18 tətil günündə itirdiklərimiz

Tarix : 2015/09/25 19:29     Kateqoriya : ARAŞDIRMA    


	18 tətil günündə itirdiklərimiz

Təqvimə nəzər yetirsək görərik ki, Azərbaycanda tətil günləri heç də az deyil. Ölkəmizdə rəsmi bayram günlərinin sayı ildə 18 gündür. Digər Avropa ölkələri ilə müqayisədə bu olduqca böyük bir rəqəmdir. Gəlin birlikdə bu barədə bəzi detallara  baxaq.

Avropa Birliyinə daxil olan ölkələrə nəzər yetirsək görərik ki, bu ölkələrin çoxunda rəsmi tətil günlərinin sayı ortalama hesabla 10 gündür. Birliyə daxil olan bütün üzv ölkələrinin qeyd etdiyi özəl rəsmi tətilləri isə yoxdur. Amma mədəniyyət baxımından bir-birinə yaxın olan ölkələrdə bir çox bayram və tətillər bir-biri ilə eynilik təşkil edir.

Amma Avropa Birliyinə daxil ölkələrin bəzilərində bu günlərin sayı çoxdur. İspaniya ildə 16, Yunanistan isə 15 rəsmi tətil günü keçirir. Bu ölkələrdən savayı, başqa ölkələrdə rəqəmlər aşağıdır. Hollandiya və Ruminya tətil mövzusunda ən şanssız ölkələr sırasındadır. Onlar ildə cəmi 9 gün  tətil edir. Avropa ölkələrinin rəsmi tətil günləri isə belədir: Fransa 10 gün, Rusiya 12 gün, İngiltərə 8 gün, Finlandiya 10 gün, Danimarka 9 gün, İsveçrə 9 gün.

Tətil günləri çox olan bir ölkədə yaşamağı kim istəməz?

Qeyd etdiyimiz kimi, Avropa ölkələri sırasında İspaniya və Yunanistanda rəsmi tətil günləri xeyli çoxdur. Amma daha ideal yerlər də var. Əgər siz tətilinizi uzun-uzadı yaşamaq istəyirsinizsə, Hindistana gedin. Kağız üzərində yalnızca 3 milli rəsmi bayramı olan Hindistanda, rəsmi tətil günlərinin sayı inanclara və bölgələrə görə dəyişir. Əgər Hindistanda yaşayırsınızsa, 30 rəsmi tətil gününüz var deməkdir.

Dünyanın bir çox yerində olduğu kimi, Orta Şərq və Ərəb yarımadasında da rəsmi tətillərə dini bayramlar istiqamət verir. Səkkiz rəsmi tətili olan Səudiyyə Ərəbistanın bir milli bayramı var və onlar ilin ilk günündə də tətil edirlər. Azərbaycandan fərqli olaraq ərəblər, Məhəmməd Peyğəmbərin mövludu, meracı, hicri təqvimin ilk günü və aşura günlərini də rəsmi tətil elan edirlər.

Amerikada isə rəsmi tətil günlərinin sayı 10-dur. Amerikada rəsmi tətil olaraq dini günlər Avropa ölkələri ilə müqayisə aparıldıqda daha az yer alsa da, milli bayramların çoxluğu nəzərə çarpır. Ayrıca, eyni qitədə yer alan Brazilya 10 gün, Meksika 7 gün, Argentina 12 gün rəsmi tətil edir.

Tətil günlərinin çox olması bizim üçün müsbət hal ola bilər, bəs bunun ölkə iqtisadiyyatına təsiri necədir?

Bununla bağlı ATV.az-a məlumat verən iqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, bayram günlərinin sayını çoxaldan ən mühüm amil, bayram günlərinin bəzən həftənin son günlərinə - şənbə və bazara düşməsidir: “Tətil günləri, başqa sözlə desək, rəsmi olaraq qeyri-iş günləri təqvimdə bayram günləri ilə əlaqədar yaranır. Bu məsələ qanunvericilikdə təsbitini tapıb və heç nə kortəbii həyata keçirilmir. O ki qaldı sözügedən günlərin sayının çox və yaxud az olmasına, hər bir xalqın və millətin - ölkənin öz bayramları olur. Bunların sırasında ümumi xarakter daşıyanı da olur, milli də. Məsələn, yeni ili dünyanın əksər xalqları və ölkələrində qeyd edirlər. Qurban və Ramazan bayramlarını isə yalnız müsəlman ölkələri qeyd edir. Düzdür, Azərbaycanda müvafiq bayramlarla əlaqədar yaranan qeyri-rəsmi iş günlərinin sayı çoxdur. Bunların sayını çoxaldan ən mühüm amilsə bayram günlərinin bəzən, həftənin son günlərinə - şənbə və bazar günlərinə düşməsidir. Bununla əlaqədar olaraq da bir çox hallarda 3-4 gün ardıcıl olaraq qeyri-iş günü yaranır”.

Ekspert bildirdi ki, qeyri-iş günlərinin sayının çox olmasının iqtisadiyyata zərərini çox da şişirtmək lazım deyil: “Əvvəla, iqtisadiyyatın böyük bir hissəsi özəl sektora məxsusdur. Bu gün ölkəmizdə istehsal olunan ÜDM-in az qala 95 faizdən çoxu özəl sektora aiddir. Söhbət isə rəsmi olaraq qeyri-iş günlərindən gedir. Özəl təsərrüfat subyektləri mövcud vəziyyətlərinə əsasən bayram günləri həftənin son günlərinə - şənbə və bazar günlərinə düşərkən, heç də ardıcıl olaraq 3-4 günü istirahətdə olmurlar və əslində, olmalı da deyillər. Məsələn, əksər xidmət sahələri fəaliyyət göstərməlidir. Xüsusən də, bank sektoru işlək vəziyyətdə olmalıdır. İkincisi, iqtisadiyyatın baxır hansı sahələrində iş dayanır. Bütövlükdə, iqtisadiyyatda fəaliyyət dayana bilməz. Çünki tələb və təklif tandemi daim işlək vəziyyətdə olur. Belə ki, əhali hərəkətdədir. Alqı-satqı prosesi davam edir, xidmət sektorundan istifadə edilir və sair. Odur ki, bazar sistemi şəraitində hər kəs, necə deyərlər, cibinin diqtəsinə uyğun işini qurur və hərəkət göstərir. Hansı sahədəki tələb təklifi üstələyir, orada həmişə iş müşahidə edilir və təklifin genişləndirilməsi istiqamətində fəaliyyət görünür”.