Peru kinomatoqrafçılarının “Köhnə dostlar”ı

Tarix : 2018/04/19 19:19     Kateqoriya : MƏDƏNİYYƏT    


	Peru kinomatoqrafçılarının “Köhnə dostlar”ı

Bakıda keçirilən İlk Latın Amerikası Film Festivalı çərçivəsində Peru kinomatoqrafçıları tərəfindən ərsəyə gətirilmiş “Köhnə dostlar” (“Viejos amigos”) filmi də nümayiş etdirilib. 2014-cü ildə çəkilmiş bu film dram-komediya janrındadır.

Rejissor Fernando Villaranın ilk filmi olan “Köhnə dostlar” ilin ən çox sevilən kino əsərlərindən biridir. Film çəkilişdən sonra ilk dəfə üç gün ərzində Lima Film Festivalında iştirak edib ki, eyni zamanda kinoteatrlarda nümayiş olunub, bu da onun geniş tamaşaçı kütləsi tərəfindən izlənməsinə marağı artırıb.

Filmin ana sujet xətti belədir: Balo (Rikardo Blume), Villaran (Enrique Viktoria) və Domingo (Karlos Gassols) adlı uzun illərin üç dostu artıq 80-dən yuxarı yaşdadırlar. Onlar aradan xeyli keçməsinə rəğmən dördüncü dostları Quiquenin cənazəsində yenidən görüşürlər.

Filmin qəhrəmanları yaratdıqları əvəzsiz obrazlarla seyr boyunca tamaşaçılara zövq verirlər. Əslində bu üç aktyor Peri incəsənət aləminin əfsanələridir – ifa etdikləri rolu öz xarakterlərinə uyğunlaşdırmaqla sanki onu oynamırlar, yaşayırlar. Filmdə bu üç personajın hərəsinin öz tərzi var - Blume düzgünlük tərəfdarıdır, Viktoria azadlığı sevən, səs-küylü şəxsdir, Gassols isə bütün həyat etaplarını özündə cəmləyir. 
Film boyu seyrçilərə mükəmməl gülüş səhnələri təqdim olunsa da, əslində bu gülüşlərin altında nostalji hislər yatır. Bunlar hər bir hərəkətin timsalında xatırlanan heç vaxt geri qaytarılmayacaq ötən xatirələrdir... 

Film boyunca bu üçlük futbol stadionuna gedir, barda əylənir, Kallao limanında unudulmaz gün keçirir və sair. Maraqlısı budur ki, bu üçlük getdiyi hər yerdə bir ömür xatirəsi yaşayır və yaşadır. Bunu Peruda yaşayan insanlar, əlbəttə, biz əcnəbilərlə müqayisədə daha yaxşı başa düşür və hiss edir.

Sonda qeyd edək ki, rejissor Fernando Villaran Lujanın çəkdiyi 93 dəqiqəlik bu komediya əsərində baş rolları Karlos Gassols, Rikardo Blyume, Enrike Viktoria, Lorena Karavedo, Mayra Kouto, Karlos Montalvo, Elena Olasageste, Sezar Pitter, Teddi Qazman və sair aktyorlar oynayır.

Filmin ssenarisi Gonzalo Ladines və Fernando Villaran Lujana məxsusdur. Operator Fergan Çavez-Ferrer, musiqi tərtibatçısı Fernando Urquyaga, rəssamları Sandro Angobaldo və Cimena Azula, montajçısı Roberto Benavides. Film ilk primyerası 2015-ci il mart ayının 20-də keçirilib.