Azərbaycan multikulturalizm ənənələrinə sadiqliyin bariz nümunəsidir

Tarix : 2016/02/12 15:07     Kateqoriya : MÖVQE    


	Azərbaycan multikulturalizm ənənələrinə sadiqliyin bariz nümunəsidir

Əsrlər boyu Azərbaycan ərazisinə müxtəlif millətlərin, etnik qrupların və dinlərin nümayəndələri yaşamalı olublar.

Onlar illərlə Azərbaycanda əmin–amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşayıblar və ölkəmiz müxtəlif sivilizasiyaların qovuşduğu məkan olub. Tarix boyu ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrini həmişə dostluq münasibətləri birləşdirib. Ayrı-ayrı etiqad və inanclara malik insanların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında xalqımıza xas olan mədəni və mənəvi dəyərlər müstəsna rol oynayıb. İndi də Azərbaycanda müxtəlif dini və etnik qruplar sülh şəraitində birgə yaşayırlar və tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalq və etnik qrupların öz varlığını qoruyub saxlamasına əlverişli mühit yaradıb.

Ölkəmizdə tolerantlıq həm də dövlət siyasəti kimi həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda multikulturalizm ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi fəaliyyət indi Cənab Prezident İlham Əliyev tərəfindən böyük inamla davam etdirilir. Qeyd edək ki, dövlət başçısının Azərbaycanda multikultural münasibətlərin inkişafı yönündə atdığı addımlar davamlı xarakter daşıyır. Bildiyimiz kimi, Cənab Prezident İlham Əliyev 2016-cı  ili "Multikulturalizm ili” elan etmişdir və prezidentin təşəbbüsü ilə multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilmişdir. İndiki zamanda dünyada dini dözümsüzlüyün və dini ayrı-seçkiliyin olduğu bir zamanda, Azərbaycan multikultural göstəricilərinə görə dünyada nümunəvi dövlətlər sırasındadır. Artıq paytaxt Bakı qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi məkandır. Buna misal olaraq, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi və dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan müsbət  münasibətini göstərmək olar.

Əminəm ki, təşkilat olaraq, Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyi və ümumilikdə vətəndaş cəmiyyəti multikulturalizm ili çərçivəsində öz töhfəsini verəcəkdir. Bu il də multikulturalizmin təbliğatı ilə bağlı müxtəlif beynəlxalq və yerli əhəmiyyətli tədbirlər təşkil olunacaqdır. 

Tünzalə CAVADOVA,

Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin sədri