Fuad Nağıyev turizm sənayesinin iştirakçılarını mərkəzləşdirilmiş əməkdaşlığa dəvət etdi

Tarix : 2018/06/29 21:15     Kateqoriya : SOSİAL    


	Fuad Nağıyev turizm sənayesinin iştirakçılarını mərkəzləşdirilmiş əməkdaşlığa dəvət etdi

Hazırda Azərbaycanda ixtisaslı kadrlara ehtiyac duyulan yeni turizm sənayesi inkişaf edir.

"Fakt-Araşdırma"-nın məlumatına görə, bunu 29 iyunda Turizm və Menecment Universitetində məzunlar qarşısında çıxış edərkən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd etmişdir.

Fuad Nağıyev bildirmişdir ki, əgər müstəqilliyimizin ilk illərində daha çox neft və qaz ehtiyatlarının istehsalı, daşınması və idarəedilməsi sahəsində mütəxəssislərə ehtiyac duyulurdusa, post-neft dövründə əsas diqqət Prezident İlham Əliyevin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi" haqqında fərmanında qeyd olunan digər prioritet sahələrin inkişafı üzrə ixtisaslı kadrların formalaşdırılmasına yönəldilir. Bu strateji istiqamətlərdən biri kimi Azərbaycanda turizm sənayesinin inkişaf etdirilməsi müəyyən olunub.

Fuad Nağıyev vurğulayıb ki, Azərbaycan dövlətinin, başda cənab Prezident İlham Əliyevin gənclərdən əsas gözləntisi ölkə iqtisadiyyatının inkişafında aktiv iştirak etməkləridir.

Agentlik rahbərinin sözlərinə əsasən qurum öz fəaliyyətini yaxın illərdə aşağıda göstərilən prioritet sahələr üzrə inkişaf etdirəcək:

- yeni turizm siyasəti formalaşdırılacacaq, turizm sənayesinin bütün üzvləri prosesə cəlb olunacaq;

- daha uzunmüddətli inkişaf üçün araşdırma və statistikanın yaxşılaşdırılması üzərində işlər görüləcək;

- turizmdə innovasiyalar və müasir texnologiyaların imkanlarından maksimum istifadə ediləcək;

- infrastruktur layihələriylə bağlı yeni inkişaf planları hazırlanıb icra olunacaq;

- dövlət-özəl biznes əməkdaşlığının genişlənməsində səylər artırılacaq. Turizmdə özəl biznesin müasir inkişaf standartlarına çatması üçün dövlət tərəfindən dəstək veriləcək;

- turist məmnunluğunu artırmaq, turistlərin qalma müddətini uzatmaq və mövsümüliyi aradan qaldırmaq üçün yeni turizm məhsulları işlənib hazırlanacaq;

- Azərbaycanın turizm brendi yenidən formalaşdırılacaq. Ölkəmizin tanıdılması üçün əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərini yaradılması nəzərdə tutulur.

Sonda Faud Nağıyev Azərbaycanın turizm potensialının inkişafı və möhkəmləndirilməsi üçün bu sahənin bütün iştirakçılarını mərkəzləşdirilmiş qaydada fəaliyyətə və əməkdaşlığa dəvət etdi.