Avstriya Milli Gün münasibətilə rəsmi qəbul təşkil etdi

Tarix : 2019/10/24 20:19     Kateqoriya : SİYASƏT    


	Avstriya Milli Gün münasibətilə rəsmi qəbul təşkil etdi

Avstriya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi oktyabrın 24-də bu ölkənin Milli Günü münasibətilə rəsmi qəbul təşkil etdi.

Faktat.az” xəbər verir ki, tədbir Azərbaycanın və Avstriyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir Bernd Aleksandr Bayerl qəbulda çıxış edərək Avstriya Milli Gününün tarixi, ölkəsinin keçdiyi inkişaf yolu haqqında məlumat verib. O, Azərbaycan ilə Avstriya arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyini deyən diplomat bir çox sahələrdə əlaqələrin daha da genişləndirilməsinin önəmini diqqətə çatdırıb.

Səfir ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə rəsmi qəbulda çıxış edərək əlamətdar bayram münasibətilə Azərbaycan Respublikası Hökuməti adından Avstriya xalqını təbrik edib, sülh və əmin-amanlıq arzularını çatdırıb.

Nazir deyib ki, dövlətlərimiz arasında əlaqələrin yüksək dinamikası var və bu münasibətlər inkişaf edir. Bu gün bu əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırda Avstriya və Azərbaycan etibarlı tərəfdaşdırlar. İndiyədək ölkələrimiz arasında 40-dan çox sənəd imzalanıb. İqtisadi əməkdaşlıq sahəsində əhəmiyyətli uğurlar var. Bir çox sahələrdə əlaqələri inkişaf etdirmək üçün geniş potensial mövcuddur.

Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, diplomatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.