Tərəfdaşlıq müqaviləsi qüvvəyə minib

Tarix : 2016/02/11 20:42     Kateqoriya : İDMAN    


	Tərəfdaşlıq müqaviləsi qüvvəyə minib

SOCAR və Beynəlxalq Cüdo Federasiyası (İJF) arasında tərəfdaşlıq müqaviləsi bağlanılıb.

«Fakt-Araşdırma» İJF-nin rəsmi saytına istinadla xəbər verir ki, sazişi Budapeştdə SOCAR və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer imzalayıblar.

Anlaşma dörd il müddətinə nəzərdə tutulub.

İmzalanma mərasiminin ardından M.Vizer bildirib ki, bu tərəfdaşlıq cüdonun bütün dünyada təşəkkül tapması baxımından mühüm addımdır: “Bizim üçün də belə bir müqaviləni ən məşhur şirkətlərdən biri ilə imzalamağımız çox əlverişli imkandır. SOCAR-la tərəfdaşlıq idman sahəsində bir çox layihələrimizin həyata keçirilmə baxımından mühüm əhəmiyyət kəsb edir”.

Öz növbəsində R. Abdullayev isə vurğulayıb ki, bu gün idmanın inkişafına verdiyimiz töhfə belə bir mühüm müqavilənin imzalanmasında öz əksini tapıb. “SOCAR futbola, şahmata və cüdoya Azərbaycanda və ölkədən kənarda davamlı dəstəyin göstərilməsi ilə daima seçilir. İJF ilə tərəfdaşlığımızı gələcək nəsillərə yatırdığımız mənalı sərmayə kimi qiymətləndiririk”,- deyə R. Abdullayev qeyd edib.