Keyfiyyətsiz məktəbli geyimlərinin satıldığı aşkarlanıb

Tarix : 2016/09/02 17:17     Kateqoriya : ARAŞDIRMA    


	Keyfiyyətsiz məktəbli geyimlərinin satıldığı aşkarlanıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən məktəb yaşlı uşaqlar üçün tikilən üst geyimlərinin – məktəbli formalarının standartların tələblərinə uyğun olmadığı, əmtəə nişanının saxtalaşdırılaraq istifadəsi barədə şikayət araşdırılıb.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, “Binə”, “Sədərək” ticarət mərkəzlərində, Əhmədli qəsəbəsində yerləşən ticarət mərkəzində, 8-ci kilometr qəsəbəsində yerləşən bazar, həmçinin Şəki, Oğuz, Göyçay şəhərlərinin geyim satış məntəqələrində mənşəyi bilinməyən, başqasına məxsus əmtəə nişanını özününküləşdirərək, keyfiyyətsiz məktəbli geyimlərinin satıldığı müəyyənləşdirilib.

“Binə” və “Sədərək” ticarət mərkəzlərindəki satış məntəqələrindən götürülmüş nümunələr Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) yüngül sənaye məhsullarının sınağı laboratoriyasına təqdim olunub. Laborator müayinələrin nəticəsində müəyyən olunub ki, məktəbli formaların üzlük və içlik parçaları mövcud normativ sənədlərin tələblərinə uyğun deyil.

Satışdakı mənşəyi bilinməyən bütün məhsulların üzərində “Bakı Tikiş Evi” ASC-yə məxsus “BTE” əmtəə nişanından qeyri-qanuni istifadə olunduğu aşkar olunub.

Hazırda araşdırmanın nəticələri əsasında qanunvericiliyə uyğun tədbirlər görülür.

Xatırladaq ki, qanunvericiliyə əsasən məktəbli formaları Azərbaycan Respublikasında qüvvədə olan dövlətlərarası standart (ГОСТ 25294-2003 “Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri” standartı) əsasında müəssisələr tərəfindən hazırlanmış və dövlət qeydiyyatına alınmış texniki şərtlərin tələblərinə uyğun istehsal edilir./AZƏRTAC/