AMEA Botanika İnstitutunun Herbari kolleksiyasına xarici alimlərin marağı artır 

Tarix : 2019/11/13 14:09     Kateqoriya : TƏHSİL    


	AMEA Botanika İnstitutunun Herbari kolleksiyasına xarici alimlərin marağı artır 

Ukraynanın Botanika Xerson Dövlət Universitetinin professoru İvan Moysiyenko AMEA Botanika İnstitutunu ziyarət edib. Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə ilə keçən görüşdə qonağa İnstitutda həyata keçirilən elmi tədqiqat işləri və müştərək layihələr haqqında məlumat verilib.

AMEA Botanika İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsinin “Faktat.az”-a verdiyi məlumata görə, səfərin məqsədi İnstitutun Herbari Kolleksiyası ilə yaxından tanış olmaq, həmçinin Fondda saxlanılan Qurşunçiçəyikimilər (Plumbaginacea Juss.) fəsiləsinin Limonium Mill. və Armeria (DC.) Willd. cinslərini araşdırmaq idi.

İnstitutun Herbari kolleksiyaları ilə tanış olan qonaq herbari nümunələrinin rəqəmsallaşdırılması və virtual məlumat bazasına daxil edilməsi üzrə aparılan işlərlə yaxından maraqlanıb, bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislərlə müzakirələr aparıb.

İ.Moysiyenko İnstitutda yaradılan şəraitdən məmnunluğunu bildirib, elmi əməkdaşlıq və təcrübə mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıb.