələrimiz mövcuddur. Bakıda fələstinli tələbələr yüksək səviyyədə təhsil alırlar. Onlar əsasən tibb və mühəndislik ixtisası üzrə oxuyurlar. Təbii ki, həmin gənclər öz ölkələrinə savadlı kadrlar kimi qayıdacaqlar. Mədəniyyət sahəsində də müəyyən məsələlərdə əməkdaşlıq edirik. Düşünürəm ki, mədəniyyət sahəsi hər iki xalq, dövlət üçün vacibdir.
 
- Hazırda Bakıda neçə fələstinli tələbə təhsil alır?
 
- Tələbələri sayı 25-dir. Amma bir çox tələbələr artıq ali məktəbləri bitirib, geri qayıdıblar. Azərbaycan bir çox çətinliklərdən keçən gənc dövlətdir.
 
İstəyirik ki, bizim tələbələrimiz, gənclərimiz Azərbaycanın müasir təcrübəsindən yararlansınlar, faydalansınlar, ölkəmizdə həmin təcrübəni tətbiq etsinlər. Bakıda tələbələr həm dövlət təqaüdü, həm də öz hesabına təhsil alırlar. Amma öz hesablarına oxuyan fələstinli tələbələrə də Azərbaycan tərəfindən hər zaman güzəştlər tətbiq edilir.
 
- Azərbaycanın təşəbbüsü ilə Bakıda bir neçə il əvvəl Fələstinə dəstək konfransı keçirildi. Sizin fikrinizcə, bu cür təşəbbüslərin nə kimi əhəmiyyəti var və onun davam etməsi gündəmdədir?
 
- Bakıda 2013-cü ildə keçirilən Qüdsün infrastrukturunun təkminləşdirilməsinə aid olan bu konfrans İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin, o cümlədən Azərbaycanın hələ də Fələstin probleminə və Qüdsə olan marağını, bu problemin İƏT üçün nə qədər əsas və vacib olduğunu göstərdi.
 
Çünki İƏT özü də məhz Fələstin probleminə görə yaradılıb, bunun əsasında Qüds dayanır. Buna görə də bu konfrans çox yaxşı nəticələrlə yadda qaldı. Konfrans Azərbaycanın Qüdsün infrastrukturunun təkminləşdirilməsinə, yenilənməsinə 5 milyon dollar yardım ayırması ilə nəticələndi. Bu çox müsbət bir haldır ki, Azərbaycan tərəfi məhz Qüdsə bu şəkildə yardım göstərdi.
 
Bununla bərabər bu, dünyaya Qüds məsələsinin, Fələstin probleminin hər zaman gündəmdə olmasına dair bir siyasi mesaj idi. Əlbəttə ki, bir konfransla hər hansı problemi tam həll etmək mümkün deyil. Yəni bu baxımdan onu deməliyəm ki, bu davamlı olmalıdır və biri digərindən daha yaxşı təşkil edilməlidir.
 
Bu bir prosesdir, ardıcıl məsələdir. Dünyanın hər bir yerində istənilən məsələni, problemi həll etmək üçün mütləq şəkildə davamlı konfranslar keçirilməlidir. Xüsusilə, fələstinlilərin üzləşdiyi çətinlikləri, ehtiyacları qarşılamaq üçün bir konfransın təşkili yetərli deyil. 
 
Məhz buna görə bu, davamlı olmalıdr. Bakı konfransı isə müsbət nəticə ilə yadda qaldı.
 
- Hazırda İsrail-Fələstin münaqişəsində vəziyyət nədən ibarətdir? Suriya münaqişəsinin bu problemi arxa plana keçirdiyini demək olarmı?
 
- Suriya məsələsi gündəmdə olsa da, regionda yaxın Şərqdə problemlərin başlanğıcı İsrail- Fələstin münaqişəsidir. Yəni, İsrailin Fələstin Dövlətinin ərazisini işğal etməsi bu problemin yaranmasına səbəb olub. Artıq Fələstini müşahidəçi dövlət kimi BMT və dünyada 137 dövlət tanıyıb. Bu problemin əsası məhz işğaldır.
 
Hazırda İsrail hökumətində təmsil olunan bütün nazirlər və xüsusilə baş nazir Benyamin Netanyahu olduqca ekstremist mövqeyə malikdir. 
 
Onun hökumətinin heç bir üzvü beynəlxalq səs çoxluğu ilə qəbul edilən, BMT-nin qətnamələrində, müqavilələrdə göstərilən və sülhün onsuz həllinin mümkün olmadığı iki dövlət həlli prinsipini dəstəkləmir.
 
Məhz bu radikallığa görə sülhə çatmaq üçün hər hansı bir irəliləyiş əldə etməmişik. İsrail Baş nazirinin siyasəti hər zaman iki dövlət prinsipinə zərbə vurub və bu məsələni darmadağın edib. Netanyahu seçkilər zamanı çıxış edərkən sülhün əleyhinə olduğunu göstərdi. 
 
Lakin beynəlxalq təzyiqlə üzləşdiyinə görə verdiyi bəyanatdan bir qədər sonra geri çəkildi.
 
