Siyavuş Novruzov: «Hansı səviyyədəsənsə səviyyənə uyğun cavab ver»

Tarix : 2019/10/22 13:41     Kateqoriya : PARLAMENT    


	Siyavuş Novruzov: «Hansı səviyyədəsənsə səviyyənə uyğun cavab ver»

“Milli Məclis olaraq oktyabrın 19-da Bakı şəhərində keçirilən qeyri-qanuni aksiyaya münasibətimizi bildirməliyik. Bir qrup qeyri-milli, erməni lobbisinə işləyən şəxslər Azərbaycanda gedən proseslərə, inkişafa kölgə salmaq üçün qadağan olan ərazidə mitinq keçiriblər. Qanunun 10-na yaxın maddəsini pozublar”. 

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib. S.Novruzov hesab edir ki, Milli Məclis məsələyə münasibət bildirməlidir: 

“Bu gün Azərbaycan Prezidenti beynəlxalq tribunalarda ölkəni çox yüksək səviyyədə təmsil edir. 

Qibləsini tanımayanlar insanlardan alət kimi istifadə edildiyini deyirlər. Üzümu tutub dindarlara sual vermək istəyirəm ki, bəs siz bunların yanında nə edirsiz? Azərbaycan Prezidenti dinə böyük hörmətlə yanaşır, məscidlər tikir. Amma bunlar qurulanları da dağıtmaq istəyirlər. Hər kəs, ictimai təşkilatlar da çıxıb bu məsələyə münasibət bildirməlidir. Tək deputatlar bu məsələyə cavab verməli deyil. Bütün təşkilatlara Prezident tərəfindən böyük diqqət yetirilib. Onlar da öz mövqeyini bildirməlidir”. 

S.Novruzov həmkarı Fazil Mustafanın müsahibəsində işlətdiyi ifadələrə də toxunaraq, onunla razılaşmadığını bəyan edib:

“Fazil Mustafa tərəfindən bir müsahibə verilib ki, islahat Milli Məclisdən başlamalıdır. Milli Məclis qanun qəbul edir. Fazil Mustafa deyir ki, Milli Məclis deputatların sosial şəbəkələrdə fəaliyyətinə məhdudiyyət tətbiq edir. Burada olan deputatların hamısına sual verirəm, sizə belə bir məhdudiyyət tətbiq olunubmu?”. 

S.Novruzov qeyd edib ki, xalı çatmayanlar Milli Məclisdən xal götürmək istəyir.

“Biz xaricdə Azərbaycana qarşı qarayaxma aparan qüvvələrlə mübarizə aparaq, yoxsa içimizdə olanlarla?! Biz xalq artistiyik ki, “İnstagram”da oturaq?! Milli Məclisin vəzifəsi özünün şəxsi maraqlarını təmin etmək deyil. Kimsə deyir ki, məsələnin ona aidiyyatı yoxdur. Kiminsə səviyyəsinə düşmək istəmir. Hansı səviyyədəsənsə səviyyənə uyğun cavab ver. Hər bir fikri irəli sürəndə ölçülü-biçili sözlərlə onu ifadə etmək lazımdır. Kim hansı fəaliyyət göstərmək istəyirsə, o fəaliyyətini də göstərir. Azərbaycanda söz, mətbuat, internet azadlığı var”.


Cebhe.info