Hikmət Hacıyev Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Cenevrə Mərkəzinə videomüsahibə verib

Tarix : 2019/11/25 22:27     Kateqoriya : SİYASƏT    


	Hikmət Hacıyev Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Cenevrə Mərkəzinə videomüsahibə verib

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Cenevrə Mərkəzinə videomüsahibə verib.

Müsahibədə H.Hacıyev Azərbaycanın xarici siyasət prioritetlərindən danışaraq, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinin əsas vəzifələrdən biri olduğunu bildirib. Bununla bərabər Azərbaycanın xarici siyasət gündəliyində qonşu ölkələrlə və dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və çoxtərəfli diplomatiyanın əhəmiyyətini qeyd edən H.Hacıyev ölkəmizin təşəbbüskarı olduğu “Bakı Prosesi” barədə məlumat verib. Çoxtərəfli diplomatiyaya toxunan H.Hacıyev ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına sədrliyini diqqətə çatdırıb.

Regional təhlükələrdən danışan H.Hacıyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, işğal olunmuş ərazilərdə Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş etnik təmizləmə barəsində məlumat verərək münaqişənin həll edilməsi yollarını qeyd edib. O bildirib ki, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır.

H.Hacıyev videomüsahibədə, həmçinin digər regional risk və təhdidlər barəsində də danışıb.

Müasir beynəlxalq münasibətlər sistemi haqqında suala cavabında H.Hacıyev qanunun aliliyi və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsinin vacibliyini vurğulayıb.

Videomüsahibəyə https://youtu.be/caEoormTtQ0  keçidi vasitəsilə baxmaq olar.

AZƏRTAC