Keçmişdə daha təntənə ilə qeyd edilən Xıdır Nəbi bayramı

Tarix : 2016/02/11 17:58     Kateqoriya : ARAŞDIRMA    


	Keçmişdə daha təntənə ilə qeyd edilən Xıdır Nəbi bayramı

Keçmişdə xalq arasında daha çox qeyd edilən, lakin artıq unudulmağa başlayan Xıdır Nəbi bayramı 4 ünsürü - suyu, havanı, odu, torpağı simvoilizə edib.

Bu bayram təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və sair təbii proseslərlə müşayiət olunur.

Qədimdən xalq təqvimində qış fəsli iki əsas mərhələyə – böyük çilləyə (22 dekabr – 31 yanvar) və kiçik çilləyə (1 fevral – 20 fevral) bölünüb, sonrakı 30 gün isə boz ay adlanıb. Fevralın 1-də qış fəslinin ən soyuq günləri, qarlı-çovğunlu dövrü olan kiçik çillə başlayır. Qədim xalq mərasimlərindən biri olan Xıdır Nəbi bayramı da çillə günlərinə təsadüf edir. Bu bayramın keçirilməsi günləri ilə bağlı tədqiqatçılar arasında müxtəlif fikirlər mövcuddur.

AMEA-nın Gəncə bölməsinin şöbə müdiri Ruziyyə Quliyeva AZƏRTAC-a bildirib ki, Xıdır Nəbi və yaxud Xıdır İlyas bayramı adətən, fevral ayının 10-na təsadüf edir: “Keçmişdə bu bayramı ölkənin bölgələrində daha təntənə ilə qeyd ediblər. Lakin illər ötdükcə eldən-elə, dildən-dilə ötürülən həmin adət-ənənələr unudulmağa başlayıb. Xıdır Nəbi bayramı sərt, şaxtalı-ayazlı qış günlərindən sonra yazın gəlişinə ümid edən xalq inamının milli folklorumuzda inikasıdır. Bu bayramdan sonra artıq yalançı çərşənbə gəlir. Daha sonra isə insanlar xəbərçi çərşənbə və boz ayı qarşılayır. Boz aydan sonra isə hər biri təbiətin bir ünsürünü simvolizə edən su, hava, od və torpaq çərşənbələri qeyd olunur. Yəni Xıdır Nəbi Novruzun gəlişini, təbiətin oyanmasını xəbər verir”.

Bayramın əsas atributunun qovrulmuş buğda və qovud olduğunu vurğulayan R.Quliyeva deyib ki, bayram süfrəsinə boyanmış yumurta və qoğal da qoyulur. Bunlar da günəşi simvolizə edir. Xalq inanclarına görə, əfsanəvi Xıdır Nəbi gələn gün qovrulmuş buğdadan çəkilən qovud unundan xəlvət bir yerə qoyurlar. Elə bir yerə ki, ora insan nəfəsi, əl-ayaq toxunmur. Hətta həmin yerə onu qoyan adamın özü belə girməməlidir. Hansı evdə qovudun üzərinə Xıdırın barmaq izləri düşərsə, həmin evdə də böyük bayram edilir, həmin il o evdə ruzi-bərəkət olur.

Qeyd edək ki, bu bayramı bütün türk xalqları qeyd edir.