Azər Badamov: «Deputatın fəaliyyəti ictimaiyyətin gözünün qarşısında olur»

Tarix : 2016/02/19 17:28     Kateqoriya : MÜSAHİBƏ    


	Azər Badamov: «Deputatın fəaliyyəti ictimaiyyətin gözünün qarşısında olur»

“Dünyada maliyyə-iqtisadi böhranı 2008-ci ildən yaşanır. İnkişaf etmiş ölkələrin iqtisadiyyatları geriləmələrlə, müəyyən iqtisadi çətinliklərlə üzləşib. Lakin ölkə başçısının müəyyənləşdirdiyi uzaqgörən iqtisadi siyasətin uğurudur ki, 2015-ci ilə qədər Azərbaycanda heç bir çətinlik müşahidə olunmadı. Əksinə, Azərbaycan daha da inkişaf etdi, gücləndi. Bir neçə il bundan əvvəl cənab İlham Əliyev iqtisadiyyatımızın neftdən asılılığının aradan qaldırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsini prioritet elan etmişdi. Biz son illərdə müşahidə etdik ki, hər bir yeni gələn ili cənab Prezident bir sahənin inkişafına həsr edir. Yəni “İKT ili”, “Turizm ili”, “Sənaye ili”, “Kənd təsərrüfatı ili” və sair”.

Bunu müsahibəsində Milli Məclisin deputatı Azər Badamov deyib. «Fakt-Araşdırma» Teleqraf.com-a istinadən müsahibəni təqdim edir:

- Sizin də təmsil olunduğunuz Regional məsələlər komitəsində bələdiyyələrin qarşılaşdıqları problemlərin aradan qaldırılması ilə əlaqədar işçi qrupu yaradılıb. Bu zərurət nədən irəli gəlib? - Hər ilin fevral ayında Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti keçirən orqanının illik məruzəsi komitəmizdə müzakirə olunaraq Milli Məclisin plenar iclasına təqdim olunur. Komitəmizin iclasında hesabatın müzakirəsi zamanı deputatlar bələdiyyələrin işinə dəstək verməsi üçün regional məsələlər komitəsinin üzvlərinin təmsil olunduğu işçi qrupun yaradılmasının zəruriliyini təklif etdi və belə bir işçi qrup yaradıldı. İşçi qrupun məqsədi bələdiyyələrlə birbaşa əlaqə yaratmaq, bələdiyyələrin işinin səmərəliliyini artırmaq üçün onlardan təkliflər almaq, təkliflərin üstündə işləmək və bələdiyyə sisteminin inkişafına parlament dəstəyini göstərməkdir. Bələdiyyə institutu ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə 1999-cu ildə yaranıb və fəaliyyət göstərir. Bu illər ərzində bələdiyyələrin fəaliyyət göstərməsi üçün qanunvericilik bazası tam formalaşıb. Amma çox təəssüflər olsun ki, bələdiyyələr onlara yaradılmış imkanlardan lazımınca istifadə etmir. Ona görə də bələdiyyələr haqqında ictimaiyyətdə fərqli fikirlər formalaşır. İşçi qrup olaraq bizim istəyimiz bələdiyyələrin fəaliyyətinə dəstəyimizi verməklə bu instituta xalqın inamını artırmaqdır. 

- Regional məsələlər komitəsinin yaz sessiyasının qanunvericilik işləri planına nələr daxildir?

- Regional məsələlər komitəsində Milli Məclisin yaz sessiyasında görüləcək işlər planı artıq müzakirə edilib. Qeyd etmək istəyirəm ki, Azərbaycanda bələdiyyələrin normal fəaliyyət göstərməsi üçün əsas qanunlar qəbul olunub. Amma ölkə inkişaf etdikcə qəbul olunmuş qanunlarda müəyyən təkmilləşmələrin həyata keçirilməsinə ehtiyac yaranır. Qeyd etdiyim kimi komitəmizin yaz sessiyasının iş planına da Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanının hesabatının dinlənilməsi daxil idi və bu məsələ artıq plenar iclasda da müzakirə edilərək qəbul olunub. Bununla yanaşı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Ərazi quruluşu və inzibati ərazilərin idarə edilməsi haqqında” və bir sıra başqa qanunlarda dəyişikliklər edərək müəyyən təkmilləşmələrin aparılması nəzərdə tutulub. Həm də deputatların qanunvericilik təşəbbüsü ilə təqdim edəcəyi yeni qanunlar da müzakirə oluna bilər. Milli Məclisin müzakirə etdiyi hər bir qanunun kökündə xalqın yaxşı və rahat yaşamasına xidmət etmək durur və biz deputatlar da qanun layihələrinin müzakirələrində bunu rəhbər tutaraq müzakirələrə qoşuluruq, qanunlar qəbul edirik.

- Deputat seçilməzdən öncə Qusar Rayon Telekommunikasiya Qovşağının rəisi olmusunuz. Ötən il Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ciddi kadr dəyişiklikləri oldu. Bu dəyişiklikləri nə cür qiymətləndirirsiniz?

- Cənab Prezidentin ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafına olan diqqəti sayəsində rəhbərlik etdiyim müddətdə Qusar Rayon Telekommunikasiya Qovşağında da tam müasirləşmə həyata keçirildi. Bütün magistral rabitə xətlərini optik kabellərlə dəyişdirərək köhnə ATS-ləri elektron ATS-lərlə əvəz etməklə rayonumuz respublikamızın elektronlaşma proqramına hazır oldu. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafına görə Azərbaycan MDB məkanında lider olmaqla dünyanın inkişaf etmiş ölkələri ilə rəqabət aparır. Məhz cənab Prezidentin təsdiq etdiyi “İKT ili” çərçivəsində Azərbaycan kosmik fəzaya malik ölkəyə çevrildi. Demək olar ki, son illərdə bu sahədə inqilabi inkişaf baş verib. Amma bununla yanaşı bu sahəyə rəhbərlik edən rəhbər işçilərin işində müəyyən nöqsanlar məlum oldu və cənab Prezident Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyində kadr dəyişikliyi etdi. Əgər kiminsə işində müəyyən nöqsanlar varsa, təbii ki, tədbir görülməli, qanun qarşısında cavab verməlidir və bu dəyişikliyi müsbət dəyərləndirirəm. Əgər müəyyən nöqsanlar olmasaydı, bu sahə daha yaxşı inkişaf edərdi. Düşünürəm ki, yeni təyin olunmuş nazir kadr dəyişiklikləri ilə strukturda daha şəffaflıq yaratmaqla Azərbaycanda İKT-nin inkişafına öz töhfəsini verəcək.

- Bəzən Sizi passiv deputat adlandırırlar. Yeri gəlmişkən, səmimi olaraq deyim ki, mən bu fikirləri əvvəldən bölüşməmişəm. 2015-ci ildə namizədliyinizin növbəti dəfə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsini həmin fikrin tərəfdarlarına verilən tutarlı cavab saymaq olarmı?

