Arif Ağayev: “Yemək borusu xəstəliklərinin cərrahi yolla müalicəsi üçün xaricə üz tutmağa ehtiyac yoxdur”

Tarix : 2019/11/13 13:39     Kateqoriya : SƏHİYYƏ    


	Arif Ağayev: “Yemək borusu xəstəliklərinin cərrahi yolla müalicəsi üçün xaricə üz tutmağa ehtiyac yoxdur”

Bu gün geniş yayılan patologiyalar içərisində yemək borusu xəstəlikləri xüsusi yer tutur. Döş qəfəsi cərrahiyyəsinə aid olan bu xəstəliklərin bəzən müxtəlif mütəxəssislər tərəfindən xaotik müalicəsi mövzunu bir qədər də aktuallaşdırır. Ona görə də yemək borusu xəstəliklərinin müayinəsi, əsasən də cərrahi yola müalicəsi barədə bizi maraqlandıran suallarla ATU-nun Tədris Cərrahiyyə Klinikasının torakal cərrahı, t.ü.f.d., Avropa və Ukrayna Torakal Cərrahlar Assosiasiyasının üzvü Arif Ağayevə müraciət etdik.

2010-2014-cü illərdə professor M.Bağırovun rəhbərliyi altında torakal cərrahiyyə ixtisası üzrə aspiranturada oxuduğunu, 2008-2014-cü illərdə paralel olaraq Kiyev şəhəri 17 saylı xəstəxanasının “Döş qəfəsi travmaları və politravmalar” şöbəsində növbətçi torakal cərrah vəzifəsində çalışdığını, dissertasiyasını da “Qida borusu divertikullarının diaqnostikası və cərrahi müalicəsi” mövzusunda müdafiə etdiyini söyləyən mütəxəssis həkimlik fəaliyyəti dövründə daha çox rast gəldiyi problemlərdən söhbət açır. Bildirir ki, yemək borusunda olan bütün cərrahi patologiyaların hamısı ilə məşğul oluruq: “Təəssüf ki, bu barədə cəmiyyətimizdə birtərəfli, yanlış fikirlərlər mövcuddur. Yemək borusunun mürəkkəb orqan olması xüsusilə qabardılır, yemək borusu xəstəliklərindən əziyyət çəkənlərə xaricdə müalicə olunmaq məsləhət görülür. Və yaxud da ağırlaşan xəstələrə “şansınız yoxdur” deyilir. Amma unutmamalıyıq ki, istənilən xəstənin şansı həmişə var”.

Tədris Cərrahiyyə Klinikasında döş qəfəsi cərrahiyyəsi üzrə ixtisaslaşmış bir mərkəzin fəaliyyət göstərdiyini vurğulayan A.Ağayevin sözlərinə görə, son 4 ildə mərkəzə yemək borusu patologiyası ilə təxminən 100 xəstə müraciət edib. Ümumilikdə ilə 25-30, aya 3-5 patologiya düşür. Son 6 ayda isə müraciət edənlərin sayı xeyli çoxalıb: “Müraciətlərin böyük qismi yemək borusunda xoşxassəli, bədxassəli və yaxud digər törəmələrlə bağlıdır. Ən çox üstünlük təşkil edən yemək borusunun bədxassəli törəmələridir, ümumi problemin haradasa 40 faizini əhatə edir. Biz də onları daha müasir cərrahi üsullarla müalicə edirik. Azərbaycanda bu cür əməliyyatlar yalnız bir neçə müəssisədə, o cümlədən ATU-nun Tədris Terapevtik Klinikasında uğurla icra olunur. Nəticələrimiz də dünyanın öncül klinikaları səviyyəsindədir. Demək olar ki, klinikamızda yemək borusu patologiyasından ölüm halları baş verməyib. Təbii ki, əməliyyatsonrası fəsadlar olur, amma vaxtında göstərilən peşəkar müdaxilə sayəsində aradan qaldırılır”.

A.Ağayev “yemək borusu xəstəliklərinin müalicəsi çox çətindir” düşüncəsinin artıq köhnəldiyini, problemlərin stend taxmalar, bərpa əməliyyatları, invaziv üsullarla həll olunduğunu deyir: “Yemək borusu patologiyaları əksərən cərrahi problemlər olur və bizim klinikada bu patologiyaların diferensial diaqnostikası dəqiqliklə aparılır. Kompüter tomoqrafiyası, Pentgenoloji, endoskopik, laborator müayinələr və invaziv əməliyyatlar üçün alət və texniki avadanlıqlarla təchizat yüksək səviyyədədir. Müasir texniki imkanlardan səmərəli istifadə edən peşəkar bir komanda pasiyentlərin xidmətindədir. Döş qəfəsi cərrahiyyəsinə aid elə bir əməliyyat növü yoxdur ki, klinikanın nəzdindəki mərkəzdə icra edilməsin.

12 illik cərrahlıq təcrübəmdən çıxış edərək əminliklə deyirəm ki, yemək borusu xəstəliklərinin cərrahi yolla müalicəsi üçün xaricə üz tutmağa ehtiyac yoxdur. Bizim mərkəzdə əməliyyat olunan xəstələr əməliyyatın 5-ci, 7-ci günü normal həyata geri dönürlər. Düzgün qidalanmanı əngəlləyən, həyat keyfiyyətlərini aşağı salan, ağızdan qida qəbulunun tamamilə dayandırmasına gətirib çıxaran problemlər qısa müddət ərzində daha az travmatik yollarla öz həllini tapır”.

Faktat.az