NAM Gənclər Sammiti çərçivəsində ağacəkmə aksiyası keçirilib

Tarix : 2019/10/25 18:23     Kateqoriya : SOSİAL    


	NAM Gənclər Sammiti çərçivəsində ağacəkmə aksiyası keçirilib

25 oktyabr tarixində, IDEA İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycanda keçirilən Qoşulmama Hərəkatının (NAM) Gənclər Sammitinin gənc nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

24-25 oktyabr tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısı çərçivəsində sözügedən təşkilatın ilk Gənclər Sammiti keçirilir.

Birlikdən “Faktat.az”-a verilən məlumata görə, tədbirin gündəliyindəki ən əsas məsələlərdən biri dayanıqlı inkişafın təmin edilməsi, o cümlədən ekoloji problemlərin həlli üzrə qlobal səylərin gücləndirilməsidir.

Dayanıqlı inkişaf naminə birgə qlobal səylərə dəstəyin rəmzi olaraq, NAM Gənclər Sammitində təmsil olunan 40 ölkənin gənc nümayəndələrinin qatıldığı ağacəkmə aksiyası zamanı Bakının 6-cı mikrorayonunda yerləşən köhnə dendroloji park ərazisində 100 ağac əkilmişdir.

Məlum olduğu kimi, ağaclar iqlim dəyişikliyinin qarşısının alınmasına töhfə verir, biomüxtəlifliyin qorunmasına şərait yaradır, bizə təmiz hava verir və həyatımızı təmin edir. Hesablamalara görə, dünyada hər il insanlar tərəfindən kənd təsərrüfatı və digər məqsədlər üçün təxminən 15 milyard agac kəsilir, ümumiyyətlı isə insan sivilizasiyası yaradılandan etibarən dünyada olan ağacların həcmi 46% azalıb. Buna görə, kəsilmış və məhv edilmış agacların əvəzinə daha çox sayda yerli növ ağacların əkilməsi dayanıqlı inkişafın təmin edilməsi üçün olduqca vacibdir.

IDEA İctimai Birliyi vətəndaşları yeni ağaclar əkməklə və ağac kəsintisinin qarşısını almaqla yaşıllıqların qorunmasına töhfə verməyə, üzləşdikləri qeyri-qanuni ağac kəsilməsi halları ilə bağlı xüsusi yaradılan qaynar xəttə (bütün mobil operatorlar və şəhər telefonlarından 1113) məlumat verməyə çağırır.