- Hesab edirəm ki, deputatın fəaliyyətinə hamıdan əvvəl ona səs verən seçicisi qiymət verməlidir. Mən Milli Məclisə seçilən gündən çalışdım ki, parlament həyatında fəal və seçicilərimə yaxın olum. Bu illər ərzində parlamentdə qəbul olunan kifayət qədər qanun layihələrinin müzakirələrində iştirak edərək təkliflərimi vermişəm. Ölkəmiz üçün vacib çoxlu sayda ictimai-siyasi tədbirlərdə iştirak etmişəm. Bu illər ərzində mediaya açıq deputat olmuşam və hər zaman müraciət edən jurnalistlərlə fikirlərimi bölüşmüşəm. Seçildiyim rayonda mütəmadi olaraq seçicilərlə görüşlər, qəbullar keçirirəm və onları düşündürən məsələlərə öz şəxsi məsələm kimi yanaşmışam. Mənim deputatlıq fəaliyyətimə verilən ən böyük dəyər isə Yeni Azərbaycan Partiyası tərəfindən 2015-ci ildə ikinci dəfə Milli Məclisə deputatlığa namizədliyimin irəli sürülməsi və seçkidə seçicilərimin yüksək fəallıqla mənə dəstək olmasıdır. Yeni Azərbaycan Partiyası partiyanı təmsil edən deputatların beş illik fəaliyyətini araşdırır və qiymət verir. Mənə göstərdiyi bu böyük etimada, dəyərə görə partiyamızın sədrinə öz minnətdarlığımı bildirirəm. Mənim deputatlıq fəaliyyətimi passiv dəyərləndirən jurnalistlərin fikirlərinə də hörmətlə yanaşıram. Amma onlara tövsiyə edərdim ki, deputatların fəaliyyətini diqqətlə izləsin və reallığı əks etdirən fikirlərini ifadə etsinlər. Deputatın fəaliyyəti ictimaiyyətin gözünün qarşısında olur. Çıxışları Milli Məclisin stenoqramlarında saxlanılır, seçicilərlə fəaliyyəti və mediaya açıqladığı fikirlər, müsahibələr isə elektron sistemlərin arxivlərində qalır. 

- Bir neçə ildir dünya bazarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşması ölkəmizin gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Hökumətin yaranmış vəziyyətdən çıxmaq üçün atdığı addımları nə cür qiymətləndirirsiniz?

- Dünyada maliyyə-iqtisadi böhranı 2008-ci ildən yaşanır. İnkişaf etmiş ölkələrin iqtisadiyyatları geriləmələrlə, müəyyən iqtisadi çətinliklərlə üzləşib. Lakin ölkə başçısının müəyyənləşdirdiyi uzaqgörən iqtisadi siyasətin uğurudur ki, 2015-ci ilə qədər Azərbaycanda heç bir çətinlik müşahidə olunmadı. Əksinə, Azərbaycan daha da inkişaf etdi, gücləndi. Bir neçə il bundan əvvəl cənab İlham Əliyev iqtisadiyyatımızın neftdən asılılığının aradan qaldırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsini prioritet elan etmişdi. Biz son illərdə müşahidə etdik ki, hər bir yeni gələn ili cənab Prezident bir sahənin inkişafına həsr edir. Yəni “İKT ili”, “Turizm ili”, “Sənaye ili”, “Kənd təsərrüfatı ili” və sair. Bu o deməkdir ki, bu illər ərzində həmin sahələrin inkişafı ilə əlaqədar ölkəmizdə böyük iqtisadi layihələrin keçirilməsinə start verildi və ölkəmizdə müasir infrastruktur formalaşdı. Amma 2014-ci ilin sonundan başlayaraq böyük ölkələrin siyasi oyunlarının nəticəsi olaraq neftin qiymətinin kəskin ucuzlaşması baş verdi və 2015-ci ilin əvvəlində neftin qiyməti 4 dəfədən çox aşağı düşdü. Təbii ki, Azərbaycan da dünyanın bir parçasıdır və dünyada baş verən proseslərin ölkəmizin iqtisadiyyatına təsirsiz ötüşməsi mümkün deyil. Məhz bunun nəticəsi oldu ki, 2015-ci il fevralın 21-dən başlayaraq manatın məzənnəsində ucuzlaşma baş verdi. Ölkədə yaranmış belə iqtisadi vəziyyət hökumətin dərhal yeni addımlar atmasına zərurət yaratdı. Bununla əlaqədar ölkədə biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafına dövlət dəstəyini artırmaq məqsədilə Gömrük Məcəlləsində, Vergi Məcəlləsində müəyyən dəyişikliklər edildi. Dövlət başçısı müəyyən fəaliyyət növünə görə verilən xüsusi razılıqların və lisenziyaların sayının kifayət qədər azaldılması ilə əlaqədar tapşırıq verdi. Lisenziyaların verilməsində operativliyin və şəffaflığının təmin edilməsi ilə əlaqədar “bir pəncərə” sistemi tətbiq olunaraq “ASAN Xidmət”ə verildi. Sahibkarlıq subyektlərində iki il ərzində yoxlamaların dayandırılması ilə əlaqədar qanun qəbul olundu. Sahibkarların şikayətlərinin dərhal araşdırılması, şəffaflığın təmin edilməsi və sahibkarların hüquqlarının qorunması üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yanında Apellyasiya Şuraları yaradıldı. Ölkədə biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişaf etdirilməsi məqsədilə inqilabi dəyişikliyə səbəb ola biləcək qanunlar və qərarlar qəbul olunub. 

