2019-cu ilin Innovasiya Həftəsi I2B müsabiqəsinin final mərhələsinin qaliblərini müəyyən etdi

Tarix : 2019/10/21 20:40     Kateqoriya : SOSİAL    


	2019-cu ilin Innovasiya Həftəsi I2B müsabiqəsinin final mərhələsinin qaliblərini müəyyən etdi

Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu ilin payızında Bakıda keçirilən ən iri innovasiya tədbirində – ikinci İnnovasiya Həftəsində yüksək texnologiyalardan istifadə edilən həll yollarını nümayiş etdirərək və yeni ideyalara səs verərək innovasiyalara strateji yatırımları davam etdirir.

BMTİP-nin Azərbaycan ofisinin kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Arzu Cəfərlinin “Faktat.az”-a verdiyi məlumata görə, ötən həftə İdeyadan Biznesə (I2B) startap müsabiqəsinin yeniliklərlə dolu Milli Finalı ilə başlayan İnnovasiya Həftəsinin bu ilki mərhələsi bir sıra mütərəqqi və yeniliklər gətirən tədbirlərlə 24 oktyabr tarixinədək davam edəcək.

2019 İnnovasiya Həftəsinin ilk və ən mühüm tədbiri kimi I2B Milli Final mərhələsi Azərbaycanın 12 müxtəlif rayonundan – Tovuzdan Gəncəyədək, Zaqatala, Naxçıvan, Şəki, Sumqayit, Mingəçevir, Sabirabad, Göyçay, Şamaxı, Lənkəran və Bakıdan 175 komanda arasından I2B Final mərhələsinədək yol qət edən 10 rəqib komandanın üzvü olan 50-dən çox gənc həvəskarı bir araya gətirib. “I2B” müsabiqəsi bu 12 regiondan olan gənclərə, təcrübəli təlimatçıların dəstəyi ilə, bir araya gəlmək, biznes əlaqələri yaratmaq, parlaq fikirlər söyləmək, ideyaları bölüşmək və öz biznes təkliflərini irəli sürməyi öyrənmək üçün böyük imkanlar yaradıb. Azərbaycanda ilk I2B təşəbbüsünün reallaşdırılmasına hələ 2018-ci ilin aprel ayında, ölkənin kənd və rayonlarında yaşayan fəal gənc icmalara Dördüncü Sənaye İnqilabı dövründə qarşıda duran saysız biznes imkanlarını aşılamağı məqsəd kimi qarşıya qoymaqla Azərbaycanın regionlarında ümummilli “startup” turları təşkil olunarkən başlanılıb.

12 regionda keçirilən I2B turlarında I2B proqramının gənc iştirakçılarına biznesin inkişaf etdirilməsi və idarə olunması, maliyyə planlaşdırması, marketinq və ünsiyyət vərdişlərini artırmaq üçün bir sıra məqsədyönlü təlim kursları təklif olunub. Beləliklə 2,000-dən çox perspektivli gənc gəlirlər vəd edən təkliflər və prototiplər hazırlamağı və sosial təsirə malik olan, texniki tərəqqini yüksəldə və biznesin artımını stimullaşdıra bilən startaplar qurmağı öyrənib.

18 oktyabr 2019-cu il tarixdə Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Böyük Final mərhələsinə qədər yol qət edən on qalib komanda üç yüksək mükafat uğrunda mübarizə aparırdılar. Mübarizə aparan komandaların profilləri fərqli idi. Bəziləri kənd təsərrüfatı texnikasına eytiyac duyanları belə bir avadanlığa malik olanlarla əlaqələndirən innovativ mobil proqramlar təqdim ediblər. Sabirabaddan olan OSE-01 komandası kimi digərləri yeraltı suları plastik tullantılardan təmizləmək və iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün robot icad edib. Məsələn, Azərbaycanın Naxçıvan Muxtar Respublikasından olan komanda isə insanlar arasında, xüsusən də regionlarda yaşayan insanlar arasında biznes şəbəkəsini genişləndirmək və optimallaşdırmaq məqsədiləmüxtəlif sahələrdən olan peşəkarları əlaqələndirmək üçün onlayn platforma işləyib hazırlayıb. Bakıdan olan digər bir komanda ən kiçik membranlardan istifadə edərək duzlu və çirkab suların təmizlənməsi üçün xüsusi Nano filtrasiya sistemini təqdim edib.

Gərgin müsabiqə yekunda I2B Final mərhələsinin qalib komandaları elan olunanadək bir neçə saat davam edib. I2B Finalının ilk qalibi süni intellekt vasitəsi ilə bitki xəstəliklərini və onlarla mübarizə aparmaq üçün uyğun müalicə metodlarını müəyyənləşdirən “Heal With” komandasıdır. İkinci qalib bütün dünyadan olan gəncləri əlaqələndirmək üçün qlobal tələbə platformasını təklif edən “Buqelemun” komandasıdır. Nəhayət, üçüncü yeri tutan komanda, həssas sosial təbəqəyə, o cümlədən nisbətən az əlverişli sosial-iqtisadi şəraitə malik olan insanlara, yaşlı və əlilliyi olan insanlara kömək etmək üçün İnternetdə xüsusi tətbiqi proqram təklif edən “Palliativ Plus” komandasıdır.

