IV Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

Tarix : 2019/10/29 16:02     Kateqoriya : İQTİSADİYYAT    


	IV Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

“Nağdsız cəmiyyət günləri” çərçivəsində IV Beynəlxalq Bankçılıq Forumu keçiriləcək  

Azərbaycan Banklar Assosiasiyasından “Faktat.az”-a verilən məlumata görə, Azərbaycan Banklar Assosiasiyası təşkilatçılığı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili, Kommunikasiya Mərkəzinin və digər dövlət qurumlarının dəstəyi ilə 06-07 noyabr 2019-cu il tarixlərində ənənəvi “IV BEYNƏLXALQ BANKÇILIQ FORUMU - NAĞDSIZ İQTİSADİYYAT: DAYANIQLI BANKÇILIĞA DOĞRU” adlı tədbir keçiriləcək.

29 oktyabr – 08 noyabr 2019-cu il tarixlərini əhatə edən “Nağdsız cəmiyyət günləri” çərçivəsində keçirilən bu Forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayns sahəsindəki yeniliklər və risklərin, həmçinin sadalananların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.

Forum altı Paneldən ibarət olmaqla, “Nağdsız iqtisadiyyat: nailiyyətlər və çağırışlar”, “Bankçılıq – rəqəmsallaşmaya doğru”, “Bankçılığın transformasiyasının müxtəlif tərəfləri”, “Yeni ödəniş dünyası”, “Komplayns və tənzimləmə riskləri”, “Nağdsız və rəqəmsal iqtisadiyyatın tənzimlənməsi” mözvularını əhatə edəcək.

Forumda dövlət qurumlarının, kommersiya banklarının yuxarı menecmentinin, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərlərinin, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin, həmçinin ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edəcək.

İştirakçılar və spikerlər arasında “Mastercard”, “Cross”, “Oracle”, “BS/2”, Zolotaya Korona”, “Tieto”, “Group-IB”, “Solanteq”, “Dell”, “Commerzbank”, “Terrasoft”, “PayPorter”, “ihs Teknoloji”, EFSE”, “Wallyt”, “S&P Global Ratings”, “Pafilia”, “Spektr Centre for Research and Development”, “Simbrella”, “Diebold Nixdorf”, “Polish Bank Association”, “RDTEX”, “FICO Tonbeller”, “Qulix”, “IDNT”, “Adecco” və s. kimi nüfuzlu maliyyə-texnologiya və digər şirkətlərinin nümayəndələri də var.

Forumun saytına keçid edərək məruzəçilər və digər məlumatlarla tanış olmaq olar:

https://www.gbmevents.az/az/event/dorduncu-beynelxalq-bankciliq-forumu).