Əgər biz Fələstin probleminin kökünə baxsaq, onda onun əsasının işğal olduğunu görəcəyik. Gənclər görür ki, bu işğal davam edir, onlar üçün hər hansı siyasi perspektiv yoxdur və bununla bərabər işğal nəticəsində ümidsizlik, bədbəxtlik təzahürləri meydana gəlib, onlar istər istəməz bir növ başqa yollara, istiqamətlərə yönəlirlər.
 
Yəni Fələstin probleminin həll olunmaması, işğalın davam etməsi gənclər arasında ümidsizliyin artmasına gətirib çıxarır. Bundan da regionda olan radikal qüvvələr dərhal istifadə edib, onların beynini yuyub digər istiqamətlərə çəkə bilirlər. Məhz əsas səbəb bundan ibarətdir.
 
Əgər ortada bir problem yoxdursa, hər şey yaxşıdırsa, təbii ki, hansısa gəncin yanlış istiqamətlərə getməsi mümkün deyil. Amma işğalın davam etməsi, ümidsizlik həmin insanların qruplara qoşulub terrora tərəf çəkilməsinə gətirib çıxarır. Yəni İsrailin apardığı siyasət regiondakı gərginliyi bir qədər də artırır. Siyasi bəyanatlar gərginlik yaradır, insanların hissləri ilə oynayır, problemin dərinləşməsinə gətirib çıxarır.
 
Regionda sülhün bərqərar olması üçün Fələstin və İsrail arasında problem mütləq şəkildə həll olunmalıdır. Bundan sonra regionda, hər yerdə sülh bərqərar olacaq. Çünki dünyada ən uzun sürən münaqişə, işğal Fələstin-İsrail münaqişəsidir.
 
İsrailli ekspertlər və bəzi siyasətçilər özləri də etiraf edirlər ki, İsrailin apardığı siyasət təhrikçiliyə, gərginliyə yönəlib. Dünya dərk etməlidir ki, terrorla mübarizənin ən mühüm yolu öz məsuliyyətini dərk edərək İsrail Fələstin münaqişəsinin həllindən keçir.
 
Hər iki xalq, yəni həm Fələstin, həm İsrail xalqı sülh istəyir. Yeganə məntiqli həll sülhün bərqərar olması, iki dövlətin qurulmasıdır.
 
Siyasətçilər məsuliyyəti dərk edib iki dövlət prinsipini önə çıxarıb, bu məsələni həll etməlidirlər. İsrail hakimiyyətində təmsil olunan radikal sağçı hökumət buna nail olmaq istəmir. Belə olan halda sülhdən də danışmaq yersizdir. Bizim əlimiz sülh üçün hər zaman açıqdır, öz çıxışlarımızda sülhü istədiyimizi hər zaman dilə gətirmişik.
 
- BMT Fələstini müşahidəçi-dövlət kimi tanıdı. Eyni zamanda bir sıra ölkələr də Fələstini dövlət kimi tanıyıb. Bundan çıxış edərək münaqişənin həllində irəliləyiş gözləmək mümkündürmü?
 
 -Biz bilirik ki, bu mübarizəmiz asan deyil, çox gərgin və ağırdır. Çox uzun çəkən prosesdir, buna görə də bütün diplomatik nailiyyətlərimizi bilirik. BMT-in Fələstini müşahidəçi-dövlət kimi tanıması diplomatik sahədə əldə etdiymiz böyük müsbət nailiyyətlərdir. Lakin biz əsas hədəfə çatmamışıq.
 
Əsas hədəfimiz İsrail Dövləti ilə yanaşı Fələstin Dövlətinin yaradılması və iki xalqın sülh və əmin-amanlıq şəraitində yaşamasıdır. Bu hədəfə doğru gedirik. Öz mübarizəmizi davam etdirirk, yaxın gələcəkdə digər dövlətlər tərəfindən də Fələstinin tanınmasını gözləyirik. Bizim mübarizəmiz nəsilləri əvəz edən bir mübarizədir, bunu artıq görmüşük. Fələstinin tanınması bizə kənardan bir dəstəkdir, əsas hədəfə çatmaqda bir stimuldur.
 
Mən əminəm ki, elə  bir zaman gələcək və İsrail dövləti elə bir nöqtəyə çatacaq ki, anlayacaq ki, artıq bundan sonrası yoxdur və beynəlxalq və hümanitar qanuna əsaslanan sülh prinsiplərinə əməl etməlidir. Biz həmin ana qədər mübarizəmizi davam etdirəcəyik.
 
Hazırkı vəziyyətin davam etməsi mümkün deyil. Fələstində  İsrailin 400  hərbi keçid məntəqəsi var. Fələstin daxilində küçələr var ki, bunlar qeyri-qanuni müstəmləkəçi israillilər üçün nəzərdə tutulub.
 
Onlardan Fələstin vətəndaşları istifadə edə bilmir. Yaxud orda ayırıcı divarın Fələstin daxilindən keçməsi,  Fələstinin suyunun 80 faziinin İsrail tərəfindən oğurlanması,  bütün bunlar heç bir ölkədə görmədiyimiz, şahidi olmadığımız hallardır. Bu halların davam etməsi, uzun ömürlü olması heç bir halda məntiqli deyil. Əminik ki, bütün bunlara son qoyulacaq.
 
Pərvanə Sultanova