- Son vaxtlar ölkədə bir sıra bankların bağlanması və ya birləşdirilməsi prosesi gedir. Bu prosesə münasibətinizi bilmək istərdik.

- Təbii ki, özünü doğrulda bilməyən, işində müəyyən nöqsanları olan banklar bağlanmalı, konsolidasiya olunaraq daha iri maliyyə imkanlarına malik qurumlara çevrilməlidir. Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə dövlət ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə əlaqədar yüz milyonlarla manat güzəştli şərtlərlə kreditlər verir. Hesab edirəm ki, bu prosesdə banklar da yaxından iştirak etməli və iqtisadiyyatın real sektoruna güzəştli şərtlərlə kreditlər verməlidir. Bu təcrübə dünya praktikasında da mövcuddur və ancaq ölkə iqtisadiyyatının sürətlə inkişafına xidmət edəcək.

- Seçildiyiniz rayonda hansı sahibkarlıq sahələrinin inkişaf etdirilməsi üçün münbit şərait var?

- Azərbaycanda ölkəyə neftdən sonra ikinci yerdə valyuta gətirə biləcək sahə kənd təsərrüfatdır. Təmsil etdiyim Qusar rayonunun iqtisadiyyatının əsas istiqamətini də kənd təsərrüfatı təşkil edir. Sovetlər dövründə Qusarda 5 emal sənayesi müəssisəsi, 1 xalçaçılıq fabriki fəaliyyət göstərirdi. Qusarda yaxşı xalçalar toxunardı və rayona yaxşı gəlir gətirərdi. Amma müstəqilliyimizin ilk illərində həmin müəssisələr özəlləşdirildi və çox təəssüflər olsun ki, bu illər ərzində həmin müəssisələrin qapılarından qıfıl asılıb, avadanlıqlar da dağıdılıb, bəziləri isə fəaliyyət istiqamətini dəyişib. Kənd təsərrüfatında emal sənayesi ölkəyə ən çox gəlir gətirə biləcək sahədir. Həm də rayon insanlarının işlə təmin olunmasında böyük əhəmiyyətə malikdir. Cənab prezidentin Qusar rayonuna olan diqqət və qayğısı sayəsində Qusarda Şahdağ Qış-Yay İdman Kompleksi tikilib. Rayonumuzun xeyli sayda gənc sakini bu kompleksdə çalışır. Bununla yanaşı qeyd etmək istəyirəm ki, dağ turizmi mövsümi xarakter daşıdığından burada işləyənlərin çox hissəsi ilin isti fəsillərində işsiz qalır. Əgər rayonda heç olmasa bir iri konserv zavodu açılarsa, bunun işsizlik məsələsinin həllinə böyük köməyi olar. Həm də emal müəssisələri fermerlərin istehsal etdikləri məhsulların itkisiz tədarükünə imkan yaradar. Qusarda sənaye zonası, Aqropark yaratmaq olar. Aqroparkın yaradılması üçün rayonda  kifayət qədər kənd təsərrüfatı məhsulu istehsal etməyə imkanlar mövcuddur. Rayonda quşçuluğu inkişaf etdirmək üçün gözəl şərait var. Sadaladığım sahələrin Qusarda inkişaf etdirilməsi ilə əlaqədar tərəfimizdən hökumət üzvlərinə müraciət edilib.