Qalib komandalar, birinci yer üçün 10,000 Azərbaycan manatı (AZN), ikinci yer üçün 5,000 AZN və üçüncü yer üçün 2,000 AZN məbləğində olmaqla mükafatlar alıblar. I2B finalçılarına, həmçinin, Azərbaycanda İnnovasiya Həftəsinə dəstək göstərənlər də əlavə mükafatlar təqdim ediblər. Birinci yeri tutan qalib komanda – “Heal With” İnnovasiya Agentliyindən xüsusi mükafat alıb. Aparıcı mobil operator “Azercell” müsabiqəyə Gəncədən qoşulan və orqanik gübrələr, xüsusən də heyvan tullatılarının sümük və qan emalı vasitəsilə bu cür maddələri istehsal etmək üçün prototiplər hazırlayan “BioBone” adlı komandanı seçmişdir. Həm “Heal With”, həm də “BioBone” komandası beynəlxalq səviyyədə elan olunan “ClimateLaunchpad” adlı yaşıl biznes ideyaları müsabiqəsinin iştirakçılarıdır. Xüsusi qiymət verilən digər bir komanda Naxçıvanı təmsil edən və onlayn ödənişlər, o cümlədən kommunal xidmətlər, İnternet, əyləncə və səyahət və qonaqpərvərlik sektoru üzrə ödənişlər üçün innovativ mobil tətbiqi proqramını işləyib hazırlayan “PayPort” komandasıdır. Komanda Azərbaycan Respublikasının Məlumat Hesablama Mərkəzi tərəfindən həvəsləndirici mükafatlarla təltif edildi.

I2B Milli Finalından sonra, 19 oktyabr tarixdə, həftənin Şənbə günü bir sıra müasir robot tətbiqi proqramlarının, o cümlədən idman qəhrəmanlarının, Formula-1 stimulyatorlarının, dronların və uşaqlar üçün əyləncə vasitələrinin nümayiş etdirildiyi “RoboDay” (Robot Günü) festivalı keçirildi. Bu gün isə “InnoWeek” İnnovasiya həftəsi çərçivəsində Heydər Əliyev Mərkəzində ikigünlük 2-ci Bakı Elektron Ticarət Forumu (BEF 2019) işə başlayıb. İki gün davam edəcək e-Ticarət Forumu elektron kommersiya əməliyyatlarının həyata keçirildiyi infrastruktur, biznes proseslərinin avtomatlaşdırılması, kibertəhlükəsizlik, elektron imza, süni intellekt, robototexnika və blokçeyn mövzularını əhatə edir. Sabah Forumun ikinci günü bir sıra maraqlı masterklass və dıyirmi masa müzakirələri ilə davam edərək elektron ticarət sektorunun gələcəyinə dair fikir mübadiləsi üçün bir platforma yaradacaq. Masterklass və dəyirmi masa müzakirələri BMTİP və BMT-nin Avropa üzrə İqtisadi Komissiyası tərəfindən aparılır.

İnnovasiya Həftəsi bu həftə bir sıra digər yüksək-səviyyəli tədbirlərlə, o cümlədən İnnovasiyalar üzrə Mükafatlandırma Mərasimi, Avrasiya İnnovasiya günü və Kasperski Təhlükəsizlik Günü ilə davam edəcək.

Azərbaycanda ilk İnnovasiya Həftəsi bir il əvvəl, 2018-ci ildə təşkil olunub və texnoloji tərəqqi sahəsində mpvcud trendləri üzə çıxaran bir sıra konfrans, forum və müsabiqələr, yüksək-səviyyələri innovasiya təqdimatları və sərgiləri, o cümlədən dünyanın ən məşhur süni intellekt robotu Sofiyanın giriş nitqi ilə yanaşı ən son innovasiyaları önə çəkib.

BMT-nin İnkişaf Proqramı böhrana müqavimətli dövlətlərin və cəmiyyətlərin qurulması sahəsində yerli icmalar və müxtəlif sosial təbəqədən olan insanlarla birgə çalışan təşkilatdır. BMT-nin inkişaf sahəsində çalışan ən böyük agentliyi olan BMTİP hər kəsin həyat keyfiyyətini yaxşılaşdıran artımı təşviq edir. Təxminən 170 ölkə və ərazidə fəaliyyət göstərərək, BMTİP insanların həyat və rifahlarını yaxşılaşdırmaq və dünya miqyasında güclü dövlət modeli qurmaq məqsədi ilə qlobal perspektivli və yerli miqyaslı təhlillər irəli sürür.