Dövlət Statistika Komitəsinin mütəxəssisləri Koreya təcrübəsi ilə tanış olurlar

Tarix : 2019/10/24 12:17     Kateqoriya : SOSİAL    


	Dövlət Statistika Komitəsinin mütəxəssisləri Koreya təcrübəsi ilə tanış olurlar

20 oktyabr - 02 noyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı “Azərbaycan Respublikasında Statistik Kadr Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində Koreya Respublikasında təşkil edilən təlimdə iştirak edirlər.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin mətbuat katibliyindən “Faktat.az”-a verilən məlumata görə, təlim Dövlət Statistika Komitəsinin iqtisadi statistika sahəsində kadr potensialının artırılması, işçilərin bilik səviyyəsinin yüksəldilməsi, həmçinin bu istiqamətdə Koreya Statistika Komitəsinin təcrübəsini bölüşmək məqsədi ilə təşkil olunub. Dövlət Statistika Komitəsinin mütəxəssisləri “Azərbaycanda iqtisadi statistika” mövzusunda təqdimatlarla çıxış edərək, milli hesablar sistemi, statistik vahidlərin Dövlət Reyestri, əmək, kənd təsərrüfatı, sənaye, tikinti, ticarət, qiymət və xidmət statistikası sahələrində ölkəmizdə əldə olunmuş son nailiyyətlər, gələcək perspektivlər haqqında məlumat veriblər.

Təlimdə mövsümi düzəlişlər, biznes statistikası üzrə seçmə müayinələrin təşkili prinsipləri, inzibati məlumatlardan istifadə, Statistik İnformasiya Sistemi, Keyfiyyətin İdarə olunması Sistemi, SPSS proqram paketindən istifadə və digər məsələlərlə bağlı Koreyalı mütəxəssislər öz təcrübələri haqqında təqdimatlar ediblər.