Kəmaləddin Heydərov Qəbələdə ictimaiyyət nümayəndələri ilə görüşüb

Tarix : 2016/02/11 16:33     Kateqoriya : SOSİAL    


	Kəmaləddin Heydərov Qəbələdə ictimaiyyət nümayəndələri ilə görüşüb

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Qəbələ ictimaiyyətinin nümayəndələri ilə görüşündə yerli resurslardan daha səmərəli istifadə edilməsi məsələləri müzakirə olunub

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov fevralın 11-də Qəbələ rayonundakı Heydər Əliyev adına Konqres Mərkəzində ictimaiyyət nümayəndələri ilə görüşüb.

«Fakt-Araşdırma» xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev görüşdə çıxış edərək, son illər rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib. O cümlədən aqrar sektorun və turizmin inkişafından, şəhər və kəndlərdə aparılan quruculuq-abadlıq işlərindən danışıb.

Bildirilib ki, son illər Qəbələdə üzüm emalı zavodu, meyvə şirələri və şərab istehsalı zavodları, piano və lift istehsalı fabrikləri, iri heyvandarlıq kompleksləri və soyuducu anbarlar, quşçuluq təsərrüfatları, 18 müasir otel və istirahət mərkəzi, müxtəlif idman və əyləncə mərkəzləri inşa edilib. Rayonda yeni istehsal müəssisələrinin və turizm obyektlərinin açılması, eləcə də fəaliyyətdə olan obyektlərin genişləndirilməsi və yenidən qurulması, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi nəticəsində Qəbələnin minlərlə sakini daimi işlə təmin olunub.

Görüşdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələri, verilən tapşırıqları, nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb.

Nazir dünyada baş verən iqtisadi böhrandan danışaraq qeyd edib ki, bu proseslər neftin qiymətinin və manatın məzənnəsinin aşağı düşməsi ilə nəticələnib. Lakin Prezident İlham Əliyevin müəyyənləşdirdiyi məqsədyönlü siyasət, imzaladığı fərman və sərəncamlar, qanunvericiliyə edilən dəyişikliklər göstərir ki, Azərbaycan öz iqtisadiyyatını gücləndirəcək və əhalinin sosial rifahı daha da yüksələcək.

Ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafdan, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərdən, sahibkarlığa göstərilən dövlət qayğısından bəhs edən nazir Kəmaləddin Heydərov bildirib ki, Qəbələ rayonunun böyük turizm imkanları var. Rayonda turizmin inkişafı istiqamətində mühüm işlər görülüb və bu istiqamətdə tədbirlər davam etdirilir. Nazir iş adamlarına Qəmərvan və Yengicə kəndlərindəki yeraltı müalicəvi mineral isti sulardan səmərəli istifadə etməyi tövsiyə edib. O, rayonda sənayenin, kənd təsərrüfatı və turizmin inkişafı istiqamətində son illər görülən işlərin bəhrə verdiyini və yeni layihələrin icrası üçün təkliflərin qəbul olunduğunu bildirib.

Kəmaləddin Heydərov deyib ki, bugünkü görüş rayondakı vəziyyətlə, əhalinin yaşayış səviyyəsi ilə yerində tanış olmaq, problemləri, yerli iş adamlarının üzləşdikləri çətinlikləri öyrənib, onların həlli istiqamətində addımlar atmaq məqsədi daşıyır. Nazir ictimaiyyət nümayəndələrindən Qəbələnin daha da inkişafı üçün təkliflər verməyə, bu məsələlərin müzakirəsində fəal olmağa çağırıb.

Rayonun iş adamları və fermerlər çıxış edərək fəaliyyət sahələri, istehsal etdikləri məhsullar, qazandıqları uğurlar barədə məlumat veriblər. Nic qəsəbəsinin sakini, fermer Ağalət Baxışov heyvandarlıq və quşçuluq üçün yem istehsalının artırılması və kiçik müəssisələrin yaradılması, sahibkar Ceyhun Eyvazov rəhbərlik etdiyi seyf-qapı və məişət avadanlıqları istehsalı fabrikinin fəaliyyətinin genişləndirilməsi, iş adamı Abdulla Həşimov Vəndam xalçaçılıq sexinin inkişaf etdirilməsi, “ASPİ” Aqro” MMC-nin nümayəndəsi Əjdər Şəfizadə istehsal etdikləri şərab məhsullarının xarici ölkələrə ixracının təşkilinə kömək göstərilməsi barədə təkliflər səsləndiriblər. Həmçinin rayonda bağçılığın, balıqçılığın inkişafı, əkin sahələrinin suvarılması məqsədilə su anbarının inşası, “Qəbələ-Quşçuluq” ASC-nin fəaliyyətinin genişləndirilməsi və yeni iş yerlərinin açılması, sahibkarlara güzəştli kreditlərin verilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Görüşdə Qəbələ sakinlərinin məşğulluğunun təmin edilməsi, bu məqsədlə rayonun potensial imkanlarının hərəkətə gətirilməsi və digər məsələlər müzakirə olunub.

Müzakirələrə yekun vuran nazir diqqəti torpaqlardan səmərəli istifadə edilməsinin, ixracyönümlü məhsul istehsalının artırılmasının vacibliyinə yönəldib. Qeyd olunub ki, rayonun böyük resursları var və burada müasir infrastruktur yaradılıb. Bu potensialdan səmərəli istifadə edilməklə üzümçülük, tütünçülük, taxılçılıq və heyvandarlıqda əsaslı irəliləyişə nail olmaq mümkündür. Qəbələdə gəlir gətirən və büdcəyə böyük vəsaitlər ödəyən turizm və istehsal obyektləri, iri fermer təsərrüfatları fəaliyyət göstərir. Bütün bunlar rayonun dövlət büdcəsindən asılılığın azaldılması və özünümaliyyəşdirmə üçün geniş imkanlar yaradır. Nazir mövcud imkanlardan səmərəli istifadə olunacağına əminliyini ifadə edərək, görüşdə səslənən müraciət və təkliflərin qeydiyyata alındığını, onların həllinə kömək göstəriləcəyini diqqətə çatdırıb.

Çıxış edən ictimaiyyət nümayəndələri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.