Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı BƏT layihəsinin nəticələrinə həsr olunmuş konfrans keçirilir

Tarix : 2019/11/27 12:54     Kateqoriya : SOSİAL    


	Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı BƏT layihəsinin nəticələrinə həsr olunmuş konfrans keçirilir

Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Azərbaycanın kənd və şəhər ərazilərində layiqli əməyin və inklüziv iqtisadi artımın təşviqi vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında artan tərəqqi” adlı layihəsinin nəticələrinə həsr olunmuş konfrans keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “Faktat.az”-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), BƏT və digər təşkilatların nümayəndələri iştirak edir.

Konfransın açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nin icrası sahəsində Azərbaycanın əldə etdiyi nümunəvi uğurların Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətinin nəticəsi olduğunu vurğulayıb.

Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası sahəsində Azərbaycanın ardıcıl və sistemli yanaşma nümayiş etdirdiyini bildirən M.Kərimli Baş nazirin müavininin rəhbərlik etdiyi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyət göstərdiyini, cari ilin iyul ayında dayanıqlı inkişaf üzrə könüllü 2-ci milli hesabatın Nyu-yorkda uğurla təqdim olunduğunu deyib. M.Kərimli qeyd olunan Məqsədlərin icrası sahəsində BƏT-lə əməkdaşlıqdan bəhs edib. Bildirib ki, BƏT-in yeni gündəliyi Əməyin Gələcəyi üzrə Qlobal Komissiyanın 22 yanvar 2019-cu il tarixli hesabatına əsaslanır. Komissiya iqtisadi artım və inkişaf üçün İnsan yönümlü Gündəlik təklif edib. Əlamətdar haldır ki, Azərbaycan hökumətinin həyata keçirdiyi sosial siyasət də məhz bu prinsipə əsaslanır və əsasən 2 məqsədə - əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına və əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Nazir müavini xidmətlərin keyfiyyətinin artırılması sahəsində uğurlu nümunələr kimi DOST layihəsini, avtomatlaşdırılmış pensiya təyinatını, “e-sosial” portalını, “Məşğulluq” alt-sistemini qeyd edib. May ayında açılan ilk DOST mərkəzinin ötən dövrdə 50 mindən çox vətəndaşa xidmət göstərdiyini bildirib. O, Azərbaycanda həyat keyfiyyətinin artırılması ilə bağlı tədbirlərə nümunə olaraq, cari ildə minimum əmək haqqının 93%, minimum pensiyanın 72%, müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını, özünüməşğulluq proqramının genişləndirildiyini (cari ildə 10 min nəfər) diqqətə çatdırıb.

M.Kərimli ölkəmizdə Məşğulluq Strategiyasının hazırlanmasına, özünüməşğulluq proqramının tərtib olunmasına, Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılmasına BƏT-in dəstəyini, Azərbaycanın regionda BƏT üçün uğur nümunəsi olduğunu qeyd edib. Bildirib ki, gənclərin məşğulluğu, özünüməşğulluq və Üçtərəfli Komissiyanın yaradılması ilə bağlı ölkəmizin təcrübəsi BƏT tərəfindən müsbət təcrübələr kimi digər ölkələrə tövsiyə edilib. BƏT-lə əməkdaşlığımızda geniş potensiala malik olan mühüm bir sahə milli təcrübələrimizin ekspertlərimiz vasitəsilə digər ölkələrə ixrac olunmasıdır.

BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nin icrası ilə bağlı Azərbaycanın BƏT tərəfindən region üzrə fokus ölkə seçildiyini deyən nazir müavini qeyd edib ki, bununla bağlı, 2018-ci ilin may ayında Azərbaycan DİM-lərdən 8-ci Məqsədin həyata keçirilməsinə həsr olunmuş beynəlxalq konfransa ev sahibliyi edib. BƏT-in Baş direktoru ötən ilin 20-22 may tarixlərində ölkəmizə səfəri zamanı Azərbaycanda aparılan sosial-iqtisadi islahatları yüksək qiymətləndirib. Ölkəmizin beynəlxalq aləmdəki daim artan nüfuzu, son illərdə əldə edilmiş sosial-iqtisadi uğurları, həyata keçirilən səmərəli praktiki əməkdaşlıq sayəsində Azərbaycan (hökumət qrupu üzrə) BƏT-ə üzvlüyü ərzində ilk dəfə 2017-ci ilin iyun ayında BƏT-in İdarə Heyətinin üzvü seçilib.

M.Kərimli “Layiqli əməyin və inklüziv iqtisadi artımın təşviqi vasitəsilə DİM-in icrasında artan tərəqqi” adlı BƏT layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlərin DİM-lərin icrasına əsaslı töhfə verdiyini deyib.

Açılış hissəsində həmçinin Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin sosial məsələlər sektorunun müdiri Samirə Quliyeva, AHİK-in sədr müavini Cavanşir Alxasov, ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktor müavini Al Xaldi Xulud çıxış ediblər. Konfransın gündəliyinə “Azərbaycanda layiqli əmək, nailiyyətlər və gələcək fəaliyyət”, “Dayanıqlı İnkişaf Məqsədləri və yeni çağırışlar” mövzularında iclasların keçirilməsi, yerli və beynəxlaq mütəxəssislər tərəfindən çıxışların və təqdimatların edilməsi, müzakirələrin aparılması, tövsiyələrin verilməsi və s. daxildir.