Fransalı deputatlar Azərbaycanın energetika sektorunda görülən işlər barədə məlumatlandırılıb

Tarix : 2019/11/27 12:46     Kateqoriya : İQTİSADİYYAT    


	Fransalı deputatlar Azərbaycanın energetika sektorunda görülən işlər barədə məlumatlandırılıb

Energetika Nazirliyində Avropa İttifaqı Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycanla əməkdaşlıq məsələləri ilə tanış olmaq məqsədilə Bakıda səfərdə olan fransalı deputatlardan ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən bildirilib ki, iki ölkə arasında bir çox sahələrdə yüksək səviyyədə əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayan Energetika nazirinin müavini Samir Vəliyev Fransanın “Total” şirkətinin Azərbaycanın enerji sektorunda uzunmüddətli tərəfdaşlarından biri olduğunu deyib. Hazırda bu, eləcə də digər Fransa şirkətləri ilə bərpaolunan enerji mənbələri və enerji səmərəliliyi üzrə də əməkdaşlıq edilir.

Fransalı deputat Joaquim Pueyo isə Azərbaycanla Avropa İttifaqı arasında yeni hərtərəfli sazişin hazırlanması çərçivəsində enerji sahəsində görülən işlər, gələcək addımlar, eləcə də Paris Razılaşması üzrə Azərbaycanın götürdüyü öhdəliyin icrası ilə maraqlanıb.

Görüşdə Azərbaycanda energetika sahəsində islahatların həyata keçirilməsi istiqamətində görülən işlər, hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı hazırlanan qanun layihələri barədə məlumat verilib. Bildirilib ki, bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi Paris Sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə də öz töhfəsini verəcək.

Görüşdə Cənub Qaz Dəhlizi layihəsindən də bəhs edilib. Azərbaycanın Avropa İttifaqı ölkələri ilə sıx əməkdaşlıqda maraqlı olduğu və yenilənən sazişin münasibətlərin enerji də daxil olmaqla bütün sahələrdə inkişafını təmin edəcəyi qeyd olunub.

AZƏRTAC