Bahar Muradova: «Belə terror hadisələri ilə Türkiyəni haqq-ədalət uğrunda mübarizəsindən çəkindirmək mümkün olmayacaq»

Tarix : 2016/02/18 20:19     Kateqoriya : MÜSAHİBƏ    


	Bahar Muradova: «Belə terror hadisələri ilə Türkiyəni haqq-ədalət uğrunda mübarizəsindən çəkindirmək mümkün olmayacaq»

Türkiyədə növbəti dəfə çox sayda insanı əhatə edən terror hadisəsinin baş verməsini çox böyük narahatlıqla qarşıladıq və hesab edirik ki, bu, Türkiyəyə qarşı yönəlmiş planların, qəsdlərin tərkib hissəsindən biridir.

 «Fakt-Araşdırma» xəbər verir ki,  bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova bildirib ki, bu hadisə Türkiyənin bir dövlət olaraq həm ölkə daxilində, həm də ümumiyyətlə terrora qarşı mübarizədə həyata keçirdiyi aktiv fəaliyyətin narahat etdiyi dairələrin də işi ola bilər.

Onun sözlərinə görə,  Türkiyənin daxilindəki birlik, öz mövqeyində, siyasətində ardıcıllıq bir çox dairələri narahat edir. 

O, hesab edir ki, bu terror hadisəsi onu içəridən sarsıtmaq istiqamətində atılan bir addımdır:

 "Mən bu hadisədən hədsiz dərəcədə narahat olduğumu vurğulayıram, qardaş xalqa qarşı yönəlmiş belə hadisələri qətiyyələ pisləyir və onların bugünki dərdlərinə, ağrılarına şərik oluram. 

Həlak olanların yaxınlarına Allahdan rəhmət diləyirəm.

 Eyni zamanda, hesab edirəm ki, belə terror hadisələri ilə Türkiyəni tutduğu yoldan, inkişafdan, haqq-ədalət uğrunda mübarizəsindən çəkindirmək mümkün olmayacaq. 

Türkiyə dövlətçiliyi, ərazi bütövlüyü uğrunda qətiyyətli mövqeyini, iradəsini hər zaman ortaya qoyacaq. 

Qardaş xalqa "Başın sağ olsun" söyləməklə yanaşı, "Qürurla başını dik tut!" da demək istəyirəm”.

Vitse-spiker deyib ki, bütün tərəqqipərvər bəşəriyyət, dünya dövlətləri və xalqları harada baş verməsindən asılı olmayaraq, terrora qarşı olmalı, bir mövqedən çıxış etməlidirlər: 

“Çünki getdikcə bu dəhşətli bəla dünyanın bütün ölkələrini və xalqlarını təhdid edir. 

Hesab edirəm ki, beynəlxalq ictimaiyyət terrora qarşı bütün səylərini birləşdirməli və terror qrupları yaradan, onları maliyyələşdirən, silahla təmin edən dairələr son nəticədə bu prosesin onların özünə qarşı çevriləcəyini də unutmamamlıdırlar”.