Arzu Nağıyev: «Azərbaycanın mühüm coğrafi mövqeyindən söhbət gedir»

Tarix : 2019/10/15 18:46     Kateqoriya : ARAŞDIRMA    


	Arzu Nağıyev: «Azərbaycanın mühüm coğrafi mövqeyindən söhbət gedir»

Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü mühüm əhəmiyyət kəsb edir. Bu sammit gələcək əməkdaşlıq üçün çox əhəmiyyətli perspektivlər açır.

Bunu Trend-ə politoloq Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, 2009-cu ildə Naxçıvan Sazişi ilə əsası qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası artıq 10 ildir ki, fəaliyyət göstərir:

“Bu saziş ilk olaraq Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında imzalanmışdı. Lakin müddət keçdikcə bu əməkdaşlığın mühüm məsələ olduğunu nəzərə alaraq digər dövlətlər də təşkilata üzv olmaq üçün müraciət etdilər. Məlum məsələdir ki, VII Zirvə Görüşündə, bu ildən etibarən Türkmənistan Respublikası müşahidəçi qismində iştirak edir, Özbəkistan Respublikası isə artıq sammitdə müşahidəçi kimi deyil, üzv kimi təmsil olunur. Yəni bütün türk dövlətlərinin təşkilatda təmsil olunması ideyası get-gedə reallaşır”.

Politoloq vurğulayıb ki, bu təşkilat tək Asiya qitəsi ilə yekunlaşmır: “Artıq Macarstanın da təşkilatda müşahidəçi status alması təşkilatın Avropa sərhədlərinə qədər uzanması deməkdir. Azərbaycanın Türk Şurasına sədrliyi dövründə bir sıra məsələlərdə, həm sosial, həm iqtisadi, həm də mədəni məsələlərdə xalqlar arasında mühüm əməkdaşlıq olub, eyni zamanda mühüm görüşlər keçirilib. Bütün bu proseslərdə iştirak etmək türk dövlətləri üçün müəyyən dividendlər gətirir.

Çox maraqlı haldır ki, Türk Şurasının fəxri sədri elan edilən Nursultan Nazarbayev öz çıxışında belə bir fikir irəli sürdü ki, artıq türkdilli ölkələr sözlərinin nəsə başqa bir formasına, türk dövlətlərinə keçmək haqqında düşünmək lazımdır. Yəni bu, artıq milli kimlik məsələsinin daha üst səviyyəyə qalxdığını göstərir”.

A.Nağıyev əlavə edib ki, təbii olaraq, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri də türkdilli ölkələr arasında regional və beynəlxalq əməkdaşlıqdır:

“Bunun da çox mühüm aspektləri var. Belə ki, regional təhdidlər, yeni çağırışlar daim var və regional təhdidlərin qarşısını almaq üçün türkdilli dövlətlər arasında siyasi inteqrasiyanın güclənməsi çox mühüm əhəmiyyət kəsb edir. Burada təbii ki, tarixi İpək Yolundan, Azərbaycanın mühüm coğrafi mövqeyindən söhbət gedir, çünki Azərbaycan Şimal və Cənubu, eyni zamanda Şərq və Qərbi birləşdirən bir mövqedədir. Bu da gələcəkdə iqtisadi məsələlərin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir.

Bu unikal çoğrafi mövqeyinə görə ölkəmiz burada ən mühüm fiqurlardan birinə və mərkəzi dövlətə çevrilir. Düşünürəm ki, bu Zirvə Görüşü çərçivəsində qarşıya qoyulan məqsədləri həyata keçirmək üçün həm Azərbaycan, həm də digər türkdilli dövlətlər müxtəlif istiqamətlərdə, o cümlədən, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə mühüm işlər görəcək və birgə səylər göstərəcəklər”.

Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib.

İlk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edib.

Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin yeddi iclası baş tutub.