Çinin aparıcı turoperatorlarına Azərbaycanın turizm potensialı tanıdılıb

Tarix : 2019/10/17 15:17     Kateqoriya : MƏDƏNİYYƏT    


	Çinin aparıcı turoperatorlarına Azərbaycanın turizm potensialı tanıdılıb

Oktyabrın 16-da Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Çindən olan aparıcı turoperatorlarla yerli turizm şirkətlərinin tanışlıq görüşündə ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Mədəniyyət və Turizm Nazirliyindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, görüş yerli turizm və qonaqpərvərlik sənayesinin üzvlərini Çinin turizm sənayesinin nümayəndələri ilə bir araya gətirmək və qarşılıqlı əməkdaşlığa şərait yaratmaq məqsədilə keçirilib.


B2B (Biznesdən-biznesə) xarakterli tanışlıq görüşündə Çini təmsil edən 6 aparıcı turizm şirkətinin nümayəndələri və Azərbaycanın 60-dan çox turoperatoru iştirak edib.

Onlara Azərbaycan və onun turizm imkanları, turizm marşrutları, hotelləri, qədim memarlıq abidələri və milli mətbəxi barədə ətraflı məlumatlar verilib.

Oktyabrın 20-dək Azərbaycanda olacaq çinli turoperatorların ölkənin turizm potensialı və əsas turizm infrastrukturu barədə ətraflı məlumatlandırılması məqsədilə paytaxtdakı turizm obyektlərinə və regionlara tanışlıq səfərləri təşkil ediləcək.

Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən çinli turistlərin sayı 20 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 64% artım deməkdir.

2018-ci ilin dekabr ayından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir.